1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsi jurnalist Elmin Bədəlovun “Asan Xidmət”ə qarşı iddiasını rədd edib. Məhkəmə “Asan Xidmət”in “İnformasiya əldə edilməsi haqqında” Qanunla açıq sayılan bilgiləri jurnalistə verməməsinə haqq qazandıran qərar çıxarıb. Bu haqda jurnalistlərin hüquqlarını qoruyan Media Hüququ İnstitutu xəbər verir.
Elitar.info xəbər portalının əməkdaşı Elmin Bədəlov avqust ayında “Asan Xidmət”ə (Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) informasiya sorğusu göndərib. Jurnalist qanunla açıq sayılan bilgilərin – “Asan Xidmət”in 2013-cü il üzrə büdcəsinin məbləği, büdcəsinin xərclər üzrə göstəriciləri, ştat cədvəllərinin surətlərinin, işçilərinin sayı, işçilərinin əmək haqlarının məbləği ifadə olunan sənədlərin surətlərinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 36 ünvandakı ofis binasının statusu (binanın hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində olması) haqqında bilgilərin ona təqdim olunmasını xahiş edib. “Asan Xidmət” sorğuya cavab vermədiyindən Elmin Bədəlov məhkəməyə müraciət edərək “Asan Xidmət”in üzərinə informasiya sorğusunu cavablandırmaq vəzifəsi qoyan qərar çıxarmağı xahiş etmişdi.
İnformasiya əldə etmək hüququnun pozuntusundan verilən şikayətə 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsində baxılıb. Cavabdeh tərəfin nümayəndələri istənilən bilgiləri iddiaçıya təqdim etməkdən imtina ediblər. Məhkəmə cavabdehlərin imtinasını qanuni sayaraq jurnalistin iddiasını təmin etməyib. Media Hüququ İnstitutunun E. Bədəlovun hüquqlarını müdafiə edən vəkilləri məhkəmənin qərarının qanunsuz olduğunu, həmin qərardan apellyasiya şikayəti veriləcəyini bildiriblər.
İctimai vəsaitlərin xərclənmə durumu ilə bağlı bilgilərin əldə edilməsinə dair jurnalist araşdırması Media Hüququ İnstitutunun (MHİ) “Məhkəmə çəkişmələriylə şəffaflığın inkişaf etdirilməsi” təşəbbüsü çərçivəsində aparılır. “İnformasiya əldə etmək haqqında” Qanuna görə, belə bilgilər açıq bilgi sayılır. Jurnalist araşdırmalarının məqsədi belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaqdır.