Modern.az saytı yeni layihəyə start verir – Kinomuzun “təsadüfi məşhurları”. Bu layihədə aktyor olmasa da, filmlərdə yer alan məşhur insanlar və onların oynadıqları rollar barəsindəki maraqlı xatirələrini təqdim edəcəyik.
Layihənin ilk filmi “Dəli Kür”, ilk qonağı isə “Ayna/Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlıdır.
1969-cu ildə lentə alınmış “Dəli Kür” filminin rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi isə eyniadlı romanın yazarı İsmayıl Şıxlıdır. Azərbaycan kino tarixində çox uğurlu filmlərdən hesab edilən “Dəli Kür” də qovğalardan uzaq olmayıb.
Filmin ilkin variantında Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa-olsun, bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəsir. Yadınızdadırsa, sonda Allahyar Cahandar ağanı öldürür, beləliklə də, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir.
Buna görə də kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da, kinoda onun obrazı yoxdur.
Layihəmizin qonağı Elçin Şıxlı isə filmdə çox kiçik bir epizodu oynayır. Jurnalistin atası İsmayıl Şıxlı filmin ssenari müəllifi idi və o vaxt 12 yaşı olan Elçin də səhnə çəkilişlərinin seyrçisi olur. Amma bir gün də seyrçi kimi pavilyonda olan balaca Elçin “mollaxanada əqrəb” hay-həşirinin çəkiliş zamanı mərhum rejissor H.Seyidzadə tərəfindən kütləvi qışqırıq səhnəsinə cəlb edilir.
Həmin səhnəni bir daha xatırlayaq: Molla Sadıq (Məlik Dadaşov) qəssab oğlunu hansısa taqsırına görə falaqqadan asdırır və ayaqlarını çubuqla vurdurur (Çubuğu köməkçisi vurur ki, həmin rolu da Məmməd Əlili oynayır). Bu zaman mərhum aktyor Ceyhun Mirzəyevin ifa etdiyi Osman obrazı mollaxanada yeni bir şuluq salır. Hamı bir ağızdan “əqrəb, əqrəb!” qışqıraraq oranı tərk edir. Aləm bir-birinə qarışır, çilçıraqdan asılan kim, küpənin içinə girən kim. Həmin epizodda divardan asılan rəfin içinə girərək “əqrəb!“ deyə qışqıran uşaq Elçin Şıxlıdır.
O səhnəni, ora çəkilməyin tarixçəsini və ümumiyyətlə film barədə maraqlı məqamları E.ŞIxlı bu cür xatırlayır:
“Məni ora dəvət etməmişdilər. Çünki atamın filmi idi və mən də bir çox epizodların çəkilişində iştirak etmişəm. Daha dəqiq desək, dublyajda və Qazaxda çəkilən natura səhnəsində iştirak etmişəm. Mollaxanadakı epizod isə “Azərbaycanfilm” kinostudiyasının pavilyonlarından birində çəkilib. Onda mən uşaq idim. Bizim filmdə çalışan bir qohumumuz var idi, onunla getdim həmin o epizodun, yəni mollaxanada əqrəb məsələsinin çəkildiyi yerə. Rəhmətlik Hüseyn Seyidzadə məni görən kimi dedi ki, “tez aparın o uşağı qrimləyin, çəkilişə hazırlayın, mən bu səhnədə onu da çəkəcəyəm”. Nə isə məni aparıb qrimlədilər, çəkilişə hazırladılar. Rəhmətlik Hüseyn Seyidzadə dedi ki, “hə Elçin, “motor “ deyiləndə hamı o yan-bu yana qaçaraq, qışqıracaq, onda sən də qaçıb hoppanarsan divardakı rəflərdən birinin üstünə və kamera sənə yaxınlaşanda “əqrəb, əqrəb!” deyib qışqırarsan”.
Mənim filmdə iştirakım bundan ibarət olub. Həmin səhnədə bildiyimiz kimi, bizim gözəl aktyor rəhmətlik Ceyhun Mirzəyev də yer almışdı. Amma bir faktı da deyim, bu sizə maraqlı olar. Həmin səhnədə yadınıza gəlirsə, lampa asılıb və hamı qaçanda bir uşaq hoppanıb həmin lampadan asılı qalır. Bax, həmin uşaq indinin məşhur şoumen və aktyoru Qorxmaz Əlilidir. Onun atası da Molla Sadığın köməkçisi rolunu oynayan balaca kişi idi. Yəqin yadınıza gəldi. Amma onu da deyim ki, bunun özü belə 12-13 yaşlı uşaq üçün çox maraqlı idi. Bir məqamı da deyim: səhnədə tüstü buraxan Zahid adında bir adam var idi. Ən çox o yadımda qalıb ki, tez-tez qışqırırdılar: “Zahid tüstü!” (gülür). Sizə maraqlı bir fakt da deyim. Bu mənim səhnə həyatımın qaranlıq məqamlarından biridir. Bu yaxınlarda rəhmətə gedən mərhum xalq artisti Firəngiz xanım Şərifova ilə də bir qısametrajlı filmə çəkilmişəm. Onda mənim 6 yaşım var idi. Kuba inqilabının rəhbəri haqqında film idi. Firəngiz xanım Kuba inqilabçısının həyat yoldaşını, mən isə kiçik oğlunu oynayırdıq. İndi bilmirəm o kadrlar harda qalıb. Çünki mənim 6 yaşım olanda təxminən 62-63-ci illər idi. Mənim “yaradıcılığım” bax beləcə altı yaşımda orada başladı, 12 yaşımda “Dəli Kür”lə bitdi (gülür). Amma sonradan atam haqqında çəkilən “Şıx ocağının işığı” adlı sənədli filmdə aparıcı kimi çıxış etmişəm”.