Sabiq polis işçisi, hazırkı deputat Adil Əliyevin “2005-ci ildə İsa Qəmbərə çətinliklə qalib gəldim” deməsi və bundan sonra Müsavat yetkililəri ilə onun arasında gedən polemika göstərdi ki, bu ölkədə demokratik seçkinin nə olduğu barədə təsəvvürlər çox zəifdir.
Həmin polemikaya başqa qoşulanlar da vardı və bəziləri iddia edirdilər ki, 2005-ci ildə Adil Əliyev olduqca fəal işləyib, seçicilərin səsini almaq üçün dəridən-qabıqdan çıxıb və çəkdiyi zəhmətin bəhrəsini görüb.
Sanki fəal olmaq, özünü oda-közə vurmaq deputat seçilmək üçün kifayətdir. Ona qalsa, elə həmin il seçkilərdə Adil Əliyevdən də artıq fəallıq göstərənlər, möhtəşəm kampaniya aparanlar vardı, kifayət qədər səs də toplamışdılar, amma mandat ala bilmədilər. Nədən?
Ona görə ki, onların adı Superseçicinin siyahısında deyildi. Bu ölkədə deputat seçilməyin əzəl şərtlərindən biri namizədin adının hələ seçkidən öncə o siyahıda olmasıdır.
Bu qayda 1995-ci ildən tətbiq olunur. O vaxt hələ seçkidən 15-20 gün əvvəl hazırda həbsdə olan Meydan qəhrəmanı Nemət Pənahlı seçiləcək deputatların siyahısını yüzdə 95 faiz dəqiqliklə bəyan etmişdi.
Seçkidən sonra məlum oldu ki, onun elan etdiyi siyahıda yalnız beş-altı mandatın sahibi öncədən düz göstərilməyib. O da ona görə ki, son anda ali sarayda vəziyyətə baxıblar, beş-altı adamla bağlı qərar dəyişdiriblər. Bir seçki dairəsində özünü şanslı sayan iki namizədin tərəfdarları arasında qan tökülmüşdü, nəticədə mandat üçüncü namizədə qismət olmuşdu. Digər seçki dairələrindəki “favorit”lərin hərəsi bir cür “vurulmuş”, “şahlıq quşu” başqa namizədin başına qonmuşdu.
2000-ci ildə də mandat alacaq namizədlər yenə 100-də 95 faiz nisbətində öncədən bəlliydi. Belə görünürdü ki, bu 5 faizlik həddi qorxuluq üçün, hər ehtimala qarşı, manevr edə bilmək məqsədilə saxlayırlar.
Eyni vəziyyət 2005-də də yarandı və Adil Əliyevin adı həmin mandat alacaq şəxslərin siyahısında idi.
Bu siyahıya daxil olanların mandat almaması variantı fövqəladə hal ola bilərdi. Ona görə də dövlətin, hakimiyyətin, hakim partiyanın bütün resursları onlar üçün səfərbər olunmuşdu. Adil Əliyev də o resurslardan faydalanırdı və bu, heç kəsə sirr deyildi. Seçki dairəsi ərazisində yaşayan bütün hakimiyyət adamları, büdcə təşkilatlarında çalışanlar, qanunla seçki prosesində yalnız seçici kimi iştirak etməli olan polislər, digər hüquq-mühafizə orqanlarının işçiləri A.Əliyevin seçki qərargahının üzvləri kimi fəaliyyət göstərirdilər.
Hələ total saxtalaşdırma hallarına toxunmadan təkcə bunlar kifayət edir ki, seçkinin beynəlxalq standartlara, demokratik prinsiplərə uyğun olmadığı iddia olunsun. Hakimiyyətin məqsədi təkcə Adil Əliyevin mandat alması deyildi, İsa Qəmbərin zorla uduzdurulması idi. Bununla iqtidar sahibləri göstərmək istəyirdilər ki, Müsavat başqanı heç də 2003-cü ildəki prezident seçkilərində çox səs toplamayıb.
Başqa sözlə, həmin il o dairədə Adil Əliyev yox, başqa biri, tutaq ki, Adil Quliyev namizəd olsaydı və “95 faizlik siyahı”da onun adı qeyd olunsaydı, məhz o “seçiləcəkdi”. Hər şeyi seçkidən öncə “seçilmişlər”in siyahısındakı adın qarşısına qoyulan “quş” işarəsi həll edirsə və işarə başqa birinin adının qarşısındadırsa, Adil Əliyev həmin dairədə namizədliyini vermiş doqquz adamdan ən yaxşı halda səkkizinci ola bilərdi.
Bu baxımdan gərək hər kəs realist olsun, YAP-ın kölgəsini özününkü hesab eləməsin.
2010-cu il seçkisində də elə oldu. Yalnız bu dəfə yuxarıda sözügedən siyahının taleyi yüzdəyüz həll olunmuşdu. Öncədən qərar verilmişdi ki, “destruktiv müxalifət” adlandırılan qüvvələrdən bir nəfərə belə mandat verilməsin. Bu cür qərar veriləndən və onu zorakılıqla, saxtakarlıqla icra etməyə əl altında kifayət qədər əlaman olduqdan sonra hüquqçu akademiki idmançı tələbəyə uduzdurmaq texniki işdir.
Ona görə də qoy bəziləri bir az təvazökar olsunlar, üstündən zaman keçdiyinə görə köhnəlmiş haqsızlıqları yenidən gündəmə gətirib özlərinə üstünlük düzəltməsinlər. Əsasən də ona görə ki, növbəti dəfə ad siyahıya salınmaya bilər.
Adil Əliyev bir daha o cür ifadə işlədəsi olanda cümləsini aşağıdakı kimi qursa, həqiqəti daha yaxşı ifadə edər: “2005-də İsa Qəmbərə zorla qalib gəldim”.
Zor. Açar söz budur.