Bu gün Rusiyanın dövlət neft şirkəti “Rosneft”in Direktorlar Şurası toplanır.
Toplantıda “Rosneft”lə ARDNŞ arasında əldə edilmiş razılaşmalar da müzakirəyə çıxarılacaq.
Bu ilin avqusunda Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı “Rosneft”lə ARDNŞ arasında əməkdaşlığa dair çoxşaxəli razılaşma imzalanıb. Sənədə “Rosneft” prezidenti İqor Seçin və ARDNŞ prezidenti Rövnəq Abdullayev imza atıblar. Razılaşmaya əsasən tərəflər Xəzər dənizində neft-qaz hasilatı ilə məşğul olmaq üçün birgə müəssisə yaratmağı, Rusiya və Azərbaycanda, habelə üçüncü ölkələrdə hasilat biznesi ilə məşğul olmağı nəzərdə tuturlar.
Həmçinin məlumatlara görə, “Rosneft” Azərbaycanın Xəzərdəki “Abşeron” qaz yatağından pay almaq üçün danışıqlar aparır, habelə “Şahdəniz-2” layihəsində, yaxud “Şahdəniz” qazının Avropaya nəqlində iştiraka nail olmaq istəyir.
Lakin bu razılaşma niyyət xarakterli idi və tərəflər konkret əməkdaşlıq sahələri üzrə ayrıca ikitərəfli müqavilə imzalamağı planlaşdırırlar.
Belə görünür ki, artıq həmin müqavilə variantı hazırdır. Məlumata əsasən “Rosneft”in Direktorlar Şurasının gündəliyində ARDNŞ-lə əməkdaşlığa dair müqavilə imzalanması məsələsi dayanır.
virtualaz.org