Bu gün Müsavat başqanın müavini, Qarabağ müharibəsi veteranı, siyasi məhbus Tofiq Yaqublunun doğum günüdür. Onun 53 yaşı tamam olur.
T.Yaqublu düz bir ildir ki, azadlıqda deyil, onu keçən il bu günlərdə həb s ediblər. Bu, T.Yaqublunun məhbəsdə qeyd etdiyi ikinci doğum günüdür.
Siyasi fəaliyyəti ilə yanaşı qəzetimizdə də vaxtaşırı köşə yazıları ilə çıxış edən Tofiq Yaqublunun əsassız və haqq-ədalətsiz şəkildə mühakimə olunduğu bu gün nəinki ölkədə, hətta onun hüdudlarından kənarda da bu məsələ ilə maraqlanan hər kəsə bəllidir.
Fəqət ona qarşı yol verilən haqsızlığın sonu görünmür. T.Yaqublunun nə günahsız olduğu nəzərə alınır, nə vətən torpaqlarının müdafisəi üçün can qoyması, nə də həyat yoldaşının ağır yaralı durumda olması.
Ancaq hər halda, ədalətdən ümid kəsilməz. Ümid edirik ki, T.Yaqublunun və onun ailəsinin məruz qaldığı haqsızlıqların sonu çatacaq, onun özünün qapısı açılacaq, evinin qapısı da onu ziyarətə gələn dostlarının üzünə açılacaq.
“Yeni Müsavat” qəzeti və musavat.com saytının kollektivi dəyanətli və fədakar əməkdaşımızı doğum günü münasibəti ilə təbrik edir, ona dünyanın ən böyük iki nemətini – azadlıq və cansağlığı arzulayır.