14 fevral romantik filmləri yada salmaq üçün əla bəhanədir. Bu səbəbdən Büro 24/7 redaksiyası sevgilinizlə izləyəcəyiniz ən yaxşı filmlərin toplusunu hazırlayıb. Bəyəndiyiniz filmi seçin və gününüzü əsl sevgi əhval-ruhiyyəsinə kökləyin.
1. “Cangüdən”
Cinayətkar keçmişi ilə vidalaşmağa çalışan Mitç kinoulduz Şarlotta ilə tanış olur. Aktrisanın gözəlliyi Mitçi ona aşiq edir. Mitç cangüdən olaraq, aktrisanı aqressiv paparatsilərdən və onu izləyənlərdən qoruyur. Ancaq cinayətkar keçmişi onu asanlıqla buraxmır.
2. “Parisdə 2 gün”
Marion və Cek münasibətlərini yeniləmək üçün Parisə səfər etmək qərarı verirlər. Cek bilir ki, burada Marionun valideynləri yaşayır. Ancaq o hələ bilmir ki, Paris onun bir neçə keçmiş sevgilisinin də yaşadığı şəhərdir.
3. “Sərfəli dostluq”
Castin Timberleyk və Mila Kunisin baş rollarda çəkildiyi komediyada orijinal ssenari və xüsusi effektlər olmasa da, izləyicilərin bu filmi bəyənəcəkləri dəqiqdir. 2 baş qəhrəman ciddi münasibətlərdən bezərək aralarında şərt kəsirlər: seks!
4. “Aşiqlər”
Milad bayramından öncə kitab mağazasında qarşılaşan cütlüyü tale dəfələrlə görüşdürür. Bu görüşlər əsl sevgi hekayəsinin əsasını qoyur. Filmdə baş rolları Meril Strip və Robert de Niro canlandırıb.
5. “Yaddaş gündəliyi”
Yaşlı kişinin qocalar evində bir qadına oxuduğu sevgi hekayəsi… Bu əhvalat Şimali Karolinada müxtəlif sosial təbəqələrdən olan gənc oğlan və qızın münasibətləri haqqındadır. Noy və Ellini valideynləri ayırana və İkinci Dünya müharibəsi başlayan qədər onlar unudulmaz yay tətili keçirirlər. Sonrakı hadisələri filmdə izləyə bilərsiniz.
6.”Mulen Ruj”
Nikol Kidmanın baş rolda çəkildiyi ən məşhur filmlərdən biridir. Hadisələr 19-cu əsrdə Parisdə baş verir. İki kişi, kasıb yazıçı və varlı hersoq Satinin (Kidman) sevgisi uğrunda mübarizə aparırlar.
7.”50 ilk görüş”
Henri avtoqəzadan sonra yaddaşını itirən Lyusi ilə görüşür, hər yeni gününü isə yenidən başlamaq lazım olur. Ancaq Henri təslim olmur və öz sevgisi uğrunda mübarizəyə davam edir.
8.”Sevməyə tələs”
Lendon Karter məktəbin ən yaraşıqlı gəncidir. Əlbəttə ki, o, ancaq təhsil barədə düşünən Ceymiyə fikir vermir. Karterin növbəti şuluqluğundan sonra onu məktəb teatrında iştirak etməyə məcbur edirlər. Burada isə o, Ceyminin köməyindən istifadə etməlidir.