Avropa Birliyinin (AB) Vilnüs sammiti və onun yekunları yəqin ki, hələ uzun müddət siyasi analitiklərin diqqət mərkəzində olacaq. Zirvə toplantısının ilk dəfə Rusiyaya ən yaxın coğrafi məkanda, üstəlik, AB və NATO üzvü olan sabiq sovet respublikasının paytaxtında keçirilməsi təbii ki, olaya əlavə siyasi rəng qatmışdı və rəsmi Moskvanın həyəcanını artırmaya bilməzdi.
Sammit ilk növbədə Qərblə Rusiya arasında postsovet məkanı uğrunda geosiyasi savaşın növbəti mərhələsinin yekunu kimi yadda qalacaq. Bu savaş hələ bitməyib və açıq-aydın görünür ki, getdikcə daha amansız mərhələyə qədəm basmaqdadır. Di gəl, “böyüklərin” davasında “balacalar”ın zədələnmə ehtimalı həmişə yüksək olaraq qalır.
Bu rakursdan yanaşanda obyektivlik naminə qeyd etmək lazım gəlir ki, Azərbaycan iqtidarı təşkilatın ölkəmizlə bağlı gözləntilərdən dolayı mümkün olanı etməyi bacardı. Viza rejiminin sadələşdirilməsini nəzərdə tutan məlum sənədi imzalamaqla Bakı Avropaya doğru kövrək addım atdı. Deməli, həm də azad dünyanın dəyərlərinə kiçik ölçüdə də olsa, Azərbaycan yaxınlaşmış oldu.
Ən əsası, Bakı Rusiyanı sevindirəcək hansısa jest, reverans eləmədi, Moskvanı Ermənistan kimi Azərbaycan sarıdan arxayın salacaq gedişlərdə bulunmadı. Və Azərbaycan nəinki AB üçün itirilmiş ölkə statusu qazanmadı, hətta əksinə, potensial tərəfdaş kimi qaldığını incə şəkildə nümayiş etdirdi. AB-yə potensial tərəfdaş isə elə NATO-ya potensial üzv deməkdir. Şimal qonşumuzun yuxusunu qaçıran həm də elə budur – yaxın gələcəkdə hərbi blokun sərhədlərinin Rusiyaya bir az da yaxınlaşması qorxusu.
Hazırkı mərhələdə bəlkə də bundan artıq qeyri-real idi. Əgər Ukrayna timsalında 55 milyonluq güclü bir Şərqi Avropa dövləti Moskvanın təzyiqləri qarşısında duruş gətirə bilmirsə (proses bitməyib), ondan dəfələrlə manevr imkanı zəif, rusun forpostu Ermənistanla üzücü savaş vəziyyətində olan Azərbaycanın daha tədbirli davranıb AB ilə hansısa sənəd imzalaması pis nəticə sayıla bilməz.
Başlıcası, mövcud ağır şərtlər fonunda milli maraqlarımız üçün gərəkənin edilməsidir ki, ona da nail olunmuş kimi görünür. Politoloq Zəfər Quliyevin qənaəti də yerindədir ki, indiki mərhələdə ABŞ və Avropa özü də Azərbaycanı birbaşa Rusiyanın hədəfinə gətirməkdə maraqlı deyil. Yəni taktika belədir ki, Azərbaycanın öz növbəsi var və Bakının AB-yə doğru yolda xırda addımlarla irəliləməsi hələlik yetər. Əsas odur ki, yerində saymayasan, xırda addımlarla da olsa qabağa gedəsən.
Amma aydındır ki, nə vaxtsa Rusiya ilə Qərb (Avropa Birliyi) arasında seçim anlamına gələcək addımın atılması qaçılmaz olacaq. O zaman Azərbaycanın Kremlin ağır təhdidlərindən qorunmaqdan ötrü iki amil həlledici dəyərdə olacaq. Onlardan biri Bakıdan nə qədər asılı deyilsə, digəri bor o qədər elə hakimiyyətin davranışına, atacağı addımlara birbaşa bağlıdır.
Söhbət birinci halda Azərbaycan kimi ərazi problemləri yaşayan Gürcüstan və Moldovaya AB-nin və ABŞ-ın hansı təhlükəsizlik qarantiyası verəcəyindən gedir. Bu qarantiya şəksiz ki, Azərbaycanın qəti mövqeyinə təsir edəcək. Odur ki, Vilnüs sammiti Moldova və Gürcüstanın assosiativ üzvlüyə qəbulu ilə təşkilatın özünü də ciddi bir imtahan, test qarşısında qoyub. Bu imtahandan qurumun yaxşı çıxmaması nəticə etibarilə Azərbaycanın durumunu da ağırlaşdıracaq.
İkinci amil Kremlin təhdidlərinə qarşı daxildə real müqavimətin yaradılması üçün milli-vətəndaş barışına nə dərəcədə nail olunması ilə bağlıdır. Bu isə bilavasitə Azərbaycan iqtidarının görəvidir. Ukrayna timsalında əyani şəkildə göründü ki, belə məsələlərdə ikitirəlik, ictimai fikrin haçalanması, çəkicin eyni zindana endirilməməsi, kəsəsi, dərin cəbhələşmə yalnız Moskvanın maraqlarıma işləyə bilər. Unutmayaq ki, bizim Qarabağ problemimiz də var – hansından ki, qütbləşmə halında Rusiyanın yararlanmaq şansı birə-üç artacaq.