Müasir dövrdə hər bir ictimai, siyasi, kriminal əməlin adı, müxtəlif məcəllələrdə tövsif olunma şəkli var. Bundan çıxış edərək son günlər Rusiya və Azərbaycanın gündəmini zəbt etmiş “Orxan Zeynalov çılğınlığı”na rəy vermək olar.
Moskvalı Yeqor Şerbakovun öldürülməsi məişət zəminində qətldir. Hamı bununla razılaşır. Onu Orxan Zeynalovun öldürmüş olması ehtimalı da yüzdə doxsan doqquzdur. Bütün dəlillər onun əleyhinədir.
Ancaq burada situasiyaya baxış haçalanır. Ruslar Zeynalovun qatil olduğunu yüzdəyüz əminliklə vurğulayır və onu cani adlandıraraq təqsirsizlik prezumpsiyasını tapdayırlar. Onlar o qədər də düz hərəkət etmir.
Biz isə əksinə, dərhal təqsirsizlik prezumpsiyasına istinad edirik və qətlin Zeynalov tərəfindən törədilmiş olmasını şübhə altına alırıq. Hər halda, bu xüsusda hazırlanan media materiallarında “Yeqor Şerbakovun qətlində günahlandırılaraq şübhəli şəxs kimi saxlanılan” ifadəsi qırmızı xətlə keçir.
Biz də düz etmirik. Burada xəfif də olsa tərəfkeşlik var. Bu qətli özbək Əbdülrəzzaq və ya erməni Manuçar törətmiş olsa, biz “şübhəli şəxs” yazmazdıq, lakonikliyə önəm verib birbaşa “qatil” yazardıq. Demək, Zeynalovun azərbaycanlı olması bizim obyektivliyimizə təsir edib ki, lakonik yazmaqdan vaz keçirik. Burada yüngül şovinizm elementi var.
Rusiya mediasının, eləcə də “dazbaşlar”ın Zeynalova, həm də bu hadisənin törənməsində zərrə qədər günahı olmayan miqrantlara qarşı aqressiyası isə sırf və qatı şovinizmdir. Şerbakovu öldürən şəxs Drınov olsaydı, onlar buna görə onun işlədiyi, yaşadığı məkana hücum etməyəcəkdilər. Hətta Şerbakovu öldürən şəxs milli mənşəcə slavyan xalqlarından (deyək ki, ukraynalı, belorus və s.) olsaydı, bu qətl yenə də ajiotaj doğurmayacaqdı.
Rusiyalı xüsusi təyinatlı polislərin Zeynalovu həbs etmək tərzi insan haqlarına dair beynəlxalq konvensiyaların kobudcasına tapdanmasıdır. İşgəncə, insan ləyaqətini alçaltma görüntülərinin lentə alınıb on milyonlarla insana nümayiş etdirilməsi isə bu pozuntunu ikiyə qatlayır.
Həm Rusiya polislərinin, həm Rusiya mediasının, həm də başının qırxıq və saçlı olmasından asılı olmayaraq aqressiv fəalların hərəkətində millətlərarası nifaqın qızışdırılması cinayətinin tərkib hissəsi var.
Göründüyü kimi, adi bir qətlə görə 15 gündür ki, millətlərarası müstəvidə gərginlik hökm sürür, bu zəmində bir neçə qətl və kütləvi döyülmə hadisəsi qeydə alınıb. Demək, bunu qızışdıranlar var.
Azərbaycanlıların, eləcə də digər millətlərdən olan miqrantların bu və ya digər şəkildə (qanuni və qanunsuz) Rusiya ərazisindən çıxarılması, onların “könüllü” olaraq köçməyə məcbur edilməsi deportasiya aktıdır. Əgər bu deportasiya aktları başqa millətlərdən olan Rusiya vətəndaşlarını da əhatə edəcəksə (belə bir təhlükə mövcuddur), bu genosid cinayətinin tərkibinə aid olan zorakı köçürmə cinayəti sayılacaq.
Orxan Zeynalovun Azərbaycanda müdafiə olunmasına gəlincə, bu, yalnız insan haqları müstəvisində mümkün ola bilər. Adamın qatil olduğu sübut olunarsa (bu ehtimal da olduqca yüksəkdir), demək, o, cəzasını layiqi ilə çəkməlidir. Eyni cinayəti öz ölkəsində törətsəydi, cəzadan kənarada qalacaqdımı? Əlbəttə, yox. Onun qurbanının başqa bir millətdən olması adamın günahını zərrəcə azaltmır.
Sadəcə, ola bilər, bu qətldə yüngülləşdirici xüsusatlar var. Yəni ortaya çıxsa ki, Yeqor Şerbakov neo-faşist təşkilatlardan birinin üzvü olub və ilk olaraq özü Zeynalova hücum edib, onda məsələyə ədalətli yanaşarlarsa, Orxanın cəzası fərqli ola bilər.
Hazırda ruslarda belə bir rəy var ki, Azərbaycanda hökumət də, müxalifət də, ictimaiyyət və media da yekdilliklə Zeynalovu müdafiə edir. Belə deyil. Bu rəyin formalaşmasında ermənilər çox canfəşanlıq göstərir, Ramil Səfərov presedentinə vurğu edirlər. Amma O.Zeynalovla R.Səfərovun vaqiəsi arasında olduqca böyük fərqlər var.
Bu məsələdə Azərbaycan tərəfinin can atdığı yeganə şey o ola bilər ki, ruslar Zeynalovu mühakimə edərkən cəzasını sırf azərbaycanlı olduğuna görə sərt etməsinlər, rus qatillərə cəza verəndə hansı mülahizələri əsas götürürlərsə, ona da elə yanaşsınlar.