“Yeganə müxalifət qəzeti” İlham Əliyevin adını niyə çəkmir?
20 günə yaxındır “Azadlıq” qəzetinin mövqeyində hakimiyyətə münasibətdə ciddi yumşalma müşahidə olunur. Qəzetin manşet yazısından tutmuş, digər materiallarına kimi ölkə başçısı İlham Əliyevin adına tənqidi planda demək olar ki, rast gəlinmir. “Azadlıq”ın 1-ci səhifəsindən – vitrinindən hakimiyyətin 1-ci şəxsinin adı demək olar ki, yığışdırılıb. Amma əvvəllər dəxli oldu-olmadı, yeri gəldi-gəlmədi az qala bütün sayların manşeti İlham Əliyevin sərt tənqidi üzərində qurulardı. Bu, köşə yazarlarının yaradıcılığında da ciddi gözə dəyir. “Azadlıq”ın ən sərt, radikal köşə yazarları da prezident mövzusunu “unudublar”.
Maraqlıdır ki, bu hal baş redaktorların noyabrın 24-də prezident İlham Əliyevlə görüşdən sonra daha ciddi müşahidə edilməyə başladı. Düzdür, həmin görüşdə “Azadlıq” qəzetinin baş redaktoru iştirak etmirdi. Çünki qəzetin baş redaktoru Qənimət Zahid hakimiyyətin təqiblərini əsas gətirərək bir neçə il öncə xaricə gedib. Hazırda o, Fransa paytaxtı Parisdə öz ailəsiylə birlikdə yaşayır.
Nə qədər qəribə görünsə də “Azadlıq”ın mövqeyindəki ciddi yumşalma məhz ölkə prezidentinə “Mətbuatın dostu” ödülünün verilməsindən sonraya təsadüf edir.
Həmin görüşdən sonra orada iştirak edən hər hansı KİV-in mövqeyində ciddi dəyişiklik olmadı. Məsələn, baş redaktoru prezidentlə görüşdə iştirak edən “Yeni Müsavat” qəzetinin mövqeyi necə vardı, bu gün də o cürdür. Hətta “Yeni Müsavat”ın həmin görüşdən sonraya təsadüf edən saylarında iqtidarın ünvanına daha kəskin manşetlərə və yazılara rast gəlmək mümkündür, həmçinin köşə yazarlarının məqalələrində də hakimiyyətə ünvanlı sərt tənqidi artıb. Amma ölkə başçısı ilə görüşdə bu və ya digər formada iştirak etməyən “Azadlıq” qəzetinin kursunda ciddi geriləmələr, yumşalmalar müşahidə olunmaqdadır.
Məsələn, son bahalaşmadan sonra “Azadlıq”da prezidentin adına rast gəlinmədi. Əvvəllər olsaydı, bahalaşma şübhəsiz bir başa prezidentin adına bağlanardı, bu addımın arxasında dövlət başçısının dayandığı bildirilərdi. Həmçinin, SOCAR-ın neft gizlinləri ilə bağlı ortaya çıxan məlum yazılarda da ölkə başçısının adına rast gəlmək mümkün deyil. Lakin təxminən 25 gün öncə olsaydı “Azadlıq” mütləq həm bahalaşmanı, həm də neft gizlinləri qalmaqalını İ.Əliyevə bağlayardı.
Hakimiyyətə, ölkə başçısına güzəştli mövqe nümayişi bununla da yekunlaşmır. Hamıya məlumdur ki, “Azadlıq” qəzetinin nəzarət paketi birmənalı şəkildə AXCP sədri Əli Kərimlinin əlindədir. Qəzetlə AXCP demək olar ki, eyni siyasi orqanizm halına gəliblər. Hazırda “Azadlıq” qəzetinin azsaylı müxbir və redaktor heyəti Xalq Cəbhəsi Partiyasının funksionerləri və Ə.Kərimliyə yaxın şəxslərdir. Artıq İ.Əliyevlə bağlı geriçəklimə AXCP sədri Əli Kərimlinin də fəaliyyətində hiss olunmaqdadır. Belə ki, son günlər Ə.Kərimlinin facebook statuslarında, ayrı-ayrı çağırış və yazılarında İ.Əliyevin adına demək olar ki, rast gəlinmir. “Azadlıq” qəzeti az qala hər gün Cəbhə sədrinin sosial şəbəkələrdə paylaşdığı statuslardan xəbər düzəldərək onları dərc edir. O yazılarda hakimiyyətin birinci şəxsi hər dəfə “yaddan çıxır”…
Sonda qeyd edək ki, AXCP prezident seçkilərinə bir neçə gün qalmış Bakının mərkəzi hissələrindən birində yeni qərargaha köçdü. Hakimiyyət Rəsul Quliyevin lideri olduğu ACP-ni həmin binadan zorla çıxardıqdan az sonra Xalq Cəbhəsi Partiyası o binaya kirayənişin kimi köçdü. Və bu proses hələ o vaxtlar maraqla və şübhə ilə qarşılandı.
Xatırladaq ki, hakimiyyət AXCP-ə 2006-cı ildən bu yana ofis kirayələməyə imkan vermirdi. Hətta AXCP rəhbərliyinin 250 min manata aldığı şəxsi mülki ofis kimi istifadə etməsinə də şərait yaradılmırdı. İndi birdən-birə, seçkiyə sayılı günlər qaldığı vaxtda ən radikal, barışmaz və İlham Əliyevi hər fürsətdə hədəf seçən bir müxalifət partiyasına bu cür “açılım” edilməsi ictimaiyyət tərəfindən maraqla izlənməkdədir.
24 noyabrdan sonra “Azadlıq” qəzetinin ACXP funksioneri olan nümayəndələri hər addımda “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu İlham Əliyevlə dostluqda ittiham edirlər. Amma görünən budur ki, bizi prezidentlə dostluqda ittiham edən qəzetçi-funksionerlər özləri hakimiyyətlə, onun 1-ci şəxsi ilə daha dərin dostluq əlaqələri qurmaqdadırlar… Xeyirli-uğurlu olsun. Necə deyərlər, Allah bazar versin…