Xalq artisti Flora Kərimova onun mahnılarını ifa edənlərə müraciət edib. “Mənim üçün yazılan mahnıların düzgün ifa edilməsini xahiş edirəm. Çünki tarixdə yanlış qalmasını istəmirəm. Sonra ürəyim ağrıyır.
Məclislərin birində Gülbahar Şükürlü mənim “Nə bəxtiyardıq” adlı mahnımı qarmonda ifa etdi. O qədər dəqiqliklə, o qədər gözəl ifa etdi ki, gözlərim yaşardı. Ürəyim əsdi, ötən günləri bir də xatırladım. O mahnı mənə həsr olunub. Rəhmətlik həyat yoldaşım İbrahim Topçubaşov bu mahnını mənim üçün yazmışdı. Bir gün Hüseyn Arifi qonaq çağırdıq. Ondan bu mövzuda şeir yazmasnı xahiş etdik. Mahnının aranjmanını da o vaxtı Oqtay Kazımi etmişdi.
Gülbahar xanım ifa edərkən həmin vaxtlar gəldi durdu gözümün önündə. Elə oradaca ona minnətdarlığımı bildirdim. Çünki mahnının bakirliyini qoruyub saxlaya bilmişdi. Bu mahnı mənim həyatımla bağlıdır. Şadam ki, İbrahim Topçubaşovun mənə olan hədiyyəsini belə gözəl ifa etdi”.
show.az