“Əgər kimsə qəzet satışını qadağan edirsə, yaxud da ki, məhdudiyyət qoyursa, bu, dözülməzdir”
Prezident İlham Əliyevlə redaktorların göruşü zamanı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qəzetlərin yayımına tətbiq edilən əngəllərlə bağlı məsələ qaldırıb. Azərbaycan prezidenti bu mövzuya yekun çıxışı zamanı münasibət bildirib. Musavat.com İlham Əliyevin yekun çıxışının həmin məqamını təqdim edir.
****
Burada medianın problemləri ilə bağlı qaldırılan digər məsələlərə də toxunmaq istərdim. Satışla bağlı. Hesab edirəm ki, burada da əlbəttə ciddi düzəlişlərə ehtiyac vardır. Deyə bilərəm ki, Bakıya yeni köşklərin gətirilməsi təşəbbüsü də məndən gəlmişdir. Çünki şəhərimizin hər bir tərəfi gözəlləşir, abadlaşır və gördüm ki, köhnə, sınıq-salxaq köşklər bizim şəhərimizə yaraşmır. Ona görə dövlət hesabına yeni köşklər alınmış və fəaliyyətə başlamışdır. Amma ondan bir müddət sonra şəhərdə, şəhərin müxtəlif yerlərində olarkən görürdüm ki, bu köşklər bir növ kiçik bazarlara çevrilir, onun ətrafında meyvə-tərəvəz, ət məhsulları və s. satılır. Ciddi irad tutdum ki, bunu yığışdırın. Köşkün daxili o qədər rahat qurulub ki, orada qəzetlər, şokolad, əşyalar, hər şey satıla bilər. Amma biz köşkün ətrafını bazara çevirməməliyik.
Eyni zamanda, mən hər zaman orada qəzetlərin də asıldığını görürdüm. Əgər indi məsələ qaldırılır ki, orada qəzetlər satılmır, mən bu məsələni aydınlaşdıracağam. Əgər belədirsə, göstəriş veriləcəkdir ki, bu köşklərdə ilk növbədə qəzetlər satılsın, heç bir məhdudiyyət olmasın. Əli Həsənov bu barədə mənə məlumat verdi ki, bəzi hallarda qəzetlər asılır, ancaq məhdud sayda. Vətəndaşlar istədikləri qədər qəzet ala bilmirlər. Biz bu məsələni yoluna qoyacağıq. Burada heç bir məhdudiyyət ola bilməz. Qəzet satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur və olmamalıdır.
_________________________________________
Əgər kimsə qəzet satışını qadağan edirsə, yaxud da ki, məhdudiyyət qoyursa, bu, dözülməzdir. Buna yol vermək olmaz. Bax, yəqin ki, indi məni eşidəcəklər. Əlavə göstərişlər də verəcəyəm ki, heç bir məhdudiyyət olmasın.
_________________________________________
Onu da qeyd etməliyəm, bəzi hallarda bizi bəzi beynəlxalq, xüsusilə qeyri-hökumət təşkilatları əsassız tənqid etməyə çalışırlar ki, Azərbaycanda mediaya qarşı siyasət düzgün deyildir, media boğulur, medianın problemləri vardır. Mən həmişə cavab olaraq deyirəm ki, Azərbaycanda azad internet vardır və internet istifadəçilərinin sayı 70 faizdən yuxarıdır. Bu gün Azərbaycan dövləti hər bir şəhərə dövlət hesabına genişzolaqlı internet çəkir. Bu layihə dövlət tərəfindən icra ediləcəkdir. Əminəm ki, yaxın bir neçə il ərzində hər bir şəhərə genişzolaqlı internet çəkiləcəkdir. Eyni zamanda, indi kəndlərdə də internet vardır. Mənim göstərişimlə nazirlərin bölgələrə səfərləri əsnasında, o cümlədən əhalidən gələn təkliflər də təhlil edilir. Onların içində bir təklif də ondan ibarətdir ki, qəbula gələn bir kənd sakini demişdi ki, bizim kənddə internet pis, fasilələrlə işləyir, mən işləyə bilmirəm. Yəni, dövlət bu işi öz üzərinə götürmüşdür.
Azad internet olan halda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Əgər kimsə qəzet satışını qadağan edirsə, yaxud da ki, məhdudiyyət qoyursa, bu, dözülməzdir. Buna yol vermək olmaz. Bax, yəqin ki, indi məni eşidəcəklər. Əlavə göstərişlər də verəcəyəm ki, heç bir məhdudiyyət olmasın.
Musavat.com