“Barselona” öz meydanında “Rayo”nu 6:0 hesabı ilə məğlub edib
İspaniya La Liqasının lideri “Barselona” futbol klubu bu gün “Rayo”-nu öz meydanında qəbul edib.
ANS PRESS-in məlumatına görə, La Liqanın 24-cü həftəsinin oyunları çərçivəsində “Barselona” rəqibi “Rayo” üzərində böyük hesabla üstünlük qazanıb.
Matça olduqca sürətli başlayan barsalılar Adrianonun 2-ci dəqiqədə vurduğu qolla hesabı açıblar. İniestanın ötürməsini dəyələndirən Messi 36-cı dəqiqədə fərqlənib. Beləliklə, oyunun ilk hissəsi 2:0 hesabla sona çatıb.
“Barselona” oyunun ikinci hissəsində də eyni əzmkarlığı göstərib. Gecənin yaxşı oynayan futbolçularından olan Aleksis Sançez 53-cü dəqiqədə top fərqini 3-ə çatdırıb. Daha sonra 56-cı dəqiqədə Pedro, 68-ci dəqiqə yenidən Messi və 89-cu dəqiqədə Neymarın vurduğu qolla “Rayo”nu məyus ediblər.
Oyun 6:0 “Barselona”nın qələbəsəi ilə başa çatıb.
Qeyd edək ki, bu hesabla xalını 60-a çatdıran “Barselona” liderlik kürsüsünə yüksəlib.