Dünən qəzetimizin elektron ünvanına Belçikada səfərdə olan iqtisadçı Qubad İbadoğludan aşağıdakı məzmunda bir məktub gəlmişdi. Məktub beləydi (nöqtə-vergülünə toxunulmayıb):
“European Endowment for Democracy (Avropa Demokratiyaya Destek Fondunun) Brusselde yerləşən baş ofisində 80-dən çox işturakçının dinlədiyi tədbirdə çıxışımə etdim. Çıxışımda seçkidən sonra müstəqil medianin və vətəndaş cəmiyyətinin problemlərinə daha çox yer ayırdım. Yeni Müsavat və Azadlıq qəzetlərinin bağlanması təhlükəsindən, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi və “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyi ciddi təzyiqlərə məruz qalmasından danışdım. Qeyd edtim ki, bu təzyiqlər davam edərsə Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyəti fəaliyyət qalmayacaq. Eyni zamanda bəyan etdim ki, biz vətəndaş cəmiyyəti Avropa İnstitutlarının sağlam olan hissəsi ilə inteqrasiyanın tərəfdarıyıq və bu istiqamətdə səylərimizi davam etdirəcəyik. —New B’da”.
Biz – “Yeni Müsavat” qəzetinin elektron versiyası olaraq bu informasiyalar əsasında daha çevik tərpənərək xəbər hazırlamış Gunxeber.com saytına istinadən belə bir xəbər yerləşdirdik:
***
Brüsseldə “Yeni Müsavat” və “Azadlıq”la bağlı məsələ qaldırıldı
Brüsseldə Azərbaycan mətbuatının üzləşdiyi problemlər, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin bağlanmaq təhlükəsilə bağlı məsələ qaldırılıb. Gunxeber.com-un məlumatına görə bu barədə Avropa Demokratiyaya Dəstək Fondunun Brüsseldə yerləşən baş ofisində keçirən tədbirdə iştirak edən iqtisadçı alim, İqtisadi Təhqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu məlumat verib. Q.İbadoğlu bu məsələ ilə bağlı bunları deyib: “Avropa Demokratiyaya Dəstək Fondunun Brüsseldə yerləşən baş ofisində 80-dən çox işturakçının dinlədiyi tədbirdə çıxış etdim. Çıxışımda seçkidən sonra müstəqil medianin və vətəndaş cəmiyyətinin problemlərinə daha çox yer ayırdım. “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin bağlanması təhlükəsindən, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi və “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyi ciddi təzyiqlərə məruz qalmasından danışdım. Qeyd edtim ki, bu təzyiqlər davam edərsə Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyəti fəaliyyəti qalmayacaq. Eyni zamanda bəyan etdim ki, biz vətəndaş cəmiyyətiolaraq Avropa institutlarının sağlam olan hissəsi ilə inteqrasiyanın tərəfdarıyıq və bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
Daha sonra məlum olur ki, “Azadlıq” qəzetinin saytı da Qubad İbadoğlunun göndərdiyi eyni, standart məzmunlu informasiya əsasında xəbər hazırlayıb və azadlıq.info saytına yerləşdirib. Həmin xəbər də aşağıdakı cürdür:
***
Brüsseldə «Azadlıq»ın problemindən danışılacaq
Qubad İbadoğlu qəzetin düşdüyü vəziyyəti Avropa Birliyi rəsmilərinə çatdıracaq
Tanınmış iqtisadçı, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu çətin durumda olan «Azadlıq» qəzetinə dəstəyini ifadə edib. Hazırda Brüsseldə olan Q.İbadoğlu qəzetə abunə yazılmaq niyyətində olduğunu bildirib. Q.İbadoğlu bu gün Brüsseldə iştirak edəcəyi tədbirdə Azərbaycanda müstəqil medianın hazırkı durumu ilə bağlı çıxış edəcəyini və yaranmış vəziyyəti Avropa Birliyi rəsmilərinə çatdıracağını deyib.
***
İndi yuxarıdakı xəbərləri, lütfən, yenidən oxuyun və fərqə baxın.
Bizim informasiyada hörmətli iqtisadçının göndərdiyi məktub olduğu kimi verilib, punktuasiyasına toxunulmayıb.
“Azadlıq” informasiyasında isə Q.İbadoğlunun göndərdiyi mətn redaksiyanın nəfinə təhrif edilib və mətndən “Yeni Müsavat”ın adı çıxarılıb.
Belə çıxır ki, iqtisadçı Qubad İbadoğlu Brüsseldə yalnız “Azadlıq” qəzetinin problemlərindən danışacaq və ona dəstək verəcək.
Halbuki müsavatçı Qubad İbadoğlu göndərdiyi məktubda hər iki qəzetə (hələ “Yeni Müsavat”ın adını birinci yazmaqla) dəstək verəcəyini bildirib.
Təhrif də göz önündədir, qərəz də. Fəqət bu düşmənçiliyin qaynağı nədir – bəlli deyil.
Axı “Azadlıq”ın məruz qaldığı haqsızlığın günahı “Yeni Müsavat”da deyil. Əksinə, “Yeni Müsavat” da onunla birlikdə eyni aqressiyanın qurbanıdır, zərərçəkəndir.
Belədirsə, nədən hörmətli həmkarlarımız hər fürsətdə “Yeni Müsavat”ı qaralamağa, adını silməyə, görməzliyə vurmağa çalışırlar?
Bu, necə deyərlər, “közü öz qabağına eşmək” cəhdi olsaydı, ona təhəmmül etmək olardı.
Ancaq bu, qərəzdir, birtərəfli qaydada düşmənçilik aparmaqdır. Niyə? Nə
üçün?
Sonra da bir çoxları deyirlər ki, “bir-birilə mübarizə aparmaq bu iki qəzetə yaraşmaz”. Düz deyirlər.
Lütfən, bu iki qəzetin arasında baş qaldıran deyişmələrin arasına bərabərlik işarəsi qoyanlar baxsınlar, görsünlər, hər dəfə daşı birinci atan, rəqabəti düşmənçilik səviyyəsinə qaldıraraq sürdürən kimdir.