Dünən saytlarda qəşəng bir başlıq və şəkil gördüm: “Abbas Abbasov Heydər Əliyevlə cavanlıq şəklini paylaşdı”. Şəkil də yaxşıydı: Əliyevlə Abbasov yanaşı oturublar. Nəsə bir toplantıdır. Güman ki, bu şəkil sovet dövründə çəkilib.
Abbas müəllimin bu şəklə şərhi çox maraqlıdır. Müəllim qeyd edir: “Mən özümü xoşbəxt insan hesab edirəm, belə ki, Heydər Əliyevin yaxın tərəfdaşı və həmfikiri olaraq 12 il ərzində onun rəhbərliyi altında işləmişəm. Heydər Əliyevin hakimiyyətə qayıdışının günü Milli Qurtuluş Günü kimi qeyd olunması tamamilə ədalətlidir”.
Bəli, hamı öz keçmiş iş yoldaşlarının xatirəsini əziz tutur, Abbas Abbasov da onlardan biridir. İnsanda nostalji, keçmişə xiffət deyilən bir hiss var, görünür, bizi digər canlılardan fərqləndirən əsas instinktlərdən biri də odur.
Düzdür, ola bilər, Namibiyadan tutulub gətirilmiş və Moskvadakı Avropa standartına uyğun zooparkda bəslənən, gündə neçə kilo ət yeyən şir 3-4 il öncə çöllükdə ac-acına dolaşdığı günlərin xiffətini çəkir, amma o durub öz hisslərini poetik şəkildə ifadə edə bilməz.
Ancaq o biri insani hisslərlə yanaşı adamda yaddaş deyilən bir şey də var və Abbasovun o cür gözəl sözlərini oxuyandan sonra, adamın beyninin hafizə funksiyalarına cavabdeh olan neyronları qımıldanır. Yaddaş deyir, bəs cəmi 5-6 ay qabaq vəziyyət başqa cür idi axı.
Əslində, yaddaşa da etibar yoxdur, ən yaxşısı arxivdir, Google axtarış motorunun bazasıdır. Yoxsa insanın yaddaşı 6 ay öncəki hadisələrin mindən birini tam dəqiqliyi ilə saxlaya bilməz.
İndi mən sizə bu ilin yayında Abbas Abbasovla hakimiyyətin iyul sıcağı kimi münasibətlərinə dair başlıqlardan bir xeylisini iqtibas edim, oxuyun yaddaşınız təzələnsin.
“Abbas Abbasov: Rusiyanı danlamağa son qoyun!” (Contact.az – 11 iyun. 2013);
“Abbas Abbasovun bəyanatı harada hazırlanıb? (”Xalq cəbhəsi” – 12 iyun);
Əli Əhmədov: “Abbas Abbasovun çirkli işlərdə iştirak etməsi barədə fikirlər səslənir” (“mediforum.az” – 13 iyun);
“Abbas Abbasovun vahid namizədliyi” (“Azadlıq.info – 14 iyun)
“Prezident Administrasiyası Abbas Abbasova qarşı bəyanat verdi” (tia.az – 29 iyun);
“Abbas Abbasovun bəyanatında hansı məmurların adı olub?” (azadlıq.info – 15 iyun);
“Nazim İbrahimov Abbas Abbasov qarşısında şərt qoydu” (musavat.com – 17 sentyabr)
“Abbas Abbasov dilemma qarşısında” (dia.az – 3 oktyabr):
“YAP-dan Abbas Abbasovun açıqlamasına reaksiya” (azNews.az – 4 oktyabr)
“Abbas Abbasov Kremlin siyasətini niyə dəstəkləyir?” (lent.az – 22 noyabr);
“Abbas Abbasova qarşı sərt ittihamlar” (qafqazinfo.az – 22 noyabr);
“Abbas Abbasov yenə hakimiyyətin qəzəbinə gəlib” (“azadlıq.info – 24 noyabr”)
Abbas Abbasovla Əliyev hakimiyyətinin isti, bəzən isə çox qaynar münasibətlərinə dair yazı başlıqları təkcə bunlar deyil. Bu mövzuda yazılan məqalələrin, xəbərlərin eləcə başlıqlarını burada yerləşdirmək mümkün deyil. Hələ ortada Abbasovun dostlarına, oğluna, digər qohumlarına, səfərlərinə, siyasi xadimlərlə, məmurlarla münasibətlərinə dair yazılar da var.
Göründüyü kimi, Abbas müəllim hakimiyyətin qəzəbinə əsasən iki dəfə gəlib – birinci dəfə iyunda, bəyanat verəndə, “Rusiya ilə nə işiniz var” deyəndə, ikinci dəfə də noyabrda – yeni bir bəyanat yayanda, təxminən “Yaxşı eləyib Rusiyada miqrantların anasını ağladırlar” deyəndə.
Təbii ki, ikinci dəfə də hökumətdən kimsə çıxıb Abbasovun çirkli işlərdə iştirak etməsi barədə fikirlər səsləndirməliydi. Nə vaxta qədər bunu Əli Əhmədov edəcək? O, yayda məhsuldar ötürməni verib, indi kimsə təkbətək çıxıb qol vurmalıdır.
Məsələn yayda onu Laçının boşaldılmasında ittiham etmişdilər, indi də Zəngilan ittihamı irəli sürmək olardı.
Yaydakı qovğada Abbas müəllim saatda 120 ilə geriyə şütüdü və canını Laçının və digər rayonların işğalında ittiham və qiyabi məhkum edilməkdən qurtardı. Yoxsa, bir azdan gerçəkləyəcəkdilər.
Belə görünür ki, bu “cavanlıq şəklinin paylaşılması” və onu müşayiət edən isti sözlər Bakının “payız hücumu”ndan qorunmaq üçündür.
Adama deyərlər, ağsaqqal adamsan, vaxtında dilini dinc qoy, sonra köhnə albomları eşələyib, şəkil axtarma.