“Rusiya imperiyanı bərpa eləmək üçün çox zəif, geridə qalmış və kasıbdır”. Nüfuzlu amerikalı politoloq, ABŞ prezidentinin sabiq köməkçisi Zbiqnev Bjezinskinin Ukraynadakı proseslər fonunda söylədiyi bu fikirlə razılaşmamaq çətindir. Ancaq hələ ki, müstəsna olaraq Qərbin neft-qaz dollarları, qismən də silah alveri hesabına kasad büdcəsini dolduran Rusiya imperiya iddialarından əl götürməyib və region ölkələrinə meydan oxumaqda davam edir.
Şimal qonşumuzun xoş niyyəti heç üfüqdə də görünmür. Hərgah, Kreml başçısı Putin SSRİ-nin əvvəlki qiyafədə bərpasının mümkünlüyünü ağılsızlıq adlandırıb, fəqət, Moskva strateji hədəfinə doğru çabalarına ara vermir və 2014-cü ilin axırınadək yeni imperatorluğun karkasını hazırlamaq əzmindədir. Lakin bu dəfə daha ehtiyatla, daha hiyləgərcəsinə və şirnikləndirici adlar və təkliflər altında.
O xüsusda “Yeni imperiyanın bərpası mümkünsüzdür” bəyanatı MDB çətiri altındakı 10 bədbəxt ölkəni ürkütməməyə yönəlib faktiki. Rusiyanın imperiya iştahası isə yalnız 60 milyonluq Ukraynada geridönməz şəkildə söndürülə bilər. Məhz Ukrayna – keçmiş Sovetlər Birliyinin Rusiyadan sonra ikinci böyük, güclü və açar dövləti bu ümidlərin üstündən çarpaz xətt çəkmək iqtidarındadır.
Qərb-Rusiya virtual savaşının cəbhə xəttinin Ukraynadan keçdiyini söyləyənlər şübhəsiz, bu mənada haqlıdırlar. Demək, Kremlin asanca geri çəkiləcəyini düşünmək yanlış olardı. Rusiyanın bu cür məsələlərdə sınanmış silahı isə separatçılıqdır. İstisna deyil ki, Kreml ən sonda rusların üstünlük təşkil elədiyi Şərqi Ukraynada həmin rıçaqı işə salsın.
Ancaq bu vasitənin Azərbaycan, Gürcüstan, Moldovadakı kimi eyni dərəcədə effektli olacağı şübhəlidir. Bir səbəbə toxunduq – Ukrayna iqtisadi-hərbi cəhətdən güclü, Rusiya ilə kəllə-kəlləyə qoymaq imkanında olan ölkədir, Avropa dövlətidir, köhnə qitənin qulağının dibində qərar tutan olduqca strateji bir məmləkətdir.
Bu və digər səbəblərə görə Qərbin, onun aparıcı söz sahibi kimi ABŞ-ın Ukraynadakı demokratik proseslərə sonadək siyasi-maliyyə, informasiya dəstəyi verəcəyi, adekvat olaraq Yanukoviç hakimiyyətini güclü pressinq altında saxlayacağı şəksizdir…
Qərb indi hamıdan yaxşı anlayır ki, demokratik imperiyalar olmur, əksinə, imperiyalar elə məhz demokratiyanı, demokratik rejimləri boğmaq, böyür-başında, yaxın-uzaq sərhədlər boyu özünə qohum üsul-idarələri bərqərar eləməklə mövcudluqlarını sürdürürlər. Bu xüsusda Ukraynadakı cəbhə xətti öncəliklə dəyərlər sistemlərini ayıran xətdir.
Belədirsə, yaşananların bizə, hətta qardaş Türkiyəyə bilavasitə dəxli və təsiri var. Ukraynanın bütünlüklə Qərbin, ümumbəşəri dəyərlər və hərbi-təhlükəsizlik çətiri altına keçməsinin Azərbaycana, məsələn, belə böyük faydası olacaq ki, ölkəmizdə demokratikləşmə prosesi yeni güclü stimul alacaq, azad dünyanın diqqəti onun ölçüyə gəlməz siyasi himayəsi və dəstəyi ilə bahəm, tədricən Azərbaycana – MDB-nin Ukraynadan sonra ikinci açar ölkəsinə fokuslanacaq.
Ən önəmlisi, Moskvanın təzyiqlərinə qarşı güclü kontur-müqavimət şansı, etibarlı sipər əldə edən rəsmi Bakının seçimi asanlaşacaq. Bakı bu seçimə istəməsə belə, gedəsi olacaq, çünki Ukraynadakı kimi, daxili amil də önə çıxacaq. Eyni zamanda Qarabağ probleminin həllində xeyrimizə ciddi dönüşün əsası qoyula bilər. Rusiyanın qızışdırdığı bu konfliktin hazırkı mərhələdə hərbi həlli yoxdur. Dinc çözüm perspektivində əsas söz isə Qərbə, demokratik dünyaya məxsusdur. Qərbin dəstəyini almaq üçünsə onun dostu olmaq gərəkir. Dost olmaq üçün də ki…
Başımıza belə bir xoşbəxtlik gələrsə, o zaman özünün dövlət kimi gələcəyi sual altında olan Rusiyanın ölkəmizə qarşı sonucu pisliyinin – separatçı rejimi tanımasının heç bir əhəmiyyəti qalmayacaq. Çünki Azərbaycan Qərbin yanında Dağlıq Qarabağla birgə dayanacaq. Əksinə, rusun ağuşunda qalıb onun antiqərb maraqlarına xidmətçisinə çevrilən Ermənistanın Qarabağ məsələsində, 100-cü bədnam ildönümü yaxınlaşan saxta “soyqırım” məsələsində dili gödək olacaq. Bu dili qısa zamanda, daha qısa edə bilərik.
Üzümüzə açılan şansları dövlət, millət olaraq qaçırsaq, halımız bundan da kötü olacaq.