2013-cü il dekabrın 17-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında telefon danışığı iddia edilən bir lent yazısı internetdə yayılıb.
“Axar.az”ın Türkiyə mediasına istinadən xəbərinə görə, səs yazılarında Baş nazirin oğlu Bilal Ərdoğana saxladığı pulları təcili evdən çıxararaq, lazım olan iş adamlarına verməsinin vacib olduğu bildirilir. Səs yazısında Bilal Ərdoğana aid olduğu iddia edilən səsin son olaraq 30 milyon avro qaldığını və onu da aparacağını söylədiyi eşidilir. Səslər montajmı? Video internetə yüklənən kimi sosial mediada da müzakirələr başlayıb. Bir çox jurnalist bu səs yazısının montaj olduğunu bildirir. Şübhə yaradan başqa bir nüans isə mediaya sızdırılan səs yazısının polis qeydlərini yayması ilə məşhurlaşan “Haramzadələr” adlı bir internet ünvanından deyil, bilinməyən bir ünvandan Yutuba yüklənməsidir. Bundan əlavə, Ərdoğanın çox batıq səslə danışması və Bilal Ərdoğanın səsində yaranan qırıqlar, aralarda yaranan boşluqlar da səs yazısının montaj olması şübhələrini artırır.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, sosial şəbəkədə geniş yayılan bu lent yazısı ilə bağlı hökumət açıqlama verib.
«Baş nazirimiz cənab Rəcəb Tayyib Ərdoğan ilə oğlu arasında telefon danışığı olduğu iddia edilən, bu axşam internetdə yayılmış lent yazısı əxlaqsızca edilmiş bir montajdır. Bu lentin gerçəklik əlaqəsi yoxdur» – deyə, açıqlamada vurğulanıb.
Bəyanatda daha sonra bu çirkli oyunun quranların qanunlar daxilində məsuliyyətə cəlb ediləcəyi bildirilib