Publika.Az-ın cazibədar qadınlar layihəsinin bu dəfəki, qonağı Azərbaycan qadınlarının gözəlliyi üçün çalışan, onları da özü qədər zövqlü və gözəl görmək istəyən xanım Ruhi Əliyevadır. “Özünə bax” verilişində xanımlarımıza məsləhətlərini əsirgəməyən Ruhi Əliyeva ilə maraqlı söhbətimiz olub.
Qeyri-adi gözəlliyini ilk növbədə yaradana, sonra isə valideynlərinə borclu olduğunu söyləmədən keçə bilmərik. Bəs, o, gözəlliyini qorumaq üçün nə edir?
– Gözəllik həm də güc deməkdir. Siz bu fikirlə razısınız? Ümumiyyətlə, gözəllik nə ifadə edir?
– Qadın elə gözəllik deməkdir. O hər bir qadının ən böyük silahıdır desəm, yanılmaram.
– Yaradan qadına gözəllik bəxş edibsə, onu qorumağı da bacarmalıdır. Siz bunun üçün nə edirsiniz?
– Əlimdən gələn hər şeyi edirəm. Yeməyimə diqqət edirəm, pəhriz saxlayıram, dərimə qulluq edirəm və idmanla məşğul oluram.
– Xüsusi gözəllik sirriniz varsa, onu xanımlarımız üçün paylaşa bilərsiniz?
– Mən səhər tez durub, axşam da tez yatıram. Yuxu rejimimi heç vaxt pozmuram. İnsan yuxu rejimini pozduqda bu yorğunluq onun üzündə əksini tapır. Mənim gözəllik sirrim elə budur.
– Evdən çıxanda hansı kosmetik vasitəni mütləq çantanıza qoyursunuz?
– Kosmetik vasitələrdən gündəlik həyatda çox istifadə etmirəm. Amma çantamdan dodaq boyasını və ətri əskik etmirəm. Onlar həmişə yanımda olmalıdır.
– Harasa getmək üçün bəzənməyinizə təxminən nə qədər vaxt sərf edirsiniz?
– Efirə hazırlaşarkən makiyaja çox vaxt ayırıram, amma gündəlik həyatda qeyd etdiyim kimi makiyajdan minimum istifadə etdiyimdən çox az vaxtım gedir.
– Zinət əşyaları qadının gözəlliyini ucuzlaşdırır, yoxsa əksinə?
– Zinət əşyaları hər bir xanımın yaraşığıdır. Mən hətta deyərdim ki, daş-qaş xanımların gözəlliyinə gözəllik qatır.
– Ən sevdiyiniz geyim markası hansıdır?
– Ən sevdiyim brend “Chanel”dir, amma deyim ki, mənim üçün brend geyinmək əsas deyil. Əsas zövqdür. Başdan ayağa brend geyinməklə deyil, zövq yoxdursa, brend köməyə çatmaz.
– Öz zövqünüzə axralanırsınız, yoxsa kimsə kömək edir?
– Geyimlərimi özüm seçirəm. Makiyajımı və saçlarımı həvalə etsəm də, geyimimi heç bir stilistə etibar etmirəm.
– “Özünə bax” verilişi Azərbaycan xanımlarına nə öyrətdi?
– “Özünə bax” verilişinin əsas məqsədi ən zövqlü xanımı seçməklə yanaşı, xanımlarımızı maarifləndirməkdir. “Özünə bax” bir şou verilişi deyil, maarifləndirici layihədir. Biz çalışırıq ki, bura gələn xanımları maksimum maarifləndirək. Bu mövsümdən gördüyünüz kimi xanımlara tək məsləhətlər verilmir, canlı efirdə saç kəsilir, rənglənir, geyimlər ayaqqabılar və aksessuarlar dəyişir. Bütün bunların da bir məqsədi var – maarifləndirmək.
– Artıq uzun müddətdir ki, bu veriliş gedir. Dolayısı ilə xanımlarımızın qüsurlarından az-çox xəbərdarsınız. Sizcə, xanımlarımızın ən böyük qüsuru nədir?
– Bizim xanımların əsas üstünlüyü gözəl olmasıdır. Dünyanın heç bir yerində belə gözəl xanımlara rast gəlməzsiniz. Geyimdə yol verilən səhvlərə gəldikdə isə… Hər bir xanım öz bədən quruluşunu tanıyıb, ona uyğun geyim seçməlidir. Bəzən xanımlarımız öz ölçülərinə uyğun olmayan libaslarla qarşımıza çıxır. Azyaşlı xanımlar bəzən makiyajla özünü yaşından xeyli böyük göstərməyə çalışır. “Özünə bax” verilişində çalışan peşəkar komanda xanımların görkəmində yol verdiyi səhvləri aradan qaldırmağa kömək edir.
– Əsl qadında hansı xüsusiyyətlər özünü cəmləşdirməlidir?
– Xanım sözünün çox böyük dəyəri var. Birincisi xanımda xanım-xatınlıq olmalıdır. Xanım geyiminə, oturuşuna , duruşuna və danışığına fikir verməlidir. Xanım sözünün arxasında bir çox mənalar var. Xanım həm ana , həm bacı, həm də həyat yoldaşı deməkdir.
– Belə bir deyim var: “Kişilər, qadınları başa düşməyə çalışmayın. Onlar bir-birini başa düşür və bir-birinə nifrət edirlər!” Sizcə, qadınlar niyə bir-birinə qarşı nifrət bəsləyir və sədaqətli olmur?
– Mən bu fikirlə razı deyiləm, çünki ətrafımda mənə sadiq olan bir çox xanımlar var. Mən də öz növbəmdə həmişə xanımlara dəstək olmuşam , olacağam da!