Qubernator: “İlin sonunadək bazarların hamısı bağlanacaq…”
Moskva Dairəvi Avtomobil Yolu boyu yerləşən bütün bazarlar ilin sonunadək bağlanacaq.
Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, bu barədə Moskvaətrafı regionun qubernatoru Andrey Vorobyov regional hökumətin iclasında bildirib.
“Moskva Dairəvi Avtomobil Yolu boyu 22 bazar olub. İndiyədək onların 16-ı bağlanıb, qalanları da bu ilin sonunadək bağlanacaq” – deyə Vorobyov bəyan edib.
Sökülmək üçün növbə gözləyən 6 bazar bunlardır: “Avtomol”, “Vladimirskiy trakt”, “Kuntsevo-2”, “Kaşirskiy dvor-3”, “Mıtışinskaya yarmarka”, “Texnoservis”.
Müşavirədə bildirilib ki, Moskvaətrafı regionda üst-üstə 438 parakəndə satış bazarı var, onlardan 350-i qanunsuzdur. Çünki kapital tikililərdə yerləşməyiblər.
Qubernator tapşırıq verib ki, bazarlarda reydlər həftədə bir dəfə yox, hər gün keçirilsin və reydlərin qrafiki ona təqdim olunsun. Vorobyov hüquq-mühafizə orqanlarının keçirdiyi reydlərin effektinin olmadığını da deyib. Bildirib ki, bazarlarda yoxlamalar planlaşdırılmış yox, spontan olmalıdır.
Qeyd edək ki, Moskvada satıcılarının çoxu Azərbaycandan olan iri “Sadovod” topdansatış-parakəndə ticarət mərkəzi də Moskva Dairəvi Avtomobil Yolunun 14-cü kilometrliyində yerləşir. Ötən həftə Moskva meriyası bazarın sökülməsi və yerində müasir ticarət mərkəzinin tikintisinə dair qərar çıxarıb.
Bu gün isə OMON növbəti dəfə “Sadovod”da miqrantlara qarşı reyd keçirərək 1500-ə yaxın adamı saxlayıb. Onların arasında xeyli azərbaycanlı da var.
“Sadovod” bazarının bağlanmasına dair indiyədək dəfələrlə çağırışlar səslənib. Bazarın mülkiyyətçiləri Rusiya prezidentinin tələbəlik dostu olmuş İlham Rəhimov və onun əslən Qubadakı Qırmızı Qəsəbədən olan yəhudi ortaqları, milyarderlər Zarah İliyevlə Qod Nisanovdur. Belə görünür ki, “Sadovod”un yerləşdiyi ərazinin icarəçiləri onu sökərək yerində müasir ticarət mərkəzi tikməyə razılaşıblar.