Əksər terror aktlarının arxasından məhz bu şəbəkənin izləri çıxır
Noyabrın 19-da İranın Livandakı səfirliyi yaxınlığında baş vermiş partlayışda onlarla insan həlak olub. Terror olayı nəticəsində həlak olanların arasında səfirliyin mədəniyyət attaşesi İbrahim Ənsari, iranlı diplomatlardan birinin xanımı, eləcə də dörd mühafizəçi də daxil olmaqla, altı İran vətəndaşı var.
Türkiyə mətbuatının məlumatına görə, bu terror aktının məsuliyyətini “əl-Qaidə” öz üzərinə götürüb. Terror aksiyasının məqsədi və İran səfirliyinin əsas hədəf olub-olmadığı hələlik məlum deyil. Ancaq bununla belə, baş verən qanlı terror “əl-Qaidə” ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Əksər ekspertlər bu terror təşkilatının mövcudluğuna görə ABŞ-ın xüsusi xidmət servislərini suçlayırlar. Onların fikrincə, bu terror təşkilatı Əfqanıstandakı sovet qoşunları ilə mübarizə məqsədi ilə yaradılsa da, sonradan ondan ABŞ-ın bəzi beynəlxalq maraqlarının reallaşdırılmasında istifadə edilib. Xüsusilə də, “əl-Qaidə”nin törətdiyi 11 sentyabr terror olayının ABŞ-a Yaxın Şərq regionunda bir sıra hərbi əməliyyatlar aparmaq bəhanəsi verdiyindən bu məsələdə şübhəli məqamların olduğu vurğulanır.
Təbii ki, bütün bunları nəzərə alan bəzi Qərb ekspertləri “əl-Qaidə”nin demək olar ki, bütün dünyaya yayılmasından narahat olmağın vacibliyini qabardırlar. Onların fikrincə, hətta narahat olmaq azdır və artıq nəzarətdən çıxmış kimi görünən bu terror təşkilatının zərərsizləşdirilməsinin yollarının ən qısa zamanda tapılması da dünyanın təhlükəsizliyi baxımından böyük önəm daşıyır.
İndi Qərbdə “”əl-Qaidə” dünyaya necə yayıldı” sualı daha tez-tez gündəmə gətirilir. Bəzi məlumatlara görə, “əl-Qaidə”nin fəaliyyət çoğrafiyası və bu terror təşkilatın əsas müttəfiqlərinin sırası kifayət qədər genişdir. Bu təşkilatın hətta bir çox Qərb ölkələrində məxfi qurumlarının ola biləcəyi də istisna olunmur…
Suriyada baş verən hadisələr “əl-Qaidə” və müttəfiqlərinə daha bir sərbəst fəaliyyət məkanı açıb. Çünki bu ölkənin vətəndaş müharibəsindən qaynaqlanan xaosun içərisinə yuvarlanması silahlı münaqişəyə əksər cihadçı qüvvələrin cəlb olunmasın münbit şərait yaradır. Bəzi məlumatlara görə, Əsəd rejiminə qarşı silahlı üsyan hərəkatı daxilində “əl-Qaidə” ilə bağlı olan bir sıra radikal islamçılarla mötədil qüvvələr arasında amansız mübarizə gedir. Təşkilatın indiki lideri Ayman əl-Zəvahiri isə bu quruma aid silahlıları Suriyada İslam dövlətinin qurulmasına səsləyib. “İraq İslam Dövləti” təşkilatı 2013-cü ilin aprel ayında vahid “İraq və Levant İslam Dövləti” yaratmaq məqsədilə Suriyadakı cihadçı əl-Nüsrə Cəbhəsilə birləşəcəyini elan edib. Ancaq Əl-Nüsrə təşkilatı birləşmək təklifini rədd etsə də, “əl-Qaidə”yə sadiq qaldığını da bəyanlayıb.
Qərb ekspertləri hesab edirlər ki, Avropadakı əl-Qaidə başqa yerlərdəki kimi nizamlı struktura malik deyil. Onların fikrincə, Avropadakı silahlılar “əl-Qaidə” tərəfindən ilhamlandırılsa da, heç də həmişə bu təşkilat tərəfindən idarə olunmur. Halbuki 2005-ci ildə 52 adamın ölümünə bais olmuş London hücumlarını həyata keçirənlərin isə əl-Qaidə ilə əlaqəli olduqları güman edilir. 2004-cü ilin mart ayında Madriddə 200 adamın ölümü ilə nəticələnən qatar partlayışının məsuliyyətini də “əl-Qaidə” ilə bağlı qrup üzərinə götürmüşdü.
Belə anlaşılır ki, “əl-Qaidə” artıq bütün dünyaya yayıla bilib. Çünki bu terror şəbəkəsinin dünyanın bütün qitələrində və əksər ölkələrində silahlı qruplarının olduğu bildirilir. Üstəlik, əksər qaynaq nöqtələrdəki silahlı toqquşmalarda “əl-Qaidə” əsas iştirakçıların sırasında yer alır. Və baş vermiş əksər terror olaylarının arxasından da bu şəbəkənin izi çıxır. Bu baxımdan, “əl-Qaidə”nin dünya üçün ciddi problemlərin sırasında göstərilməsi qətiyyən təəccüblü deyil.
musavat.com