Seçkilərə verilmiş qiymət 90 beynəlxalq QHT-ni birləşdirən İnsan Hüquqları Evi Fondunun etirazına səbəb olub
Noyabrın 21-də Avropa Şurası Parlament Assambleyası Bürosunun Avstriyanın paytaxtı Vyanada keçirilmiş toplantısında Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair hesabat müzakirə olunub.
APA-nın Avropa müxbirinin məlumatına görə, ingiltərəli deputat Robert Valterin hazırladığı “Azərbaycanda prezident seçkilərinin müşahidəsi (9 oktyabr 2013)” adlı hesabat müzakirə olunaraq qəbul edilib. Azərbaycan üzrə hesabat əsasən müsbət qiymətləndirilib və bu seçkilərin nəticələri səslərin bölüşdürlməsini əks etdirdiyini və Azərbaycan xalqının iradəsini ifadəsi kimi hesab olunub.
Büronun iclasında iştirak edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AŞ PA Bürosunun qəbul etdiyi hesabatla deputatların əksəriyyəti Azərbaycanda keçirilmiş seçkiləri çox müsbət və yüksək səviyyədə qiymətləndirdiklərini bildirib. “AŞ PA-nın Azərbaycandakı seçkiləri müşahidə etmiş müşahidəçi missiyasının rəhbəri Robert Valterin hazırladığı məruzə geniş şəkildə müzakirə olundu. Bu hesabatın içərisində bənd-bənd seçkiqabağı, seçki günü və seçkidən sonrakı vəziyyət təhlil olunub. Prosedurlara görə, belə sənədlər ilk olaraq Büro daxilində müzakirə olunur və qəbul olunduqdan sonra Daimi komitəyə və daha sonra Parlament Assambleyasına çıxarılaraq, ictimaiyyətə açıqlanır. Biz də bugünkü iclası çox səbirsizliklə gözləyirdik. Çünki müxtəlif qurumlar, ayrı-ayrı şəxslər bu məsələ ətrafında müəyyən problemlər yaratmaq istəyirdilər. Büro üzvləri Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair öz mövqelərini bildirdilər. Robert Valterin hazırladığı hesabat təsdiq olundu və bu sənəddə prezident seçkilərində Azərbaycan xalqının iradəsinin tam şəkildə öz əksini tapmışdır kimi sözlərini də tapa bilərsiniz.”
Dünyanın 13 ölkəsindən 90 beynəlxalq QHT-ni birləşdirən İnsan Hüquqları Evi Fondu isə AŞ PA-ya bəyanat göndərərək bu il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı AŞ PA üzvlərinin mövqeyindən narazılığını bildiriblər.
Seçkilər ərəfəsində və ondan sonra BMT ekspertləri, həmçinin ATƏT missiyası ümumi demokratik vəziyyətin pisləşdiyini, insan hüquqlarının və vətəndaş azadlıqlarının pozulduğunu, seçkilərin demokratik standartlara uyğun olmadığını bildiriblər.
Eyni zamanda AŞ PA müşahidəçilərindən ibarət missiya qeyd edib ki, Azərbaycanda seçkilər azad və ədalətli olub.
İnsan Hüquqları Evi Fondunun üzvləri öz məktublarında qeyd ediblər ki, AŞ PA missiyası üzvlərinin Azərbaycandakı seçkilərlə bağlı real vəziyyətə dair məlumatlandırılması şübhə doğurur.
Məktubda həmçinin AŞ PA-nın 1917 saylı (2013) qətnaməsi xatırladılır. Sənəddə deyilir ki, Azərbaycanda heç bir seçki düzgün və ədalətli olmayıb. “Normal durumdan danışmaq üçün qanunvericiliyə ciddi dəyişikliklərin edilməsi, vətəndaşların fundamental azadlıq və hüquqlarının təminatı vacibdir. Belə çıxır ki, bir halda AŞ PA bu cür vəziyyətin olduğunu bəyan edir, digər tərəfdən seçkilərin demokratik və ədalətli olduğunu tanıyır.”(“Turan”)
Məktub müəllifləri AŞ PA üzvlərini prinsipiallıq nümayiş etdirərək Azərbaycandakı seçkilərə müvafiq qiymət verməyə çağırıblar.