“Kişilər bir olmur, atam balası…”
(Ramiz Rövşən)
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov uca millətimizi, sevgili xalqımızı təhqir edən sözlər deyib. Bəlkə videosunu internetdə izləmisiniz (televizorda görməniz mümkün deyil), qısa məzmunu belədir ki, Azərbaycanda bir kişi var, o da cənab prezidentdir. Hazırda sosial şəbəkələrdə bunu belə yozurlar ki, yerdə qalan azərbaycanlılar bəs hansı cinsə məxsusdur?
Əlbəttə, yanlış yozumdur. Elə həmin videoda jurnalist Mehman Hüseynov Abutalıbova etiraz edir, deyir bəs biz kişi deyilikmi, o anda qıraqdan kimsə, böyük ehtimalla el ağsaqqallarımızdan biri cavab verir ki, a bala, sən də kişisən, narahat olma, sadəcə, sən balaca kişisən. Məntiq var. Doğrudan da bir ölkədə yekə kişi bir nəfər olar.
Ardıyca YAP da buna münasibət bildirdi, dedilər gərək müxalifət tərbiyəsiz olmasın, Hacıbala müəllimin sözlərini pis yozmasın, o, cənab prezidentin respublikamızı xaricdə təmsil eləməsini nəzərdə tutmuşdur. Belə yerdə deyiblər, üzrü günahından betər… Xaricdə təmsilçiliyin söhbətə nə dəxli var? Elə bil iki azərbaycanlı Rostov bazarında qanlı-bıçaq səviyyəsində pozuluşur, keçirlər meşədə problemi həll eləməyə, bu zaman biri baxır zəifdir, dərhal ortaya söhbət salır: “Əşi, hamımız müsəlmanıq, gəl bu davanı eləməyək”.
Əslində bir publisist olaraq məni bu yöndə diskussiyalar o qədər narahat eləmir. Gender motivli ittihamlar, dartışmalar Azərbaycan tipli mağara düşüncəli toplumlarda təbiidir. “Kişi deyilikmi!?”, “Sən də bizim məhlədənsən”, “Özünü arvad kimi aparır”, “Kişi qızıdır” – bunları sivil dünyada eşitmək mümkün deyil. Təbii, mən camaata aşağılayıcı tonda baxanları da pisləyirəm, yeri gələndə bu xalqın “Aslanın erkəyi, dişisi olmaz” məsəli də var. Bu gender tarazlığı xalqımızda haçan pozulub, dinin rolu olubmu, bunlar çox mübahisəli məsələlərdir, isbatı imkansızdır, heç lazım da deyil. Məni düşündürən idarəçilik böhranıdır.
Siz diqqət edin, görün yapokratlar Bakı boyda şəhəri hansı səviyyəsizə tapşırıblar və sanki qəsdən illərdir onu dəyişdirmirlər. (Daha səviyyəsizini tapmadıqları üçünmü?) Bu adam canlı karikaturadır axı! İlk belə sərsəmləməsi də deyil, arxiv Abutalıbovun idiot açıqlamaları ilə dolub daşır. Ona sual verirdilər ki, Gül bayramına neçə milyon manat israf edilib, cavabı belə olurdu: “Sənin qəlbində şeytan var”. Soruşurdular filan küçənin təmirinə Bakının büdcəsindən nə qədər gedib, deyirdi: “Mənim cibimlə nə işiniz var?” Elə bil Andre Moruanın “Pyer Duş necə məşhurlaşdı” hekayəsinin qəhrəmanı olan rəssamdır. Yadınıza gəlirmi? Orda əcaib rəsmlər çəkən rəssam “Bu şəkil nəyi ifadə edir” sualına həmişə bir cavab verirdi: “Siz heç görmüsünüz çay necə axır?”
Bəli, Hacıbala müəllim sevgili xalqı ilk dəfə barmağına dolamır. Gah qəbiristanlıqda yatdığını söyləyirdi, gah çirkin rüşvətxor söhbəti yayılırdı. Saysız-hesabsız “quşlar” buraxıb. O quşlar da göydən Bakı sakinlərinin başına var-dövlət zılı yağdırırlar, maşallah…
Sözümün canı odur ki, siz Hacıbala əkədən Bakının keçmişi, indisi, gələcəyi haqda hansısa ciddi bir söhbət, müzakirə gözləyə bilməzsiniz. Onu o vəzifəyə heç o məqsədlə qoymayıblar da. Normal halda Bakıda paytaxt rəhbəri bələdiyyə seçkiləri yolu ilə tapılmalıdır. Guya istəsələr Məzahir müəllimin möhürü, Ramil müəllimin dəyənəyi, Ramiz müəllimin xeyir-duası ilə bu seçkini qayıra bilməzdilər? Ancaq fikir verirsinizsə, yapokratlar hətta bu saxta seçkini də azərbaycanlılara qıymırlar. Bu, Bakının xüsusi statusu ilə bağlıdır – ərazi ilə məzələnmək, nəyinsə qisasını almaq lazımdır.
Ancaq başqa şəhərlər də sevinməsin. Guya Sumqayıtın, Naxçıvanın, Şəkinin, Gəncənin, Şirvanın “raykom katibləri” çoxmu ağıllıdır?