“Əmim bizi məcbur etdi ki, gedək dilənək”
Bu gün paytaxtın əksər küçələrində dilənən azyaşlı uşaqlara rast gəlinir. Adətən, “uşaqlar bizim gələcəyimiz”dir deyirlər. Belə həyat tərzi keçirən uşaqların gələcəyinin parlaq olacağı isə sual altındadır. Araşdırmalar göstərir ki, dilənən azyaşlılar əksərən ya ailənin sosial çətinliyini aradan qaldırmaq üçün küçələrdə pul qazanır, ya da məcburi əməyə cəlb olunurlar. Bu cür uşaqlara daha çox metronun “20 yanvar”, “Memar Əcəmi”, “Koroğlu” stansiyaları, “8-ci kilometr bazarı” yaxınlığında rast gəlinir.
Bu uşaqların həyat hekayətlərini dinləmək üçün onlarla həmsöhbət olduq. Avtobusda gedərkən iki – biri qız, o biri də oğlan uşağı olan dilənçi ilə rastlaşdıq. Əyinlərində çirkli paltar, üzlərindən yorğunluq yağan bu uşaqlardan biri elə yanımda əyləşdi. “Neftçilər”dən dilənmək üçün “Xalqlar dostluğu”na üz tutan bu balacaların birinin adı Zəhra, digərinin isə adı Akif idi. Zəhra 7 yaşı olduğunu dedi. Zəhra polis onları buradan qovduğu üçün bazara dilənməyə getdiklərini dedi: “Əgər axşama kimi 50 manat yığa bilməsək, əmim bizi döyəcək. Polislər də imkan vermədilər ki, ”Neftçilər”də dilənək”.
Uşaq bu sözləri demişdi ki, qardaşı – 10 yaşlı Akif onun qoluna yumruq vurdu və danışmamasını tələb etdi. Çətinliklə uşaqları sakitləşdirmək mümkün oldu. Daha sonra Akif özü danışmağa başladı. O, ata-anası öldükdən sonra əmisinin himayəsinə keçdiklərini dedi: “3 il əvvəl atamla anam qəzaya düşüb öldülər. Bizə əmim baxırdı. Əmimin yoldaşı bizə dedi ki, gedin öz pulunuzu özünüz qazanın. Bir az əmimin işlədiyi kafedə işlədim. Sonra da əmim mənə dedi ki, gedin dilənin. Dilənçilikdə çox pul var. Hər gün bizə müəyyən məbləğ qoyur. Axşam ondan az pul yığsaq, yemək vermirlər”.
Mənzil başına yaxınlaşanda uşaqların şəklini çəkmək istəsək də buna imkan vermədilər və avtobusdan düşərək qaçdılar…
Elə uşaqlar var ki, onların heç sığınacaq yerləri də yoxdur. Onlar yayın istisində, qışın soyuğunda küçələrdə, tikintidə, avtobus dayanacaqlarında yatmağa məcbur olurlar. Bazarın yaxınlığında qarşılaşdığımız növbəti “qəhrəmanımız” da bu cür uşaqlardandır. Adının Tural olduğunu deyən 12 yaşlı bu oğlan nə oxumağı, nə də yazmağı bilir. Bizə yaxınlaşıb pul istədi. Ona pul verib, bununla nə edəcəyini soruşduq. Ümumiyyətlə, indiyədək məktəbə getmədiyini deyən bu balaca artıq 6 aydır ki, Bakının küçələrində qaldığını dedi: “Bu pulları yığıb anama verəcəyəm. Biz bu pulla rayonda evimizi tikəcəyik. Biz anamla gəldik ki, Bakıda dilənib pul yığaq və Ağdaşdakı evimizi tikdirək. Çox vaxt gecəni anamla dəmiryol vağzalında keçiririk. Pulu atama göndəririk, atam orda material alır və evi tikdirir. Artıq bitməsinə az qalıb”.
Uşağın evlərinin nə vaxtsa tikiləcəyi, isti dam altında yaşayacağı ehtimalı sevindirsə də, gözlərindəki dərin hüznü və yorğunluğu gizlədə bilmirdi.
5-6 yaşlarında olan bir balaca qızcığaz isə dilənməyinin səbəbini heç nə ilə izah edə bilmədi: “Elə-belə dilənirəm. Xoşum gəlir dilənməkdən”.
Elə bu sözləri demişdi ki, orta yaşlı dilənçi qadın uşağı dərhal yanına çağırdı. Qadına yaxınlaşıb uşağını niyə diləndirdiyini soruşduq. Əvvəlcə cavab vermək istəməsə də, sonradan ürəyini açan 35 yaşlı Məlahət buna məcbur olduğunu dedi: “Elə bilirsiniz mənim xoşuma gəlir uşağımı diləndirmək?! Ehtiyacım olmasa bunu etmərəm. Bundan başqa 2 azyaşlı uşağım var. Vaxtı ilə ailəmin sözünə baxmayıb tanımadığım biri ilə ailə qurdum. Sonum da bu oldu. Məni 3 uşağımla atıb getdi. Ailəm də məndən üz döndərdiyi üçün məcbur oldum dilənməyə. Uşağımın biri xəstədir. Övladlarımı ata da bilmərəm. Allah böyükdür. Bir gün şans bizim də üzümüzə güləcək”.
Anası ilə yol gedən bir uşağı göstərən Məlahət “mənim qızımın o uşaqdan nəyi əskikdir” – dedi…
Digər zavallı bir uşaqla isə “Memar Əcəmi”də rastlaşdıq. Əlində bir resept olan bu uşaq az qalırdı ki, ağlasın. O, “ay camaat anam xəstədir, pula ehtiyacımız var. Vallah yalan demirəm” deyərək titrək səsi ilə yalvarırdı. Kimisi uşağa 10-20 qəpik verir, kimisi isə yanından etinasız keçirdi. Uşağa yaxınlaşıb ona anasının xəstəliyinin nə olduğunu soruşduq. Əvvəlcə yalan danışsa da, sonradan doğrunu dedi: “Əslində anam xəstə deyil. Ümumiyyətlə anam rəhmətə gedib. Yemək ala bilmək, yaşamaq üçün dilənirəm. Bir atam var, bir də bacım. Atam da dilənir. Onun ayağında problem var. Amma bacımı dilənməyə qoymuram. O hələ balacadır. Həm də ki, istəmirəm mənim çəkdiklərimi çəksin. Bu cür yalvarmağı atam öyrədib. İşə də yarayır, onda daha çox pul verirlər. Ən çox polislərdən qaçıram. Çünki metroda, ya da avtobusda polis məni və mənim kimiləri tutanda pulumuzu əlimizdən alır”.
Uşağa “məktəbə getmək, normal həyat tərzi sürmək istəməzsənmi” deyərək sorduğumuzda o acı bir gülümsəmə ilə “mənim alın yazım budur: küçələr və dilənmək” deyərək uzaqlaşdı…
Biz gələcəyimiz olan bu cür acı talelər yaşayan uşaqların sadəcə olaraq bir neçəsinin həyatını qələmə almağa çalışdıq. Bundan da pis vəziyyətdə olan, bəlkə də soyuqdan hansısa küçədə titrəyərək həyatının son anlarını yaşayan minlərlə bu cür uşaqlar var. Acı da olsa, zəngin neft ölkəsində bu cür uşaqların sayı saymaqla bitmir.
musavat.com