Ölkəmizdə demokratik dəyişikliklər, azad vətəndaş cəmiyyətinin formalaşması, siyasi, sosial və iqtisadi sahədə köklü islahatların aparılması uğrunda mübarizə aparan xeyli gənclər təşkilatı var. Onlar Azərbaycan konstitusiyası və qanunları çərçivəsində mübarizə aparır və getdikcə cəmiyyət arasında geniş nüfuz qazanırlar. Hakimiyyət onu təşvişə salan məhz bu məqama görə gəncləri susdurmaq ücün repressiv addımlara rəvac verir. Lakin bu repressiyalar əks reaksiya verməkdədir. Sanki hakimiyyətin basqıları gücləndikcə gənclərin mübarizə əzmi daha da artır. Həbs olunan bir gəncin yerinə meydana beşi çıxır.
Bizim indiyə qədər bas verən ictimai-siyasi olaylar haqda fikirlərimiz müxtəlif ola bilər. Ancaq biz gənclər keçmiş barədə mübahisələrə vaxt itirmirik, çünki bizi gələcək maraqlandırır. Azərbaycan gəncləri arasında düşünən, cəsarətli, öz ölkəsinin taleyinə biganə qalmayan və onun gələcəyi üçün üzərinə məsuliyyət götürməyə hazır olan kifayət qədərdir. Amma çox təəssüf ki, bu gün gənclər hakimiyyətin böyük mənəvi-fiziki basqısı ilə üz-üzə qalmaq zorundadır.
“Biz yeni, azad nəsilik” deyə azadlıq hayqıran səsləri boğmağa çalışan siyasi rejim gənclərə qarşı ağlagəlməz yollara əl atır. Başda “nida”çılar olmaqla neçə-neçə gəncimizi “molotov kokteyli” hazırlamaq, yanğın, iğtişaş törətmək, narkotika və silah saxlamaq kimi absurd ittihamlarla suçlayaraq həbs edib. Kütləvi tədbirlər zamanı polislərin insanlara qarşı kobud rəftarı, gənclərin üstündən narkotik maddələrin “tapılması”, digər absurd ittihamlarla həbs olunması, həbs müddətində işgəncələrə məruz qalması halları geniş yayılıb.
Amma gənclərimiz hüquqlarını bilir, onları qorumaq və öz ideyalarını reallasdırmaq əzmindədirlər. Onlara istərdə daxildə, istərsə də xaricdə dəstək verən çoxsaylı demokratik təşkilatlar var. Əksər beynəlxalq təşkilat ictimai fəallığın yatırılması, siyasi opponentlərin sıradan çıxarılması məqsədilə saxta ittihamlar əsasında həyata keçirilən həbslərə son qoyulmasını tələb edir. Bu təqib və basqıları, total repressiyaları, həbsləri, gənclərin həbsi ətrafında aparılan şou xarakterli kampaniyaları pisləyirlər.
Hadisələrin gedişatı göstərir ki, bu cür təqib və təzyiqlərlə cəmiyyətdə günbəgün artan narazılıqların və bu narazılıqlar fonunda yüksələn etiraz dalğalarının yatırılması mümkün olmayacaq. Bu gün artıq Azərbaycan gəncliyi demokratiya və vətəndaş azadlıqları uğrunda mübarizənin önündədir. Onlar bu mübarizliyi üzləşdiyi haqsızlığa dözməyib ötən ilin sonunda özünü yandıran Qarabağ qazisinin ölümünə etiraz olaraq nümayişə çıxmaqla göstərdikləri kimi Məmməd Əmin Rəsulzadə məfkurəsinə sadiqliyini onun 130 illik yubileyini silsilə tədbirlərlə qeyd etməklə də sərgiləyirlər.
Aynur Məmmədova