“Milli Məclis ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı təşəbbüslərin, aparıcı ideyaların və diskussiyaların gerçəkləşdiyi bir məkandır. Ona görə hər bir parlament üzvü vətəndaşlardan və müxtəlif təşkilat təmsilçilərindən müraciətlər alarkən onu qanunverici orqanın tribunasına gətirməyə çalışır. Lakin təəssüf ki, QHT sektoru ilə bağlı təkliflərim çirkli maraq daşıyıcılarının anti-iqtidar təbliğatı üçün yemə çevrildi”.
Bunu Modern.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O, Milli Məclisin iclasında QHT-lərin qeydiyyatı ilə bağlı səsləndirdiyi fikirlərə bir daha aydınlıq gətirib.
Deputatın sözlərinə görə, dövlət QHT-lərin inkişafı üçün iqtisadi bazis yaradıb.
“Lakin biz QHT-lərin akkreditasiyası ilə bağlı məsələlərdə daha şəffaf və operativ tədbirlərin görülməsini arzulamışdıq”, – deyən Z.Oruc təəssüflə bildirib ki, bəzi QHT-lər onun fikirlərini anti-iqtidar təbliğatının tutarqasına çevirdilər.
“Ötən illər ərzində donor mənbələri qeyri-müəyyən, az qala siyasi partiya səviyyəsinə qaldırılmış və təsir agentləri kimi fəaliyyət göstərən şəxslərin bizlə saxta həmrəyliyinə ehtiyacımız yoxdur”.
Milli Məclisin üzvü həmin şəxslərə xitabən deyib ki, onun çıxışını anti-Azərbaycan fəaliyyətlərinin pərdəsinə çevirməyə çalışmasınlar. Z. Oruc söyləyib ki, niyyət etibarilə həmin QHT və ya şəxsləri nəzərdə tutmayıb.
“Mən öz çıxışımda Milli Demokratiya İnstitutunun və ya beynəlxalq qurumların ölkədə dayaqları kimi fəaliyyət göstərən, qeyri-şəffaf maliyyələşməklə bu illər ərzində özünü xarici emissarlar kimi aparan, az qala casus şəbəkələrinə çevrilmiş, informasiya ötürücüsü rolunda çıxış edən, xarici təzyiqlərin alətinə çevrilən qüvvələri heç bir halda nəzərdə tutmamışam. Əslində parlament üzvü kimi mövqeyimiz həmin qurumlara qarşı daha sərtdir”
Z. Oruc onu da qeyd edib ki, nəinki sözügedən təşkilatların qeydə alınması, eyni zamanda onlara qarşı daha ciddi, təsirli tədbirlərin görülməsinin həmişə tərəfində olub.
“Bu cür qurumlar müxalif partiyaların maliyyələşmə mexanizminə çevrilir. Digər tərəfdən elə bir himayəçilik mühiti yaradılır ki, sanki ölkə içərisində onlar xarici ölkələrin agentura şəbəkəsidir. Xüsusilə də seçkilər üzrə ixtisaslaşmış mərkəzlərin fəallığı onu deməyə əsas verir ki, burada yaradılmış zəncirvarı bağlılıq Azərbaycanın iqtisadi və siyasi həyatına, həmçinin xarici siyasət kursuna təsirin baslıca mexanizmidir. Onlar əvvəlcə guya yerli qurumların adı ilə çoxdan hazırlanmış hesabatları dövriyyəyə çıxarır və seçkilərin nəticəsini qiymətləndirərkən yalnız onlara mötəbərlik verir, daha sonra onu ATƏT-in yekun rəyi kimi təqdim edirlər. Belə təşkilatlar qeyri-hökumət xətti ilə xarici təzyiq vasitəsi kimi bəslənir və təyinatına başqa bir şey daxil deyil. Ona görə mən həmişə hesab etmişəm ki, ATƏT-in Varşava Bürosu casus şəbəkəsidir. Məhz ona görə də qeyd etdiyimiz beynəlxalq QHT şəbəkəsinin bir həlqəsi kimi fəaliyyət aparan əksər dairələr Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşlarıdır. Bu səbəbdən bizim bəyanatımızın onlara heç bir aidiyyatı yoxdur”.
Qeyd edək ki, Milli Məclisin sonuncu iclasında Z. Oruc QHT-lərin qeydiyyatının sadələşdirilməsini təklif edib.