Bakıya sonuncu dəfə az qala hərbi gəmilərlə təşrif buyuran rus çarı Vladimir Putinin Ermənistan ziyarətini Gümrüdəki hərbi bazadan başlaması təəccüblü olmadı. Kreml başçısı bununla bölgə ölkələrinə, Qərbə açıq mesaj verdi ki, Rusiyanın xarici siyasətində hərbi güc amilinə istinad prioritet olaraq qalır və bu dəyişməyəcək.
Putinin Gümrüdə söylədiyi “Rusiya Güney Qafqazdan çıxmağa hazırlaşmır, əksinə, regionda möhkəmlənəcək” kəlməsi də əlbəttə ki, eyni çatdırışın təzahürü idi. Bunu həmçinin “Şərq tərəfdaşlığı” projesi ilə bölgə ölkələrini Moskvanın hərbi-siyasi təsir dairəsindən uzaqlaşdırmağa çalışan Avropanın, ABŞ-in qarşısına əlcək atmaq, Cənubi Qafqaz uğrunda sonadək dirəniş göstərmək məramı kimi dəyərləndirmək lazım gəlir.
Qərbin mesajlara cavab reaksiyası yəqin ki, özünü çox gözlətməyəcək. Bu cavablardan biri Ukraynada verilə bilər. Deyəsən, Putin özü də situasiyanın fərqindədir. Yoxsa İrəvanda oturub Ukraynanın daxili işlərinə kobud müdaxilə etməz, Kiyevdəki proseslərdə israrla Qərb “izi” axtarmazdı.
Fəqət, Kreml rəhbəri Güney Qafqazla bağlı nə qədər arxayın danışsa da, onun üçün acı gerçək belədir ki, bölgənin üç ölkəsindən biri – Gürcüstan artıq Moskva üçün itirilib. Rəsmi Tiflis ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri (Abxaziya və Cənubi Osetiya) ilə birgə Avroatlantik məkana, NATO-ya doğru inamla irəliləyir və bunu Moskva isteblişmentinin gözardı eləməsi sadəcə, mümkünsüz.
Hər halda, Vilnüs sammitindən sonra Avropa Birliyinin, ABŞ-ın öz nəhəng siyasi, iqtisadi və hərbi potensialları ilə balaca gürcü dövlətinin təhlükəsizlik problemlərinə xeyli diqqətli yanaşacağı şübhəsizdir. 2008-ci ildəki “5 günlük müharibə” avantürasının Moskva üçün ən ağır siyasi yekunu da zatən, budur – Gürcüstanın əldən çıxmasının sürətlənməsi.
Demək, “möhkəmlənmək” deyəndə Putin öncəliklə Ermənistanı, qismən də hələlik strateji seçimini edə bilməyən Azərbaycanı nəzərdə tutur. Daha çox da deyəsən, Azərbaycana ümidlidir. Bu xüsusda maraqlı detal: İrəvanda səfərin yekununa həsr olunmuş mətbuat konfransında Putin erməni jurnalistin “Azərbaycan Dağlıq Qarabağa hücum edərsə, Rusiya erməniləri müdafiə edəcəkmi” təhrikçi sualından faktiki yayındı, bölgədə qan tökülməsinin əleyhinə olduğunu dedi və bildirdi ki, belə suallara cavab “kontur-produktiv olardı”.
Yəni Kreml rəhbəri Gömrük İttifaqına (Gİ) qoşulduqdan sonra belə, Ermənistanı arxayın salmaqdan çəkindi, Moskvanın İrəvanın tərəfində olacağı, Bakıya qarşı Gürcüstan ssenarisini təkrarlayacağını söyləmədi. Belə bir mövqe Gömrük İttifaqına üzvlük seçimi ərəfəsində olan Azərbaycanı qıcıqlandırmamaq istəyindən daha çox, Kreml tərəfindən reallıqların dərki, eyni zamanda 2008-ci ildəki “5 günlük müharibə”dən götürülən ibrət dərsi ilə əlaqəli ola bilərdi.
Ümumiyyətlə, Rusiya yeni Qarabağ müharibəsini istəmir, savaş başlayacağı təqdirdə isə böyük ehtimalla neytral qalacaq – bunu Xramçixin başda olmaqla nüfuzlu rus hərbi analitiklərinin hamısı etiraf edir. Moskva strateqləri anlayır ki, siyasətdə bir suya ikinci dəfə girmək real deyil. Başqa sözlə, Azərbaycana “Gürcüstan ssenrasi”nin tətbiqi həqiqətən “konturproduktiv” ola, enində-sonunda bu Qafqaz ölkəsinin də Dağlıq Qarabağla birgə Qərbə yaxınlaşmasını sürətləndirərdi. O zaman regionda yalnız Ermənistana stavka edilməsinin önəmi qalmayacaq – əgər Rusiya hər tərəfdən AB, NATO üzvü ölkələrin ilə əhatələnəcəksə…
Bəs Rusiya liderinin Ermənistana səfərinin ermənilərə hansısa faydası oldumu? Guya oldu. Biri odur ki, İrəvan bundan sonra öz müttəfiqindən silah-sursatı Rusiyadaxili qiymətə alacaq. Ancaq bu qiymətlər də kasıb Ermənistan üçün kiçik deyil. Ən əsası, Moskva İrəvanla Bakını sürətlə silahlanma yarışına təhrik eləməklə, həm iki Qafqaz ölkəsinin, ələlxüsus Ermənistanın iqtisadi tərəqqisini əngəlləyir, həm də özü yaxşı para qazanmaqla yanaşı, münaqişə tərəflərinə güclü təzyiq rıçaqlarını əldə saxlayır.
İkincisi “fayda”: guya Gömrük İttifaqına tamhüquqlu üzv olacağı təqdirdə Ermənistana satılan təbii qaz 30 faiz ucuzlaşacaq. Ancaq Gİ-nin mövcudluğu hələ ki kağız üzərindədir. Ona kimi isə işğalçı dövlət boşalmaqda davam edəcək təbii ki…