“Azərbaycanın özünün işğaldakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası bu silahlı münaqişəyə cəlb oluna bilər”.
Virtualaz.org xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Krasnaya zvezda” qəzetinə müsahibəsində Rusiyanın Gümrüdəki (Ermənistan) 102-ci hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinski deyib.
A.Ruzinskinin sözlərinə görə, hərbi bazanın məsul olduğu zonadakı hərbi-siyasi vəziyyət gərgin olaraq qalır: “Buradakı vəziyyət sabitliyi pozmağa xidmət edəcək bir sıra amillərin mövcudluğu ilə səciyyələnir. Həmin amillər isə erməni-azərbaycanlı münaqişəsinin qızışmasının mümkünlüyü ilə bağlıdır. Azərbaycan rəhbərliyi Dağlıq Qarabağı güc yolu ilə azad etmək qərarı versə, 102-ci hərbi baza Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq bu münaqişəyə cəlb oluna bilər. Bəzi hökumətlərarası sazişlərə görə, hərbi baza dinc şəraitdə başqa funksiyaları yerinə yetirir. Belə ki, hərbi baza strateji balansın vəziyyətə nəzarət edir, hava hücumundan müdafiə sistemləri üzrə döyüş nöbvəsində dayanır və Rusiya Federal Təhlükəsizlik Xidmətininın Ermənistandakı regional sərhəd idarəsinin dəstələrinə hərbi dəstək verir”.
A.Ruzinski qeyd edib ki, 102-ci hərbi baza hərbi-strateji vəziyyətə ləngimədən müdaxilə etmək üçün daimi hazırlıq vəziyyətində olan qoşun birləşməsidir: “Onun tərkibinə 13 döyüş bölməsi, əlavə olaraq 17 hərtərəfli hərbi dəstək bölməsi daxildir. Bu həcmdəki hərbi güc bu qoşun birləşməsinin üzərinə qoyulan istənilən vəzifəni uğurla yerinə yetirməyə imkan verir. Ermənistandakı rus hərbi bazasının döyüş heyətinə “S-300V” ZPK ilə təchiz olunmuş zenit-raket divizionu, ZPK BUK M1-2 silahları ilə təchiz edilmiş zenit-raket divizionu, “Smerç”lə təchiz olunmuş reaktiv artilleriya batareyası və “MiQ-29” döyüş təyyarələrindən ibarət eskadrilyaya malik aviasiya bazası daxildir. Bütün bunlar hərbi bazaya məxsus iki qarnizonun 20-dək hərbi şəhərciyində yerləşdirilib”.
Çox maraqlıdır ki, polkovnik Ruzinskinin bəyanatı Rusiya Müdafiə Nazirliyi tərəfindən təkzib və ya inkar edilməyib. Baxmayaraq ki, KTMT rəhbəri Nikolay Bordyuja dəfələrlə deyib ki, Dağlıq Qarabağ KTMT-nin cavabdehlik zonası deyil. Belə ki, bura de-yure Azərbaycanın ərazisidir.