ARDNŞ-dəki sirli soyadla bağlı şok təfərrüatlar
SOCAR prezidentinin qohumunun gizli neft sövdələşmələri və böyük maxinasiyaları aşkarlandı; Britaniyanın “Global Witness” təşkilatı Azərbaycan neft sənayesinin xalqa deyil, nüfuzlu şəxslərin maraqlarına xidmət etdiyini açıqladı
Dekabrın 10-da Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı təqdim etdiyi hesabatda Azərbaycan neft sənayesində gizli fiqur kimi göstərilən Anar Əliyevin kimliyi bəlli olub.
Avropa.info-nun yaydığı xəbərə görə, Anar Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur: “Araşdırmamız nəticəsində bəlli olub ki, 1978-ci ildə Naxçıvan şəhərində anadan olan Anar Əliyevin atası Nüsrət Əliyev ARDNŞ prezidenti Rövnəq Abdullayevin doğma dayısıdır. Bundan əlavə, hesabatda adı keçən Anar Əliyevin qardaşı Nihat Əliyev hazırda SOCAR-ın satış direktorudur. Anar Əliyevin 1976-cı il təvəllüdlü qardaşı Bədəl Əliyev isə hesabatda göstərildiyi kimi, SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır. Anar Əliyevin daha bir qardaşı, Nicat Əliyev isə SOCAR-da rəsmi işdə çalışmasa da, onun da neft şirkətinə bağlı işlərlə məşğul olduğu bildirilir”. Daha sonra qəzetlərdə və sosial şəbəkələrdə Anar Əliyevlə bağlı yeni məlumatlar dərc olundu.
Qeyd edək ki, “Global Witness” təşkilatı SOCAR-ın iştirak etdiyi sövdələşmələrin şəffaf olmadığını bildirir. Məhz bu səbəbdən də hesabatda Anar Əliyevin adı çəkilir: “Anar Əliyevə məxsus şirkətlər Azərbaycanın neft sənayesi ilə bağlı iştirak etdikləri sövdələşmələrdən 375 milyon ABŞ dollar dəyərində mənfəət qazandıqlarını açıqlayıblar. Lakin “Global Witness” bu şirkətlərin müvafiq tender prosesi vasitəsilə seçilməsini təsdiq edən heç bir sübuta rast gəlməyib.
– Misal üçün, Anar Əliyev ARDNŞ-in neftin satışı üzrə İsveçrədə yaradılmış törəmə şirkəti olan “Socar Trading”ə etdiyi cəmi 5 milyon ABŞ dollar yatırımdan 118 milyon ABŞ dollar dəyərində mənfəət əldə edib. Bu şirkətin “Socar Trading”də hansı yolla iştirak payı əldə etməsi tam olaraq açıqlanmır.
– ARDNŞ-lə tərəfdaşlıq edən bir çox şirkətlərin səhmdarları açıqlanmadığından Azərbaycanın neft sənayesində mövcud bir sıra sövdələşmələrdən əslində kimlərin mənfəət əldə etməsi məlum olmur.
– ARDNŞ-in Dubayda “Socar International” DMCC adı altında neft satışı üzrə yaratdığı törəmə şirkətin 50%-i adları gizli saxlanan səhmdarlara məxsusdur”.
“Global Witness”in hesabatında bildirilir ki, ARDNŞ neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb. Bu işlər paylaşılarkən tenderlər keçirilməyib və özəl ortaqların hansı məntiqlə seçilməsi müəmmalı olaraq qalır.
Təşkilatın araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birində – Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan “SOCAR Trading SA” şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.
A. Əliyev 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində “Heritage Heritage General Trading FZE” şirkətini yaradıb. Bu şirkətin SOCAR-la son zamanlara qədər olan ortaq biznesinə nəzər salaq: “SOCAR-ın 2012-ci ildə potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, ARDNŞ “iki beynəlxalq tərəfdaşı ilə birgə” Maltada “Supra Holding” şirkətini qeydiyyatdan keçirib. SOCAR-ın internet səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib.
