Korrupsiyaya qarşı Mübarizə Fondu da 10 illik fəailyyətinə dair hesabat verib. Fonddan Modern.az bildirilib ki, vətəndaşları korrupsiyaya qarşı mübarizəyə cəlb etmək və bu mübarizənin aparılmasına ictimai nəzarəti təşkil etmək qurumun əsas məqsədlərindəndir. Əhalinin ərizə və şikayətlərinin dövlət orqanlarına göndərilməsində onlara hüquqi yardım göstərilir. Fondun regional nümayəndəlikləri əhalinin korrupsiya ilə bağlı ərizə və şikayətlərini qəbul edir, onlara hüquqi yardım göstərir və ərizələr aidiyyatı dövlət orqanlarına göndərilir.
Fondun gördüyü işlər arasında bütün ölkəni əhatə edən ictimai rəy sorğusu xüsusi önəm daşıyır. Ölkədə korrupsiyanın səviyyəsi və ona qarşı mübarizənin vəziyyəti ilə bağlı aparılan bu araşdırma əvvəlki illərdə keçirilənlərin davamı kimi qəbul olunur.
Bu il aparılan sorğuların nəticələri 2010-cu ildə keçirilən sorğunun nəticləri ilə müqayisə edilib:
– Daha çox rəyi soruşulan insan rüşvət verdiyi halda məsuliyyət daşıdığını dərk etməyə başlamışdır – 56% (2010)- 79%(2013).
– Əvvəllər rüşvətlə problemini həll etməyə çalışan vətəndaşlarımız indi daha çox dövlət orqanlarına müraciət etməyi üstün tutduğunu bildirir – 25% – 50%.
– Korrupsiyaya qarşı mübarizənin vəziyyətinin onları qane etdiyini deyənlərin sayı artmışdır – 26% – 30%. – Əvvəllər Azərbaycanda korrupsiyanın səviyyəsini yüksək qiymətləndirən vətəndaşlarımızın sayı – 52%-dən 33 %-ə enmişdir.
– Vətəndaşlarımız korrupsiya əməllərinə görə cəzaların sərtləşdirilməsinə tərəfdar olduqlarını bildirirlər – 36% – 49%.
– Korrupsiyanı aradan qaldırmaq üçün ictimaiyyətin hansı addımları atması sualına isə daha çox insan rüşvət verməkdən imtina etməyi üstün sayırlar – 29% – 43%.
Aşağılarda korrupsiyanın (məişət korrupsiyası) yayılmasının səbəbini rəyi soruşulanlar: qanunların icrasına nəzarətin zəif olmasında,əhalinin hüquqi savadsızlığında, yerli dövlət və bələdiyyə orqanlarının fəaliyyətinin şəffaf olmamasında və məmur özbaşınalığında görürlər.
Nəzərə alaq ki, bu araşdırma əsasən regionlarda keçirilmişdir. Sahibkarlıq fəaliyyətinə olunan qeyri-qanuni müdaxilələr, vətəndaşların ərizə və şikayətlərinə baxılması məsələlərində süründürməçiliklər onların cavablarında öz əksini tapmışdır.
Fondun builki sorğusu nəticəsində daha çox korrupsiyaya uğramış yerli dövlət orqanlarından əhalinin tez-tez ünsiyyətdə olduqları sahələr qeyd olunub:
Səhiyyə, yerli icra hakimiyyəti orqanları, təhsil, polis, Əmək və Əhalinin Sosial Müdafiə mərkəzləri, Tibbi-sosial ekspert komissiyaları, məhkəmə və digər qurumlar.
Bundan əlavə, rəyi soruşulanların əksəriyyəti AR prezidentinin korrupsiya qarşı mübarizə istiqamətində atdığı addımları dəstəklədiyini bildirirlər.