Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının beynəlxalq tədbir çərçivəsində Ermənistanda səfərdə olarkən erməni qızı ilə rəqs etməsi ajiotaj doğurub. Bu hərəkəti ilə qınaq obyektinə çevrilən Hacılı ANS PRESS-ə müsahibəsində, onu müzakirə edənləri qeyri-obyektivlikdə ittiham etdi: “Məni narahat edən odur ki, mən Vətən və dövlət üçün nə qədər çalışsam da bu işıqlandırılmır. Ermənistandakı tədbirlərdə çox çıxışlarım olub. Ermənistan gəncləri ilə birləşib müştərək telekanal yaradırıq. Mən erməni qızı ilə rəqs etməsəydim bu məsələ gündəmə gəlməyəcəkdi və bunu heç kim bilməyəcəkdi. Bu rəqsimlə bağlı mənimlə əlaqə saxladıqca rəhbərlik etdiyi Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə Azərbaycan-Ermənistan gənclərinin birgə yaratdığı Sülh TV barədə məlumat verdim. Gənc olmağıma baxmayaraq Vətənim və dövlət üçün bir çox işlər görmüşəm, yazan olmayıb. Amma bir fürsət düşən kimi bunu işıqlandırıb məni əzməyə çalışırlar. Məni heç nə qorxutmur. Çünki dünyanın heç bir yerindən heç kim həqiqətləri əzə bilməyib.”
Ramin Hacılı erməni qızı ilə rəqsinin ermənilər tərəfindən də birmənalı qarşılanmadığını deyir: “Bizimkilər bir yana, erməni millətciləri də ordan başladı hücuma. Yazırlar ki, Ramin Hacılı gəlib İrəvanda bizim mahnıya oynayıb və hələ utanmır o mahnını öz adlarına çıxır ki, guya Azərbaycan mahnısıdı. Ermənistanda olanda tədbirdən sonra bizi restorana dəvət etdilər. Musiqi səslənəndə dedim ki, bu Azərbaycan musiqisidir. Onlar dedi yox, erməni musiqisidir. Dedim ki, gəlin oynayaq, mən yaxşı oynasam Azərbaycan musiqisidir, siz yaxşı oynasaz, erməni musiqisi və mən onların hamısından yaxşı oynadım. Çünki erməni qızları hamısı mənimlə oynamaq istəyirdi.
Bir daha deyirəm, musiqilər kimin ruhuna düşürsə onundur. Bu dunyəvi mövqedir. Biz sülh tərəfdarıyıq. Sülh yaratmaq üçün ədalət tələb edirik. Ədalət isə budur ki, Azərbaycan torpaqları işğal olunub. Haqlı olan heç kimin qarşısından qaçmaz. Dostlar hər yerdə, hər zaman qorxmadan və qaçmadan həqiqəti deməliyik. Və sivil olub rəqs etməliyik. Biz vəhşi xalq olmadığımızı sübut etməliyik! Biz sevgini seçən Azərbaycan vətəndaşlarıyıq.”