“Azadlıq” şər kampaniyasına ara verdi
Xeyli vaxtdır Müsavat Partiyasına, partiyanın rəhbərliyinə, “Yeni Müsavat” qəzetinə və şəxsən baş redaktor Rauf Arifoğluna qarşı böhtan kampaniyası aparan “Azadlıq” qəzeti 26 yanvar tarixli buraxılışında kampaniyanı dayandırıb. Belə ki, “Azadlıq” qəzetində 26 yanvarda adıçəkilən ünvanlara qarşı bir dənə də olsun yazı çap edilməyib.
“Azadlıq”ın bu addımına “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun münasibətini öyrəndik. R.Arifoğlu bildirdi ki, bu davanı AXCP sədri Əli Kərimli başladıb və bütün müxalifət düşərgəsini gözdən salan bir savaşa rəvac verib. Bu siyasətçinin zaman-zaman belə ciddi və strateji səhvləri müşahidə olunmaqdadır: “Cığal uşaqlar kimi bəzən İsa Qəmbərin üzünü-gözünü cırmaqlamağa çalışır. Bu da növbəti biabırçı, amma daha ağır bir səhnənin nümayişi idi. Əli Kərimli bütün gücü və sosial şəbəkədəki bütün imkanları ilə Müsavat Partiyasının, İsa Qəmbərin, ona yaxın olan bütün insanların, o cümlədən ”Yeni Müsavat”ın və mənim üstümə gəlməyə cəhdlər göstərdi. Bizi üzdən-gözdən salmağa yönəlmiş məqalələr, kampaniyalar təşkil etdirdi, barəmizdə təhqirlər və senzuradan kənar ifadələr işlətdirdi. Bilirsiniz ki, sosial şəbəkələrdə, o cümlədən də “Azadlıq” qəzetində Əli Kərimlinin zombiləşdirilmiş bir dəstəsi var. Bu dəstə o nə deyirsə, ona əməl eləməyə, qulaq istəyəndə baş kəsməyə hazırdır. Lakin Müsavat Partiyası təmkinini, ərdəmini saxladı, siyasətin bu cığal uşağına heç bir cavab vermədi. Mən qərara gəldim ki, biz “Yeni Müsavat” qəzeti olaraq Əli Kərimliyə başa salaq ki, bu cür taktika, şantaj kampaniyası heç də hər zaman onun qabağından insanların qaçması ilə nəticələnmir. Günün birində biriləri çıxır ortaya onun dərsini və cavabını verir. Biz ona bir dərs verdik, onu başa saldıq. Təəssüf ki, bu artıq dördüncü-beşinci dərsvermədir. İzah elədik ki, qaşınması tutanda gedib ayrı yerə sürtünsə daha məqsədəmüvafiqdir. “Azadlıq” qəzeti məhz onun komandası ilə bu yazıları saxlayıb. Sosial şəbəkələrdə isə davam edir bu kampaniya. Eyni zamanda, qəzetin saytını açanda, hər bölümdə mənə və qəzetə qarşı təhqiramiz yazıların başlıqları qalmaqdadır”.
“Yeni Müsavat”ın adətən cavab xarakterli yazılar yazdığını xatırladan R.Arifoğlu qeyd etdi ki, əlbəttə, “Azadlıq” qəzeti yazı verməsə və ya azaltsa, bu, biz tərəfdən də azalacaq: “Çünki dərdimiz-azarımız, problemlərimiz başımızdan aşır, qəzetlərin sıradan çıxma təhlükəsi var. Biz indi bilmirik ki, hakimiyyətin bizə qarşı yaratdığı böhranlı situasiyanın həlli ilə məşğul olaq, yoxsa gücümüzün 10-15 faizini, bəzən də 20 faizini Əli Kərimlinin şər və böhtan kampaniyasını təkzib eləməyə həsr edək”.
Baş redaktor vurğuladı ki, Əli Kərimli davranışı ilə Azərbaycan müxalifətini böhran vəziyyətinə saldı, elektorat arasında dərin parçalanma vəziyyəti yaratdı; bundan belə sussa da, susmasa da bir şey dəyişməyəcək : “Bütün bunların hamısının baiskarı Əli Kərimlidir. Məhz onun siyasəti nəticəsində Milli Şura adlanan kövrək qurum darmadağın oldu. Artıq Eldar Namazov və EL hərəkatı da orada təmsil olunmur. Müsavat Partiyası, ALP, Rəsul Quliyev təmsil olunmur. Mən ən azı iki böyük qüvvənin Milli Şuradan faktiki olaraq getdiyi haqqında özləri ilə söhbət eləmişəm. Lakin insanlar deyir ki, Əli Kərimlinin şantaj və böhtanından qorxub indiki anda çəkilməyi elan eləməyə risk etmirlər. Görün, bu adam necə bir mühit yaradıb ki, ayrı-ayrı siyasi qüvvələr, fərdlər, vətəndaşlar ona qarşı hansısa bir addım atmağa çəkinirlər və mənəvi terror mühitindən narahat olurlar. Bu terror mühitini biz darmadağın etdik. Hər kəsə göstərdik ki, bunlara qarşı getmək də, dərsini vermək də, ifşa etmək də olar”.
“Əli Kərimli davranışı ilə Azərbaycan müxalifətini böhran vəziyyətinə saldı, elektorat arasında dərin parçalanma vəziyyəti yaratdı, indən belə heç susmasın, nəsə dəyişməyəcək…”
R.Arifoğlu vurğuladı ki, onu heç bir anlaşma, heç bir partiyalararası münasibət bağlamır: “Lakin mən İsa Qəmbərin dostu kimi, Müsavat Partiyasına əmək vermiş 25 illik müsavatçı stajı olan bir vətəndaş kimi Müsavatın, İsa Qəmbərin üzərinə gələn böhtan kampaniyasına dözmədim, cavab verdim. Əli Kərimli bilsin və bilir ki, mən onun haqqında elə şeyləri yaza bilərəm o, ümumiyyətlə insan üzünə çıxa bilməz. Buna görə də mənim məsləhətim, tövsiyəm ondan ibarətdir ki, qızışmasın, çevrəsindəki insanları da qızışdırıb cəmiyyətin üzərinə salmasın, siyasi mühiti bu dərəcədə çirkləndirməsin. Əks halda cavab veriləcək və zərər verdiyi qüvvələr qədər, ondan da daha artıq özü zərər çəkəcək. Mən ”Yeni Müsavat” tam dayandı” deyə bilmərəm. Çünki biz bu cür komandalarla idarə olunmuruq. Mövzu olsa, yazı olsa, sosial şəbəkələrdə yenə üstümüzə hürən olsa, biz öz daşlarımızı onlara atacağıq. Əlimizdə hələ 7-8 iri material var, rəhmətlik Elmar Hüseynovun Əli Kərimli haqqında yazdığı məqalə var, digər faktlar və kitablardan götürülmüş iqtibaslar, arxivdən hazırladığımız yazılar mövcuddur. Lakin biz də bir müddət onların çapına ayaq verəcəyik və gözləyəcəyik. Əslində bunların AXCP Rəyasət Heyəti tərəfindən qərarlaşdırılmış, Fuad Qəhrəmanlı tərəfindən elan olunmuş atəşkəs, moratorium qərarına necə riayət etmələri monitorinq olunacaq. Bundan sonra da təbii ki, biz də öz yolumuza davam edəcəyik”.