Həmin şirkətsə öz növbəsində 2008-ci ildə “Socar Trading SA” şirkətini yaradıb ki, Azərbaycan neftinin xaricdə bazarlanması ilə məşğul olsun. Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr Departamentinin xarici bazara çıxardığı xam neftin nə az, nə çox, 60 faizini məhz “SOCAR Trading SA” satırmış. (Mənbə: Socar Bond Prospekti)
Bu əməliyyatlardan “SOCAR Trading SA” təkcə 2010-cu ilin yanvarından 2011-ci ilin iyununa qədər 128 milyon AZN mənfəət götürüb. Bu məbləğin sadəcə 50 faizi SOCAR-a qalıb. Qalanı digər payçılar arasında bölünüb.
2012-ci ildə “SOCAR Supra Holding Limited” şirkətinin özəl səhmdarları Anar Əliyev və Valeriy Golovuşkindən onların paylarını alıb. “Global Witness”in araşdırmasında göstərilir ki, payları təhvil vermələri üçün Anar Əliyevin şirkətinə 103 milyon ABŞ dolları, rusiyalı Valeriy Qolovuşkinə məxsus “Renfrel Holding”ə isə 30 milyon ABŞ dolları ödəyib.
Beləcə, 5 milyon dollarlıq investisiya Anar Əliyevə 150 milyon dollardan artıq gəlir gətirib.
“Bu yenidən bizi o suala qaytarır ki, niyə SOCAR sadəcə mütəxəssisləri işə götürmək və nefti özü satmaq əvəzinə, nefti satmağa ortaqlar cəlb edib” deyə “Global Witness” hesabatında sual edir.
SOCAR-dan SOCAR-a neft satan şirkət
2011-ci ilin iyunundan etibarən SOCAR nefti satmaqda vasitəçi olmaq üçün başqa ortaqlıq yaradır.
“SOCAR İnternational DMCC” şirkəti 2011-ci ilin iyununda BƏƏ-də qeydiyyatdan keçib. SOCAR-ın həmin şirkətdəki ortaqlarının adı bəlli deyil. Amma o bəllidir ki, “SOCAR İnternational DMCC” şirkəti də nefti öz növbəsində “Supra Holding” vasitəsilə bazara çıxarırmış.
2011-ci ildə “SOCAR İnternational DMCC Supra Holdinq”ə 1,68 milyar dollarlıq, 2012-ci ildə isə 5,77 milyard dollarlıq neft satıb. Bu iki il ərzində artıq tam olaraq SOCAR-ın mülkiyyətinə keçən SUPRA ilə nefti istehsal edən SOCAR arasında vasitəçilikdən “SOCAR İnternational DMCC” 66 milyon dollar təmiz gəlir götürüb. Bu gəlir SOCAR-ın öz neftinin özünə satılmasından əldə edilib.
“SOCAR Trading SA” Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir.
A. Əliyevə məxsus “Heritage General Trading FZO” şirkəti SOCAR-la ən azı beş Birgə Müəssisədə ortaqdır. Bu cədvəldəki ortaqlıqlar və paylar barədə məlumat SOCAR-ın internet səhifəsindən götürülüb: (cədvəl №1)
Araşdırmada “Heritage General Trading FZO” ilə SOCARın ümumi biznesinin daha geniş olduğu göstərilir.
“Global Witness”, ümumiyyətlə, Anar Əliyevin direktor, yaxud təsisçi olaraq adının keçdiyi şirkətlərin SOCAR-la ən azı 48 sövdələşmədə tərəfdaş olduğunu bildirir.
Bunların arasında neft yataqlarının işlənməsi üzrə pay bölgüsü sazişlərindən tutmuş, neftdən çirklənmiş ərazilərin təmizlənməsinə qədər birgə müəssisələr və alyanslar var.
“Heritage General FZO” Anar Əliyevin SOCAR-dan yararlanan sadəcə bir şirkətidir.
Anar Əliyevin adı həm də Azərbaycanda qeydiyyatdan keçmiş ən azı dörd şirkətdə yer alır (mənbə: AR Vergilər Nazirliyinin məlumat bazası): (cədvəl №2) “Caspian Catering Service MMC”nin internet səhifəsindən öyrənirik ki ttp://www.caspcatering.com/index.html, SOCAR-ın quruda və suda olan gəmilərinin əməliyyat müəssisələrinin yeməkdən tutmuş, yataq dəstlərinə qədər təchizatını, hətta zərərverici həşəratlardan təmizlənməsini də bu şirkət həyata keçirir.
