Türkiyədə Hakim Ədalət və İnkişaf Partiyasının qəbul etdiyi qərara əsasən Türkiyədə hicaba qoyulan qadağa təmamilə aradan qaldırıldı. Artıq Türkiyə Parlamentinə 4 qadın başı bağlı gəlib. Bu isə etirazlarla nəticələnib.
Qadağa 1923-cü ildə qatı dünyəvilik prinsipləri əsasında qurulmuş Türkiyə Cumhuriyyətinin erkən günlərindən etibarən tətbiq olunurdu. Habelə sentyabr ayından bəri baş nazir Rəcəb Tayyip Ərdoğanın demokratiyanı gücləndirmə təşəbbüsü ilə aparılan islahatlar çərçivəsində hökumət binalarından qadınların baş örtüyü geyməsilə bağlı məhdudiyyətlər qismən aradan qalxıb. Baş örtüyü qadağası hələ ki, hakimlər, prokurorlar, hərbçilər və təhlükəsiz sahəsində çalışan qadınlar üçün qüvvədə qalır. Türkiyə Böyük Millət Məclisinin ötən günkü iclasına isə Hakim Ədalət və İnkişaf Partiyasından olan 4 qadın millət vəkili parlament iclasına baş örtüyündə gəlib.
AKP partiyasından olan deputat Öznur Çalık: “Təəssüflər olsun ki, Türkiyə Cumhuriyyətinin 90 illik tarixi ərzində qadınlar hər zaman pərdələr arxasında, pəncərələr və qapılar arxasında çalışıb. Habelə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra qadınlar səslərini qaldırmağa başladı və cəmiyyətdə gözə görünməyə başladı. Hazırda qadınlar Parlamentdə 14.2 faizlə təmsil olunur”.
Artıq bir dəfə 1999-cu ildə seçkilər yolu ilə Parlamentə mandat qazanmış deputata Merve Kavakçı baş örtüyündə Milli Məclisə gələrək and içməyə cəhd etmişdi. Bu zaman Parlamentdə böyük qalmaqal yaşanaraq deputat qadın məclisi tərk etmək məcburiyyəində qalmışdı. Bu dəfə isə daha 4 millət vəkilinin Parlamentə baş örtüyündə gəlməsi reaksiyalarsız ötüşüb. Müxalifətdən olan deputatlar, baş örtüklü qadınlara qarşı hər hansı addım atmamağı qərara alıb.
Respublika Xalq Partiyasının deputatı Binnaz Toprak: “Qrup şəklində iclas keçirdik, fikir mübadiləsi apardıq və birgə qərar qəbul etdik. Qərara aldıq ki, baş örtüyü geyinmiş millət vəkillərinə qarşı şəxsən hər hansı ölçü götürməyək. Bunu Merve Kavakçı insidentinə çevirən deyilik”.
Türkiyə Böyük Millət Məclisində olan deputatlardan fərqli olaraq Anadolu Qadın Hərəkatı və Respublika qadınları Dərnəyi AKP deputatlarının məclisə baş örtüyündə gəlməsinə etiraz ediblər. Parlamentin binası qarşısında toplaşan etirazçılar 4 millət vəkilinin bu hərəkətinə öz iradlarını səsləndiriblər. Anadolu Qadın Hərəkatının rəhbəri Birsen Temiz qrup adından açıqlama ilə çıxış edib. Deputatların seçildikdən sonra başı açıq gəldiklərini deyən Temiz, həmin deputatların bu vaxta qədər heç bir vaxt qadın problemləri ilə maraqlanmadığını dilə gətirib.
http://youtu.be/HTHF1DLvVXc