Bir neçə dəqiqədən sonra Yerevandakı “Azadlıq” meydanında Ermənistanın Gömrük İttifaqına üzv olmasına etiraz edənlərin aksiyası başlayacaq. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, yüzlərlə adamın yığışdığı meydana və onun ətrafına çoxsaylı polis qüvvələri yeridilib, nəticədə meydan giriş imkanları azalıb. Mülki geyimli polislərin də etirazçıların meydana tərəf yürüməsinə mane olduğu bildirilir. Yol polisi əməkdaşlarının isə aksiya ərəfəsində ərazidəki avtomobillərin “təmizlənməsi” əməliyyatına başlayıb. Etiraz aksiyasının prezident rezidensiyası qarşısında davam etdirilməsi də nəzərdə tutulub. Amma Baqramyan prospektində yerləşən rezidensiyanın dörd tərəfdən mühasirəyə alındığı haqda xəbər yayılıb. Sadə insanların hətta yol kənarındakı səkilərdən istifadəsinə belə imkan verilmir.
Qeyd edək ki, Rusiya prezidenti Putin bu gün Ermənistana səfərə gəlir.
***
Aksiya artıq başlayıb. Yerevanda Ermənistanın Gömrük İttifaqına üzvlüyünə qarşı etiraz dalğası genişlənir. Etirazçılar “Serjik, get!”, “Putin get!”, “Avro Ermənistan”, “Müstəqil Ermənistan”, “Ermənilər, birləşin” şüarları səsləndirir. Aksiya iştirakçılarının əllərində Ermənistan və Ukrayna bayraqları, həmçinin üzərində “STOP – Russia!” sözləri yazılmış plakatlar var.
***
Ermənistanın Gömrük İttifaqına qoşulmasına etiraz edərək Yerevanda nümayiş keçirənlərin hərəkətinə polis cidd-cəhdlə mane olmağa çalışır. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, Yerevanın polis rəisi Baleri Osipyan aksiyanın qanunsuz olduğunu bəyan edib. Buna baxmayaraq, yürüşü davam etdirmək niyyətində olan aksiyaçılarla polis arasında qarşıdurma baş verib. Aksiya iştirakçıları “Müstəqil və azad Ermənistan!”, “Putinçilər!” və digər şüarlar səsləndirirlər. Situasiyanın getdikcə daha da gərginləşdiyi bildirilir. Digər məlumata görə, 5 nəfər saxlanılaraq naməlum istiqamətə aparılıb.