Onun bank olmayan kredit təşkilatının fəaliyyəti, maliyyə mənbələri ilə bağlı yoxlamaların başladığı bildirilir
Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun vəzifədə olduğu illər ərzində çoxşaxəli korrupsiya əməliyyatları həyata keçirməsi haqda mediada zaman-zaman yazılıb. Xüsusilə Xəzərdə neft daşınması sahəsində həyata keçirilən oyunlar ona milyonlarla manat qazanc gətirib. Təsadüfi deyil ki, A. Bəşirov işden çıxarılan ərəfədə “Naftalan” tankerinin heyəti həbs edildi, həmin laynerdə mənbəyi, hara aparıldığı bilinməyən neft məhsulları aşkarlandı.
Həmçinin Baş Prokurorluq A. Bəşirov vəzifədən azad ediləndən sonra “İslam Səfərli” gəmisinin qanunsuz yük daşıması, korrupsiya əməliyyatları ilə bağlı məlumat yayıb və həmin gəminin rəhbər heyətinin barəsində cinayət işi başlanılıb. Bu məlumatlardan dolayı A. Bəşirovun özünün də məsuliyyətə cəlb edilə biləcəyi haqda iddialar səslənir.
Bununla yanaşı, redaksiyamıza onun korrupsiya yolu ilə əldə etdiyi milyonları dövr etdirdiyi strukturların təftiş edilməsi haqda maraqlı məlumatlar daxil olub. Xəbərə görə, de-fakto Aydın Bəşirova məxsus olan, onun yaxınlarının idarə etdiyi “Merkuri” bank olmayan kredit təşkilatının fəaliyyəti artıq nəzarətə alınıb. Bu haqda məlumatı verən mənbə bildirib ki, Bəşirov digər oliqarxlar kimi, əldə etdiyi milyonları dövr elətdirmək üçün bank açmağa çalışıb, ancaq buna nail ola bilməyib: “Bir neçə il idi ki, Aydın Bəşirov bank açmaq istəyirdi. Ancaq ona yalnız bank olmayan kredit təşkilatı yaratmaq imkanı verilmişdi. Onun korrupsiya yolu ilə topladığı milyonlar burada dövr edirdi. Kredit təşkilatı faktiki olaraq 10 milyon manatdan artıq vəsaiti bu müddət ərzində vətəndaşlara kredit şəklində verib. Bu, çox sadə və asan yolla çirkli pulların yuyulduğu, dövr etdirildiyi mexanizmlərdən biridir.
Guya həmin təşkilatın investorları, sərmayədarları var. Onlar hamısı formal şəxslərdir və burada dövr etdirilən məbləğlər Aydın Bəşirova məxsusdur”. Qaynağın deməsinə görə, A.Bəşirov vəzifədən azad ediləndən sonra “Merkuri”də təftişlər başlayıb: “Heç şübhəsiz ki, həmin təşkilatı onun əlindən alacaqlar, çünki burada çox böyük pullar toplanıb və vətəndaşlara verilən kreditlər hesabına hər ay 1 milyon manatdan çox gəlir əldə olunur. Bir qayda olaraq Azərbaycanda vurulan məmur-oliqarxların əlində bu boyda maliyyə rıçaqları qalmasına imkan verilmir”.
musavat.com