Bu təchizatçıya verilən sifarişlər barədə Satınalmalar üzrə Dövlət Agentliyinin məlumat bazasında heç bir məlumat yoxdur. Bu sifarişlərin verilməsi zamanı tenderlərin keçirilib keçirilmədiyi bəlli deyil.
Təchizatçı şirkətin sahibi – Panamada qeydiyyatdan keçən “Trans Marine United Corporation” şirkəti SOCAR-la başqa ortaqlıqlarda da yer alır.
Bu şirkətin arxasında duran adlar bəlli deyil, çünki Panama dövlət reyestrindən əldə edilən sənədlərdə təsisçi kimi göstərilən şirkət – Thalassa Marşal adalarında qeydiyyatdan keçib və təsis məlumatlarında əsl sahibləri gizlədilib.
Nəhayət, əsas suala keçirik:
Kimdir Anar Əliyev?
Anar Əliyevin SOCAR-la böyük layihələrə imza atan şirkətlər qurmazdan əvvəlki keçmişinə dair çox az rəsmi məlumat var. “Heritage General Trading FZO” şirkəti qurularkən təqdim etdiyi pasportda onun Naxçıvanda doğumlu olduğu göstərilir.
Naxçıvanda həqiqətən təvəllüdü və adı uyğun olan Əliyev Anar Nüsrət oğlu 2010-cu ildə seçici siyahısında qeydiyyatda olub. Sonralar onun qeydiyyat ünvanı Bakı şəhərinin Nərimanov rayonuna dəyişilib.
“Global Witness”in əldə etdiyi sənədlərdə Anar Əliyevin pasportunun surəti də var.
SOCAR-dakı mənbələr Anar Əliyevin əvvəllər Rövnəq Abdullayevin təhlükəsizlik xidmətində çalışdığını, onun qardaşı Bədəl Əliyevin isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer olduğunu bildirirlər.
SOCAR-dan bu məlumatları rəsmən dəqiqləşdirmək mümkün olmayıb. SOCAR kadrlar şöbəsindən Bədəl Əliyevin orada çalışması ilə bağlı suallara cavab ala bilməmişik.
10 min dollarlıq hotel hesabı
“Global Witness” də öz araşdırmasında Anar Əliyevin kimliyini sual edir. Hər halda, altı il ərzində Dövlət Neft Şirkətinin əsas tərəfdaşı olan bu əhəmiyyətli şəxsin kimliyinin ictimaiyyətə məlum olmaması anti-korrupsiya təşkilatının da suallarına səbəb olub.
“Global Witness” Anar Əliyevin adının həm də bir neçə il əvvəl hakerlər vasitəsilə əldə olunmuş sənədlərdə keçdiyini göstərir.
Bu sənədlərdən biri “Sumato Energy Servicess SA” şirkətinin baş meneceri Mətin Talışlı tərəfindən ödənən hotel qaiməsidir. Anar Əliyevin qaldığı iki gün üçün cənab Talışlı hotelə 10 min dollardan artıq hesab ödəyib.
“Ağ Şəhər” layihəsində pay
Anar Əliyevin biznesi neftlə kifayətlənmir. “Global Witness” Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı “Bakı Ağ Şəhər” layihəsində də yer adığını göstərir. Onun sahibi olduğu UGE şirkəti “Ağ Şəhər” layihəsində 99 faiz paya sahibdir.
Anar Əliyevin yuxarıda adı keçən şirkətlərdə öz maraqlarınımı, yaxud başqa, nüfuzlu, adı bəlli olmayan şəxsin maraqlarınımı təmsil etdiyi bəlli deyil. Bəlli olan Azərbaycan dövlətinə məxsus Neft Şirkətinin xalqa məxsus pulları və imkanları şəxsi ciblərə axıtmasıdır.
“Global Witness”in sorğularına yazdığı cavabda SOCAR öz fəaliyyətini milli qanunvericiliyə, beynəlxalq şirkətlərin təcrübəsinə uyğun həyata keçirdiyini qeyd edib, amma konkret suallara cavab verməyib.
musavat.com