Elsevər və Əziz Aslanovların işdən çıxarılacağı gözlənilir; klanın başındakı qardaşı həbs gözləyir
“İşdən qovulan kənd təsərrüfatı naziri Aslan Aslanovun qardaşları Bakıya çağrılıb. Böyük ehtimalla, vəzifəli məmurlar olan qardaşları işdən qovacaqlar…” Bu barədə musavat.com-a hakimiyyətə yaxın qaynaqlar danışıb. Onların iddiasına görə, Daşkəsən rayonunun polis rəisi olan Elsevər Aslanov və Gəncə şəhər Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin sədr müavini Əvəz Aslanov müvafiq qurumların rəhbərləri tərəfindən işdən uzaqlaşdırılmaqlarına dair xəbər və əmrlərini alacaqlar. Eyni zamanda, onlara öz rəhbərlikləri tərəfindən ciddi xəbərdarlıq ediləcək – əgər hər hansı bir etiraz, sabotaj və başqa hərəkətlər edərlərsə, amansız cəzalandırılacaqlar.
Məlum olduğu kimi, Aslanov Aslan Əli oğlu son illər Kənd təsərrüfatı nazirliyində müavin işləsə də, əslində Azərbaycan Ordusunda kök salmış hərbi mafiyanın başçılarından biri idi. Sabiq nazir Səfər Əbiyevlə dostluq və kirvəlik əlaqələri əsasında o, ordunun kadr siyasətində və təchizində, o cümədən də korrupsiya, talan və rüşvət hərəkətlərində mühüm fiqurlardan birinə çevrilmişdi.
Aslan Aslanov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olarkən də bir çox cinayət əməlləri törətmiş, lakin Səfər Əbiyevin timsalında qüdrətli himayəçisi olması səbəbindən məsuliyyətdən yayına bilmişdi. Bu məmur o qədər harınlamışdı ki, hətta Şəmkirdəki böyük bir kəndin adını dəyişdirərək, oraya atasının adını vermişdi.
Onun Müdafiə Nazirliyi sistemində qurulan mafiyanın başına gətirilməsi də Səfər Əbiyevin planı idi. S. Əbiyev gizli rüşvət işlərində, korrupsiya əməllərinin bir qismini həyata keçirtməkdə və orduya dövlət büdcəsindən ayrılan vəsaitlərin talan edilməsində ən etibarlı adamı kimi A. Aslanovdan maksimum istifadə edib. Bu səbəbdən də, Aslan və onun bütün çevrəsi böyük sərmaye toplaya, öz şəbəkələrini qura biliblər. Görünür, iqtidardakılar narahatdır ki, Aslanovlar şəbəkələrindən və əllərindəki böyük sərmayedən istifadə edərək, Şəmkirdə, eləcə də ona yaxın olan bölgələrdə sabotaj, üsyan və başqa cəhdlərdə buluna bilərlər.
Bu narahatçılıq həm də ondan qaynaqlanır ki, Aslanovlar tayfasının rəhbəri olan Aslan Aslanovun yaxın günlərdə həbsi planlaşdırılır. Onun klanının və çevrəsinin bu hadisəyə reaksiyasının sakit olması iqtidarın işinə yarayır. Bu səbəbdən də Aslan Aslanovun digər qardaşları Bakıya çağırılaraq, xəbərdarlıqlarını alacaqlar.
musavat.com