Korpus komandiri Rövşən Əkbərov Səfər Əbiyevə sərt mesaj yolladı, sabiq nazirin gedişindən generalların məmnun olduğunu dedi; Zəfər Quliyev: “Prezident həm cəmiyyətə, həm də xarici qüvvələrə mesaj göndərdi ki, “buranın sahibi, ağası mənəm”
Üçüncü dönəmdə prezident səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin tərkibinin məhz bu şəkildə formalaşdırılması bir çox müşahidəçilər üçün gözlənilməz oldu. Hesab olunur ki, seçkidən sonra ən azı cəmiyyətdən və Qərbdən yönələn təpkilərin səngiməsi üçün hakim komandada ciddi kadr islahatlarına gediləcəyi barədə gözləntilər istisnaları çıxmaq şərtilə özünü doğrultmadı…
Dəyişikliklər çox da böyük deyil, həmçinin yeni təyinat alanlar heç də yeni simalar deyillər, əvvəllər də digər vəzifələri tutublar: prezidentin sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Füzuli Ələkbərovu, daxili qoşunların komandanı Zakir Həsənov Səfər Əbiyevi əvəzləyib. Digər sərəncamla Rauf Vəliyev Aydın Bəşirovu əvəzləyərək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri vəzifəsinə təyin edilib. Xatırladaq ki, prezident Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb.
Daxili Qoşunların mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, Z.Həsənovun vəzifəsini daxili qoşunların qərargah rəisi, general-mayor Şirin Xəlilov icra edəcək.
DXDG-nin sabiq rəisi Aydın Bəşirov publika.az-a eksklüziv açıqlamasında “Hər şey normaldır, cənab prezident bildiyini edib. Məsələni şişirtməyə ehtiyac yoxdur” deyə açıqlama verib.
18 ildən çox müdafiə naziri olmuş Səfər Əbiyev “Mediaforum”un “Yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz” sualına cavabında “Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur” deməklə kifayətlənib.
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov modern.az-a hazırda gərgin iş rejimində çalışdığını bildirib. Bir-birinin ardınca təbrik zəngləri aldığını deyən S.Müslümov geniş açıqlama verə, danışa bilməyəcəyini söyləyib: “Çox üzr istəyirəm. Amma bu gün danışa bilməyəcəyəm. Gərgin iş rejimində çalışıram. Yanımda da çoxlu adam var”.
Eks-nazir F.Ələkbərov isə sayta deyib: “Qərar qəbul olunub. Prezidentin qərarına çox hörmətlə yanaşıram. Mən cənab prezidentə daim sədaqətli olmuşam, bundan sonra da bu siyasi kursa sadiq olacağam. Başqa heç nə deyə bilmərəm”.
musavat.com