Hər dəfə bir tanınmış siyasi fəal, yazar, jurnalist vətəndən gedəndə, ölkədə vay-növsə qopur. Bir Avropa ölkəsinə sığınanları qınayanlar, satqınlıqda, xəyanətdə ittiham edənlər çoxalır.
Qəribə bir səsləşmə prosesi başlayır: xarici ölkəyə sığınanları iqtidar adamları da vurur, müxalifətçilər də, qeyri-hökumət təşkilatlarının fəalları da, yazar-jurnalistlər də.
Elbəyi Həsənli gedəndə də belə olmuşdu, Əli Əkbər gedəndə də. Vahid Qaziyə də söz toxumuşdular, Mirzə Sakitə də. Onlarca başqalarına da. Qınanılma estafeti hazırda Murad Köhnəqaladadır.
Onlara qarşı ittihamlar əsasən bu cürdür: “Gedib ölkənin adına iftira danışırlar”; “Onlara qarşı burada heç bir təhdid, təhlükə yox idi”; “Öz ölkəsində mübarizə aparmaqdansa, xaricdə rahat yaşamağı üstün tutdu”; “Demokratik düşərgəyə xəyanət etdi” və s.
Gedənlərin ölkəni tərk etməsinin başlıca motivini isə, demək olar ki, hamı bu cür tövsif edir: “Təqib-təzyiq bəhanədir, onlar ağ günə çıxmaq, rahat yaşamaq üçün gediblər”.
Əlbəttə, elədir. Bunu heç kəs danmır ki. Gedənlər öz ölkələrində rahat yaşaya bilsəydilər, hətta yaşaya bilsəydilər, daha niyə gedirdilər?
O adamlar bu ölkədə yaşaya bilmədikləri üçün gediblər. Hara fırlatsaq da, hansı prizmadan baxsaq da, bu gedişlərin hamısı siyasi mühacirətdir.
Avropaya, Amerikaya yox, Rusiyaya, Ukraynaya, Belorusa gedənlərin də hamısının ölkəni tərk etməsinin başlıca səbəbi birmənalı olaraq siyasətdir – ölkədə yeridilən siyasət.
Onlar bu ölkənin vətəndaşlarının hamısını sıxan iqtisadi siyasətin, təhsil siyasətinin, səhiyyə siyasətinin, sosial siyasətin, seçki siyasətinin üzündən gedirlər.
Onları bu ölkədən işsizlik, kasıbçılıq, hüquqsuzluq, hər gün gördükləri harınlıq, gerilik, iyrənclik didərgin salır.
Söz yox, mühacirlərə açıq ölkələrdə onları müəyyən kriteriyalar əsasında qəbul edirlər və hər səbəbə görə yaxın buraxmırlar. Gərək mühacirət səbəbi tutarlı, ciddi olsun.
Bu üzdən bu ölkədə ağ gün görməyən, haqsızlıqdan bezən, özünün və ölkəsinin gələcəyinə inanmayan bir sıra şəxslər ömürlərində bir dəfə mitinqə çıxmadıqları halda özlərini müxalifət fəalı kimi təqdim etməyə məcbur olurlar.
Onların arasında “müxalif yazılarına görə”, “dini mövqeyinə görə”, “yad fikirliliyinə görə” və sair bu kimi keçərli səbəblərdən “təqib olunanlar” da var. Hətta sığınacaq almaq üçün özünü erməni millətindən olan şəxs kimi qələmə verənlər də olub.
Ancaq məsələnin kökü başqadır. Bu adamlar vətən, ölkə dəyişmək kimi ömürdə bir-iki dəfə mümkün olası böyük bir addımı kefdən atmırlar.
Onlar gerçəkdən də buna məcburdurlar. Başqa çıxış yolları yoxdur. Bu ölkədə uzun illər boyunca ölkədən baş götürüb getməyi düşünən, vaxtaşırı qəti qərar vermək ovqatına köklənən yüz minlərlə adam var, amma son anda onları nəsə bir şey saxlayır.
Heç bir insan ölkəsini bir günün, hətta bir ilin içində tərk etmir. Onlar bunu uzun-uzun düşünürlər, götür-qoy, ağır-yüngül edirlər. “Getsək, nə olacaq, qalsaq, başımıza nə gələcək” sualının bütün variantlar üzrə cavablarını təhlil edir, qərar verirlər.
Heç kim bir səbəbdən, bir hədədən, bir itələyici təhrikdən, bir cəzbedici təklifdən getmir. Gedənlərin getməsində bütün bunların məcmusu, bir-birinə çulğaşmış vahid kütləsi rol oynayır.
Həyata özü istəmədiyi yerdə və vaxtda gələn və payına düşən ömrün cəmi bir dəfə verildiyini anlayan insan heç olmasa həyatının yerdə qalan hissəsini adam kimi, rahat, stressiz, müəyyən maddi rifah içində yaşamaq istəyir.
Bu, çox doğal və tutarlı bir səbəb deyilmi? Düzdür, yaxşı olardı ki, o, bu cür yaşamağı öz ölkəsində təmin edə bilsin, amma bu da faktdır ki, bu ideyaya qapılanların ömrü gedir və heç bir mətləbləri hasil olmur.
Bu ölkədən gedib xaricə sığınanların içində milyonçular da vardı. Polad zavodları olan, prezidentlə şəkil çəkdirən qardaşları xatırlarsınız, əl-əlbət. Qala bildilərmi, öz ölkələrində yaşamağı bacardılarmı? Xeyr. Onlar da getdilər – arxalarına baxa-baxa, şair demişkən, əllərini üzlərinə tuta-tuta.
Gedənləri qınamaq doğru deyil, onlar üçün bu ölkəni qalacaq yurda, əbədi məskənə çevrilməyə qoymayanları qınamaq lazımdır.
Bir də rusların məşhur bir atalar məsələnə bir söz artırmağa zərurət var. Dilənçi torbasından, türmədən və mühacirətdən heç kim sığortalanmayıb. Heç kəs “mən getmərəm” deməsin.
Bu, şair Nəsiminin tərk etdiyi ölkədir, Muradamı qalacaqdı?