Prezidentin sərəncamı ilə əfv olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyevin harada olduqları və nə işlə məşğul olduqları hələ də sual altındadır.
Yalnız həbsxanadan çıxdıqları gün görünən Əliyev qardaşlarının indi harada olduqlarını heç kəs bilmir.
“Qafqazinfo” xəbər verir ki, Fərhad Əliyevin keçmiş vəkili Elton Quliyevin “Yeni Müsavat”a verdiyi açıqlamaya görə, o da Fərhad və Əliyev qardaşlarının harada və nə işlə məşğul olduqlarından xəbərsizdir: “Telefon nömrələrini bilmirəm. Həbsdən çıxandan sonra onlarla elə bir münasibətim olmayıb. Ona görə dəqiq deyə bilmərəm ki, haradadırlar”.
Onu da qeyd edək ki, bu yaxınlarda avropa.info saytı Fərhad Əliyevin bundan sonra müəllim kimi çalışacağı ilə bağlı məlumat yaymışdı. Məlumatda deyilirdi ki, Fərhad Əliyev Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərəcək.
F.Əliyev həbs edildikdən sonra əlində qalan biznesinin idarəçiliyi ilə paralel olaraq Dövlət İqtisad Universitetində müəllim kimi çalışmasına isti yanaşır. Xəbərdə o da qeyd olurdu ki, bu barədə artıq onun özünə təklif irəli sürülüb və sabiq nazir də bununla razılaşıb.
Həmçinin bildirilirdi ki, İqtisad Universitetində müəllim kimi çalışmaq qərarını verməklə F.Əliyev öz reputasiyasının bərpa etməyi və gələcək perspektivləri göz altına alıb.
Qeyd edək ki, 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Fərhad və Rafiq Əliyevlər sonradan iqtisadi cinayətlərdə də təqsirli bilinmişdilər. Məhkəmə əmlakları müsadirə olunmaqla Fərhad Əliyevi 10 il, Rafiq Əliyevi isə 9 il azadlıqdan məhrum etmişdi.