Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü, deputat Qənirə Paşayevaya “Türk dünyasına üstün xidmət” ödülü təqdim olunub. Türkiyənin Nevşəhər bölgəsində keçirilən tədbirdə vükafatı alan millət vəkili Qənirə Paşayeva çıxış edib. “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir.Türkiyə nə qədər güclənərsə bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə bu Türkiyənin və bütün türk dünyasının gücüdür”.
Mükafatı təqdim edənlərə təşəkkürünü bildirən deputat Türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb. Türklərin ona məxsus olana sahiblənməyi bu birliyi daha da qüvvətləndirdiyini deyən Qənirə Paşayeva bu birlik sayəsində əl-ələ verərək Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib. Azərbaycanın tarixi və Dağlıq Qarabağ barədə məlumat verən Qənirə Paşayeva torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal edildiyini deyib. “20 il əvvəl Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində 1 milyondan çox soydaşımız öz torpaqlarından didərgin düşüb. Və onlar hələ də vətən həsrəti ilə yaşayırlar”.
Deputat tədbirdə iştirak edən və çağdaş türk poeziyasının ustadlarından olan Yavuz Bülent Bakilərin də ata-baba torpağı olan Qarabağı birlik və bərabərlik içində işğaldan azad edəcəyimizə ümid etdiyini bildirib “Mən inanıram ki, Azərbaycanın hər zaman yanında olan qardaş ölkə Türkiyə ilə birləşərək o gözəl torpaqlarımızı Ermənistan işğalından azad edəcəyik. Və belə gözəl gecələri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”.
Qeyd edək ki, Qənirə Paşayeva Nevşəhərdə olduğu müddətdə Nevşəhər Bələdiyyəsinə Nevşəhərin küçələrindən birinə Qarabağın, digərinə isə Yavuz Bülənt Bakilərin adının verilməsini təklif edib. Bu təklifi məmnuniyyətlə qəbul edən bələdiyyə başçısı Hasan Üreven azərbaycanlı deputata Nevşəhərin fəxri vətəndaşı statusu veriləcəyini bildirib.