Sabiq deputat iclasda iştirak edə bilmədi, proses təxirə salındı
Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi. Prosesin vaxtı ənənəvi olaraq səhər saat 10.30 radələrinə təyin edilsə də, media mənsubları və G.Əhmədovanın qohumları məhkəmə zalına saat 11.30-da buraxıldılar. Amma daha öncəkilərdən fərqli olaraq sabiq deputat bu dəfə prosesdən öncə məhkəmə zalına gələn qohumları və jurnalistlərlə danışmadı. Halsız olduğu hiss edilən G.Əhmədovanın durumu az keçmədən pisləşdi. Belə ki, zalda, dəmir barmaqlıqlar arxasında ürəyi getdi, məhkəmə nəzarətçilərinin köməyi ilə zaldan çıxarıldı.
Az keçmədən məhkəməyə təcili yardım çağırıldı. 20 dəqiqəlik gözləmədən sonra hakimlər zala daxil oldular. Onlar Gülər Əhmədovanın vəziyyəti pisləşdiyi üçün prosesin noyabrın 25-nə təxirə salındığını bildiriblər.
Təcili yardım xidmətinin əməkdaşları isə jurnalistlərin sualına cavab olaraq bildirdilər ki, G.Əhmədovanın təzyiqi çox aşağı olub, ilkin müdaxilə nəticəsində təzyiqi normal həddə çatdırmaq mümkün olub. Amma halsız olan sabiq deputata dincəlmək və sakitlik tövsiyə olunub.
Qeyd edək ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror bildirib ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməlidir.
Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.
Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir.
21 noyabrda keçiriləcək prosesdə isə G.Əhmədovanın vəkili Əfsər Talıbovun çıxışı gözlənilirdi. Ehtimallar vardı ki, sabiq deputat da son sözünü eyni məhkəmə iclasında deyə bilər. Hətta ekspertlər G.Əhmədova ilə bağlı məhkəmə qərarının da artıq hazır olduğunu, gələn həftə bu məsələnin yekunlaşacağını bildirir.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.