Viktoriya Nuland: “Məncə, Yanukoviç nə etmək gərək olduğunu bilir”; Fəhmin Hacıyev: “Minlərlə insan Kiyevə axışır”
Ukrayna assosiativ tərəfdaşlıq sazişinin imzalanması üçün Avropa Birliyi ilə danışıqları bərpa edir. Bu haqda Ukrayna prezidenti Vladimir Yanukoviç ölkənin 3 keçmiş dövlət başçısı ilə görüşündə bildirib. Prezident Yanukoviçin sözlərinə görə, bu məqsədlə xüsusi nümayəndə heyəti artıq Brüsselə yola düşə bilər. Dövlət başçısı deyib ki, artıq 2014-cü ilin martında bu sazişin imzalanacağı mümkündür.
Ekspertlər prezidenti Yanukoviçin bu bəyanatını vətəndaş etirazlarının nəticəsi sayır. Hökumət geri çəkilsə də Ukraynada durum hələ də normala dönməyib. Hər gün “Berkut” müxalifətçilərə hücum edir və vətəndaşların nəzarətində olan hökumət binalarını geri almağa çalışır. Son 3 gündə toqquşmalarda 400-ə yaxın insanın xəsarət alması haqqında xəbərlər var. Onlardan 300-ə yaxını paytaxt Kiyevin xəstəxanalarında yerləşdirilib. Müalicə alanlardan 50-si milisdir.
Bu arada ölkədə iqtisadi böhranın ilk işartıları görünməyə başlayıb. Artıq üçüncü gündür vətəndaşlar pensiya və müavinətlərini ala bilmirlər. Hökumət başçısı Azarov pul qıtlığının səbəbi ilə maraqlanan xarici qəzetçilərə deyib ki, bütün bunlar iğtişaşlar yardan siyasi müxalifətin “xidmətləridir”. Onun sözlərinə görə, yaxın günlərdə hökumət ehtiyat fondlar hesabına pul qıtlığı yaranmasının qarşısını almağa çalışacaq. Ukraynada siyasi təlatümlərin iqtisadi böhrana səbəb olacağını öncədən gözləyən Beynəlxalq Valyuta Fondu isə ölkəyə maliyyə yardımı ayırmağa hazır olduğunu deyib.
Ötən günün ən ilginc olayı Maydan Nezalejnostidə (Azadlıq Meydanı) yaşanıb. ABŞ dövlət katibinin katibinin köməkçisi Viktoriya Nuland bu gün Kiyevdəki Azadlıq meydanına gəlib və aksiya iştirakçılarına çörək paylayıb.
Ukrayna mediasının yaydığı xəbərə görə, xanım Nulandın səfərinin əsas məqsədi Ukraynadakı siyasi böhranı çözməkdir. Nuland Həmkarlar Evində “Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk, “UDAR” Partiyasının lideri Vitali Kliçko, “Azadlıq” Partiyasının lideri Oleq Tyaqnıbok və digərlər müxalifət fəalları ilə görüşüb.
Avropa Parlamentinin Liberallar və demokratlar Alyansının nümayəndələri da daim Azadlıq meydanında olacaqlarını və dinc aksiyaya dəstək verəcəklərini bəyan ediblər.
“ABŞ açıq şəkildə bildirir ki, Ukraynanın Avropa məkanında gələcəyinin təmin edilməsi üçün bütün addımların atılmasını vacib sayır. Biz çox ümid edirik ki, prezident Yanukoviç bu istiqamətdə hərəkət edəcək”. Bu sözləri Nuland prezident Vladimir Yanukoviçlə görüşündən sonra bildirib.
Xanım Nuland bildirib ki, təhlükəsizlik və Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə danışıqlar məsələləri üzrə təcili tədbirlər görülməlidir: “Hələlik bunlar mümkün məsələlərdir. Ümid edirəm ki, Ukrayna xalqı ABŞ-ın insan ləyaqəti axtarışı, iqtisadi təminat və Avropa Birliyi ilə əlaqə məsələlərində onun yanında olduğunu bilir. Bizim prezident Yanukoviçlə söhbətimiz 2 saat sürdü. Bu çox çətin ancaq reallığı əks etdirən danışıq idi. Mən fövqəladə dəqiq şəkildə onun diqqətinə çatdırdım ki, ötən gecə baş verənlər çağdaş demokratik dövlət üçün qətiyyən qəbuledilməzdir. Mən əminəm ki, Yanukoviç nə etmək lazım olduğunu bilir. Bütün dünyanın gözü Ukraynadadır. Biz Ukraynanın gələcəyini daha parlaq görmək istəyirik”.
Qeyd edək ki, xanım Nuland danışıqların nəticələri ilə bağlı Ağ Evi bilgiləndirmək üçün danışıqlardan dərhal sonra Vaşinqtona dönüb.
Bu arada Maydanda baş verənləri canlı izləyən Azərbaycan Daxili Qoşunlarının keçmiş komandiri Fəhmin Hacıyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, dekabrın 11-nə keçən gecədən hüquq-mühafizə orqanlarının əməkdaşları Maydanı mühasirəyə alıb:“Vətəndaşları bir qədər sıxışdırmağa cəhdlər edilir. Ancaq mənim müşahidələrimə görə, Ukrayna Daxili Qoşunları xalqın yanındadır. Onlar vətəndaşlara hücum etməyəcəklərini açıq etiraf edirlər. “Berkut” isə verilən əmrləri icra etsə də daha loyal davranmağa başlayıb. Saatlar irəlilədikcə meydana xeyli insan toplaşır. Mənim müşahidələrimə görə, indi burada 70 minə yaxın etirazçı var. Maydan bütünlüklə müxalifət qüvvələrinin nəzarətindədir. Əldə elədiyim xəbərlərə görə, ölkənin xeyli bölgəsindən Kiyevə minlərlə insan gəlməkdədir. Son günlər “Berkut”un xalqla kobud davranması əks effekt yaradıb. İndiyə qədər siyasətlə o qədər yaxından maraqlanmayanlar belə, hakimiyyətin vətəndaşlarla zor dilində danışmasına etirazlarını bildirmək üçün Maydana axışır. Bununla yanaşı Ukraynanın bütün iri şəhərlərində tələbələr etiraz aksiyaları təşkil edib. Bu aksiyalara onminlərlə vətəndaş qoşulub”.
Fəhmin Hacıyevin fikrincə, bundan sonra insanların tələblərini geri çəkəcəyini, hökumətin köhnə komanda ilə işini davam etdirəcəyini düşünmək yersizdir: “Prosesin geriyə inkişafı mümkün deyil. Ukrayna xalqı ölkələrinin gələcəyini Avropanın tam hüquqlu üzvü kimi təsəvvür edir. Maydanın bugünlər dünyanın demokratik mübarizə mərkəzinə çevrilməsi vətəndaşların bu məsələdə nə qədər mütəşəkkil və ardıcıl olmalarının nəticəsidir. Ukrayna xalqı qərar verib və o qərar mütləq icra olunmalıdır”.
musavat.com