Hakimiyyət öz tarixində seçkilərdən sonra belə məyus duruma düşməmişdi. Və bu məyusluğun haqq edilməsi öz yerində, ona əsaslar görünməmiş şəkildə qabarıq və ibrətamizdir.
Ayıq oxucu söhbətin nədən getdiyini yəqin ki, anladı. Təbii ki, ABŞ prezidenti Barak Obamanın İlham Əliyevə gecikən təbrikini nəzərdə tuturuq.
9 oktyabr seçkilərindən az qala bir ay ötür, ancaq okeanın o tayından çırt da yoxdur. Həmçinin, nə gələn var, nə gedən. Gecikən təbrik isə qınaqdan da betər şeydir.
Ən başlıcası, diplomatik etikadan tərcümədə o deməkdir ki, Amerika Azərbaycandakı son seçkiləri və bu seçkiləri “keçirən” hakim qüvvəni daha legitim saymır. Hətta yazı çapa gedərkən Vaşinqtondan quru təbrik məktubu gəlsə belə, vəziyyət dəyişməyəcək. Gecdir.
Deyilə bilər ki, ABŞ-a kimi onsuz da dünyanın başqa aparıcı gücləri öz təbriklərini göndəriblər. Orası doğru, bircə əmmalar olmasaydı…
Birinci əmma odur ki, İngiltərə, Almaniya, Fransa kimi köhnə demokratik qitənin böyük dövlətlərinin təbriki seçkilərin nəticələrinə rəsmi etirazın bir forması kimi ciddi ləngimə ilə göndərilib.
İkincisi, o təbrik məktubların hamısı təbrikdən çox tələb xarakterlidir – burası da bəlli.
Üçüncüsü və ən əsası isə o dövlətlərin cəminin təbriki ABŞ-ın liderinin təbrikinin dəyərində ola bilməz. Məsələ bu dərəcədə böyük ölçüdə özəl.
Halbuki, 2003-cü ilin prezident seçkilərinin heç ilkin nəticələri elan eləməmiş (!!) o vaxt Ağ Ev öz dövlət katibinin köməkçisi Riçard Armitac vasitəsilə İlham Əliyevə təbrik göndərmişdi. Analoji qutlama həmçinin, 2008-də ləngiməmişdi.
Amma indi bir aydır səs-səmir yoxdur. Fərq ortadadırmı? Ortadadır. Bəs səbəb, motiv?
Birinə az əvvəl yuxarıda toxunduq: Birləşmiş Ştatlar bununla hakimiyyətin legitim olmadığına işarə edir, qeyri-legitimlik məsələsini, artıq tarixə çevrilsə də seçkilərin saxta nəticələrini israrla qabardır və böyük ehtimalla, rəsmi Bakı ilə əməkdaşlığın davamı üçün yeni şərtlərə zəmin hazırlayır (Bura Azərbaycan iqtidarının Rusiya ilə icazə verildiyindən çox yaxınlaşmaması da daxildir).
İkinci yandan, Ağ Ev öz susqunluğu ilə bir növ “demokratiyanın beşiyi” olaraq “qırmızı xətt” məsələsinə işarə edir, “üçüncü dəfəyə” etiraz izhar edir, üstəgəl, Azərbaycanın demokratik qüvvələri ilə həmrəylik nümayiş etdirir və beynəlxalq demokratik ictimaiyyət qarşısında sifətini qorumağa çalışır.
Nəhayət, seçkilərdən öncə Amerika kimi qüdrətli dövlətin elçisinə (Tomas Melia) Bakı səfəri ilə bağlı dirsək göstərən, seçkilərdən dərhal sonra isə Vaşinqtonun ünvanına sərt bəyanatlar səsləndirən Azərbaycan rəsmilərinə, öncəliklə PA rəhbərinə “təbrik cəzası” ilə yerini göstərmək istəyir.
Ancaq Melianın səfəri əngəllənməsəydi, Ağ Evin ünvanına yersiz bəyanatlar səslənməsəydi, Bakıdakı səfir Riçard Morninqstarla Müdafiə Nazirliyi arasında məlum audio qalmaqal yaşanmasaydı belə, münasibət çətin ki, fərqli olaydı. Zira, səbəblərin səbəbi var.
Bu da odur ki, 2003-cü ildə ABŞ və Rusiyanın ortaq xeyir-duası ilə siyasi hakimiyyətə gələn hazırkı ölkə başçısı iki güc mərkəzi qarşısında çarpaz, bir-birinə diametral zidd öhdəliklər götürüb və bəlli səbəblərdən onları 10 il ərzində yerinə yetirə bilməyib. Təbriklə bağlı gecikmənin bir mühüm nədəni də qoy olsun bu.
Bəs çıxış yolu? Əlbəttə ki, var. Nə qədər şablon görünsə də, Azərbaycan hakimiyyəti təcili şəkildə üzünü Qərbin söykəndiyi ümumbəşəri dəyərlərə çevirməli, köklü siyasi-iqtisadi islahatların, təməl azadlıqların önünü açmalı, müxalifətə qarşı repressiyaları dayandırmalı, siyasi dustaqları dərhal azad eləməlidir.
Çətindirmi? Risklidirmi? Sözsüz. Hətta qeyri-mümkün görünür. Fəqət, ABŞ kimi bir fövqəldövlətin, demokratik dünyanın hədəfinə, qəzəbinə gəlmək bundan da təhlükəli, bundan da riskli bir aqibət.
Top 10 ildən artıqdır ki, hakimiyyətin meydanındadır. Limit də ki, bitib.