Azərbaycan adından Ukrayna xalqına böyük tarixi jest
Yüz minlərin coşqusu ilə qarşılanan bu çıxışı əksər yerli telekanallar canlı yayımladı; Müsavat başqanı Ukrayna paytaxtında önəmli görüşlər də keçirdi, amerikalı senator Con Makkeynlə bir araya gələn müxalifət lideri “Burada inqilabi situasiya hökm sürür” dedi…
Xəbər verildiyi kimi, Müsavat başqanı İsa Qəmbər Avromaydana toplaşan yüz minlərlə avrointeqrasiya tərəfdarlarına Azərbaycanın demokratik qüvvələri adından həmrəylik nümayiş etdirmək üçün Ukraynanın paytaxtı Kiyevdədir. Dünən o, Avromaydanda ukraynalı azadlıqsevərlərin önündə çıxış edib. Çıxış Ukraynanın əksər telekanalları tərəfindən canlı olaraq yayımlanıb.
Avromaydanın tribunasından aksiya iştirakçılarını öncə Ukrayna, ardınca isə azərbaycanca salamlayan Müsavat başqanı xalqların azadlığı prosesindən, bu prosesin Azərbaycandakı başlanğıcından, böyük öndər M.Ə.Rəsulzadə irsindən danışıb. Bildirib ki, Ukraynada gedən proseslər Azərbaycanda da diqqətlə izlənir və hazırda Kiyevdə yalnız Ukrayna xalqının yox, bütövlükdə postsovet məkanının Avropa hissəsinin, hətta rus xalqının özünün taleyi həll olunur.
Başqan daha sonra çıxışında deyib: “Bu gün sizinlə eyni gündə Bakıda da rejimə, korrupsiyaya, qanunsuzluqlara, insan haqlarının tapdanmasına qarşı etiraz mitinqi keçirilir. Azərbaycanda da insanlar avrointeqrasiya tələb edirlər. Bu, təsadüfi deyil, çünki bizim sizinlə seçimimiz ümumidir, ortaqdır. Mən fəxr edirəm ki, 9 il qabaq, 2004-cü ilin noyabrında bu meydanda, bu tribunadan Ukrayna xalqına dəstək çıxışı etmişəm. Ukrayna xalqı o zaman seçki saxtakarlıqlarına qarşı mübarizə aparırdı. Bu gün isə onun inkişaf seçimini saxtalaşdırmaq cəhdlərinə qarşı burdadır. Sizli-bizli hamımızı yenidən Moskvanın boyunduruğuna sürükləmək istəyirlər. Ancaq mən əminəm ki, Ukrayna xalqı buna heç vaxt imkan verməyəcək!”
Müsavat lideri çıxışında xüsusi vurğulayıb ki, seçkiləri iqtidarlar saxtalaşdıra bilər, lakin xalqların strateji seçiminin qarşısını heç kim ala bilməz. Azərbaycan xalqı və müxalifəti adından Ukrayna xalqına böyük dəstək ifadə edən Müsavat başqanı “Azərbaycan və Ukrayna xalqlarının dostluğuna eşq olsun!” şüarı ilə öz çıxışını yekunlaşdırıb.
Müsavat başqanını bu səfərdə müşayiət edən müavini Gülağa Aslanlı və Ukraynada yaşayan sabiq Daxili Qoşunlar komandanı Fəhmin Hacıyev də Avromaydanın baş tribunasında İsa Qəmbərin yanında olublar.
Daha sonra Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə telefon danışığı zamanı İsa Qəmbər vurğulayıb ki, hazırda Ukraynada inqilabi situasiya hökm sürür: “Burada vəziyyət hər an dəyişir”.
Azərbaycanın müxalifət lideri səfər çərçivəsində dünən ABŞ-ın ən nəhəng iki partiyasından biri olan Respublikaçılar Partiyasının liderlərindən biri – senator Con Makkeynlə görüşüb. Daha sonra o, məşhur ukraynalı müğənni, Maydan hərəkatının ilk günlərindən əsl vətəndaş mövqeyi nümayiş etdirərək xalqla birlikdə olan və hazırda Ukrayna xalq hərəkatının liderləri sırasında yer alan Ruslana, Ukrayna müxalifətinin əsas siyasi liderlərindən olan “UDAR” Partiyasının sədri Vitaliy Kliçko və digər nüfuzlu müxalif siyasətçilərlə görüşlərini davam etdirib.
***
İsa Qəmbərin “dünya demokratiyasının əsas mərkəzi”nə çevrilmiş (ifadə Makkeynə məxsusdur -red.) Maydanda çıxışı Azərbaycanın bir müxalifət liderinin Ukrayna xalqına sadəcə, dəstəyi deyil. Bu, ən əvvəl müasir dünyanın demokratiya salnaməsini yaradan xalqa Azərbaycanın öz sözü və bayrağı ilə bir neçə dəqiqəlik qatqısı kimi dəyərləndirilməlidir.
Azərbaycan bayrağının həm tribunada, həm meydanda dalğalanması bu dəstəyin ifadəsi oldu. Maydana günlərdir Bakıdan azarkeşlik edən sadə azərbaycanlı əksəriyyət üçün bu həm də qürurverici hadisə idi…
Rəsmi Bakı isə üç həftəyə yaxındır davam edən və Azərbaycanın da taleyinə həlledici təsiri olacaq Maydanı sanki görməzlikdən gəlir. Heç Ukrayna prezidenti Viktor Yanukoviçə də açıq dəstək vermir. İsa Qəmbərin Maydanda çıxışı əslində ölkəmizə mümkün təhlükələrlə bağlı Azərbaycan hakimiyyətinin də demək və eşitmək istədiyi söz idi. Müsavat başqanı Azərbaycanı gözləyə biləcək təhlükədən, həm də belə bir seçim qarşısında qalarsa, hansı yolu tutacağını bütün demokratiya paytaxtlarına anons etdi.
Avromaydan hərəkatı başlayandan Kiyevin baş meydanında Avropanın və ABŞ-ın ən nüfuzlu təşkilatlarının nümayəndələri, müxtəlif dövlət adamları çıxış edərək Ukraynaya dəstəklərini ifadə ediblər. Azərbaycan bu siyahıya İsa Qəmbərin çıxışı ilə düşdü. Ölkəmizin səsi və mövqeyi Avromaydanda eşidildi və alqışlandı.
musavat.com