“Səhhətimdə problemlər yaranıb. Bu səbəbdən də işdən ayrılmaq qərarına gəldim”.
Bunu virtualaz.org saytına açıqlamasında bu gün “Xəzər” TV-dəki işindən ayrılması barədə xəbərlər yayılan tanınmış teleaparıcı Anar Nəcəfli deyib. O, TV-dən getdiyini təsdiqləyib.
A.Nəcəfli bildirdi ki, bir müddət müalicə almaq və dincəlmək istəyir: “Bir müddət dincələcəm. Bundan sonra isə yenə iş haqqında düşünəcəyəm”.
Tanınmış teleaparıcı AzTV-dən iş təklifi alması ilə bağlı deyilənləri isə təkzib etdi: “Yox, nəinki AzTV-dən, ümumən hələ heç yerdən təklif almamışam”.
Qeyd edək ki, A.Nəcəflinin AzTV-dən iş təklifi alması barədəki xəbəri virtualaz.org saytına “Xəzər” TV-dəki mənbələr vermişdi.
Xatırladaq ki, A.Nəcəfli istefası barədə xəbəri bu gün öz facebook hesabında paylaşıb. O yazıb: “7 ildir işlədiyim “Xəzər” TV-dən müəyyən səbəblərə görə getdim. Bu gün “Xəzər”də sonuncu efirim olacaq. Allah hər kəsin yolunu açıq etsin”.
Yada salaq ki, bu gün “Xəzər” TV-nin daha bir aparıcı əməkdaşı – Xəbərlər Departamentinin şef-redaktoru Nəcəf Həsənli də işdən çıxarılıb. Onun yerinə artıq təyinat da olub.
***
“Xəzər Xəbərin” aparıcısı Anar Nəcəfli telekanaldan ayrılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə teleaparıcı facebook hesabında məlumat verib:
“Müəyyən səbəblərə görə, 7 ildir işlədiyim “Xəzər TV”dən ayrılıram. Bu gün “Xəzər Xəbər”də sonuncu efirim olacaq. Allah hər kəsin yolunu açıq etsin”.
Anar Nəcəfli səhhətində yaranan problemlərə görə, rəhbərliyə işdən azad olunması ilə bağlı müraciət edib.