Ümidlər indi də növbəti Novruza bağlanıb. Azərbaycanda siyasi dustaqlar olmasa, bəlkə də əfv mövzusu heç kimin yadına düşməz. Yaxud hansısa məhbus hansısa bayramda ölkə başçısının mərhəmətinə tuş gəlsə belə, bir o qədər ölkə gündəmini məşğul eləməz.
Amma biz analoqsuz Azərbaycanın təbəələryik. Bu məmləkətin bir bənzərsizliyi də onun bənzərsizliyidir. Yəni odur ki, dünyada təkcə neft və qazımıza görə, analoqsuz korrupsiya göstəricilərinə görə tanınmırıq; eyni zamanda biz illərdir qapadılmayan siyasi (vicdan) məhbusları probleminə görə məşhuri-cahanıq, bədnamıq.
Artıq heç bir quşqu yoxdur ki, ölkədə mövcud siyasi hakimiyyətin mahiyyəti kardinal şəkildə dəyişməyincə, avtoritar-yarımdiktatura rejimi öz yerini analoqsuz-filansız normal, demokratik idarəçiliyə verməyincə, bayramlar əfvsiz, həbsxanalar siyasi məhbuslarsız olmayacaq.
İllərdir belə dövran edir – bir ucdan “əfv edən” mərhəmət yiyələri o biri ucdan yeni siyasi həbslər sifariş verir, türmələrin bircə ay şərlənən, günahsız məhbuslardan “istirahət eləməsinə”, nəfəs dərməsinə dözə bilmirlər. Çünki bu, artıq rejimin bir yaşam tərzi, hətta xobbisidir.
Sanki ali məqam sahiblərinə elə gəlir ki, qanunsuz həbsləri, repressiyaları bircə ay həyata keçirməsələr, cəmiyyətdə dərhal hakimiyyətin zəiflədiyi haqda rəy formalaşar, ölkədə zor gücünə saxlanan mifik sabitlik zədələnər.
Avropa İnsan Haqları Məhkəməsinin çoxdan bəraət verdiyi sabiq səhiyyə naziri Əli İnsanovun, Müsavat başqanının müavini Tofiq Yaqublunun, REAL sədri İlqar Məmmədovun, NİDA-çıların süni surətdə uzadılan məhkəmələri, təzəcə narkotik ittihamı ilə şərlənərək tutulan VHP-çi gənc Ömər Məmmədova qarşı hazırlanan qurama iş hakimiyyətin cəmiyyəti nəzarətdə saxlamaqdan ötrü ənənəvi, lakin köhnəlmiş və sivil dünyada ikrah doğuran üsullardan imtina eləməyə hazırlaşmadığının bariz göstəricisidir.
Əfv siyasəti də eyni taktikanın tərkib hissəsidir və humanizm məramından çox, hakim üsul-idarənin dayaqlarının və toplumdakı xofun qorunub saxlanmasına xidmət edir. Bu idarəçiliyin ayaqda olması haqda, onunla hamının hesablaşmaq zorunda qalması, tənqidi deyil, tərifi sevməsi haqda rəyi gücləndirməyə yönəlib.
Ancaq kimə lazımdır elementar ədalətdən uzaq düşmüş bir qüvvənin humanizmi, mərhəməti, yaxud minnətli yaxşılığı? Ədalətli olmayanlar, ümumiyyətlə, humanist ola bilərmi? İnsan niyə də şərlənib tutulsun ki, sonra da “əfv” edilsin?..
Dinimizə görə, əgər bir şey yerində deyilsə, yerinə qoyulmayıbsa, demək, ona zülm edilib. Bu qiymət fiziki anlayışlarla yanaşı, mənəvi kateqoriyalara da aiddir. Məsələn, məmləkətdə haqq-ədalət, humanizm baş-ayaqdırsa və ya təhrif edilibsə, ədalətin yalnız görüntüsü qalıbsa, daha betəri, rəhbərin qəddarlığı mərhəmət qismində zühur edirsə, insan haqlarından, dindən-imandan, tolerantlıqdan, demokratiyadan, azad seçkidən, korrupsiya ilə mübarizədən ən çox danışan elə bu dəyərləri tapdayanların, korrupsiyaya bulaşanların özləridirsə, o məmləkət və onun toplumuna zülm edilmişdir.
Bəs zülmə qarşı peyvənd nədir? Əlbəttə ki – ƏDALƏT, ədalətli hakimiyyət! Hamını, hər şeyi layiq olduğu yerə qoyan, günahsızın azadlıqda, cinayətkarın isə (fərq eləməz: bu cinayətkar baş kəsib, yoxsa seçkini saxtalaşdırıb, namuslu insana qarşı yalan ifadə verib) zindanda olmasını təmin edən ədalət prinsipi.
Ədalətsiz ölkə analoqsuz olsa da abad ola, tərəqqi tapa bilməz.