“ASAN xidmət” mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar (kupça), texniki pasportlar veriləcək.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” verdiyi fərmanda əksini tapıb.
Fərmana əsasən, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti də verilib. İndiyə qədər Dövlət Agentliyinin ilkin qeydiyyat istisna olmaqla yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi səlahiyyəti olub. Agentlik bundan sonra fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar da verə biləcək.
Fərmana əsasən, “ASAN xidmət” mərkəzləri yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması, xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri də göstərəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bu xidmətlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etmək tapşırılıb.
Həmçinin qərara əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndəriləcək. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarəti və müddətlərin bitməsi barədə məlumatlandırılacaq.Cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada, eləcə də yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə xüsusi ödəmə terminalları ilə ödəniləcək. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələrin mobil telefon aparatları ilə ödəniləcək. Eləcə də -məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları
ilə ödəniləcək.