Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət ciddiləşib
Yanvar ayının ortalarından etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət ciddiləşib.
Bu barədə Beynəlxalq Böhran Qrupunun bülletenində bildirilir.
Təşkilat qeyd edib ki, yanvarın 20-dən təmas xəttində başlayan gərginlik nəticəsində münaqişə tərəfləri istər vəzifəli şəxslər, istərsə də KİV tərəfindən düşmənçilik ritorikasına qayıdaraq bir-birini zorakılıqda ittiham edirlər.
Beynəlxalq Böhran Qrupunun məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 24-də Parisdə keçirilən görüşündə gərginlikdən narahat olduqlarını bildirib və tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıblar.
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni silahlı qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. Həmin dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib.
Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.