Afrikada yaşayan bir eloğlumuz var, əslən ağdamlıdır. İsmi-şərifi Elnur bəydir, soyadını yazmıram, bir dəfə yazmışdım incimişdi, deyir məni dilə-dişə salmısan, Azərbaycandan gündə bir dəstə adam gəlir ki, gedək begemot ovlayaq.
Çox koloritli insandır, vətənimizi şərəflə təmsil edir – afrikalılar üçün neft çıxardır. Əslində bir azərbaycanlı xaricdə iki işlə məşğul ola bilər, ya begemot ovuna çıxar, ya da neft çıxardar. Əlimizdən başqa bir faydalı məşğuliyyət gəlmir. Buna da şükür. Olmasa neyləyəcəkdik?
Elnur bəydən bir dənə də maraqlı əhvalat nəql eləyim, yadıma düşmüşkən. Demək, ötən illərdə bir dəfə bəy Bakıya qısamüddətli səfəri zamanı mənə masai qəbiləsinin ov nizəsini hədiyyə gətirmişdi. Təsəvvür elə, gerçək bir nizə idi, adam baxanda vahimə basırdı. Mən bəyə nizə uzunluqda minnətdarlığımı bildirdim, ancaq dərhal bunu apardım verdim Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, üstündə də başqa bir dostumuzun gətirdiyi buşmen zurnasını. Çünki biz yazar adamıq, bizim nizəmiz qələmdir. Bizim belə şeylərə ehtiyacımız yoxdur, üstəlik, sabah mən bu nizəni taxım kəmərə, çıxım şəhərə – hüquq-mühafizə orqanları nə deyərlər? Biz Afrikada yaşamırıq. Biz inkişaf eləmiş müsəlman şərq dövlətiyik, Asiya və Avropanın arasında qapıyıq, körpüyük! Avtobusda, metroda basabas olanda nizənin ucu kiminsə gözünə girsə heç düzgün olmazdı.
Ancaq nizə əhvalatını xatırlamağımın səbəbi onun qiyməti ilə bağlı idi. Bəy demişdi ki, bunu masai qəbiləsindən… 2 litr su əvəzinə alıbdır. Təsəvvür edirsinizmi, camaat orda, Afrikanın bəzi hissələrində o qədər suya həsrətdir ki, 1-2 litr su üçün ov silahlarını da verirlər. Fevralın əvvəlində Binəqədi rayonunda su xətləri donanda mən də təxminən masai qəbiləsinin vəziyyətində idim. Yəni təsəvvür eləməyimiz o qədər çətin deyil. Elə bu baxımdan da mən dostumuzu qınamışdım ki, gərək bir az çox su verəydi, 2 litr az olmuşdur. Dostum isə demişdi ki, imkanı ona çatıb, həmin vaxt əlinin altında yalnız 2 litr su var imiş.
Uzun sözün qısası, bəy bugünlərdə yenə məktub yazıb, bu dəfə isə qəzetimizi Afrikada oxumağın çətinliklərindən bəhs etmişdir. Bu özü əsasən Anqola, Tanzaniya, Çad kimi dövlətlərdə fırlanır, ancaq ildə bir-iki dəfə hansısa məqsəd üçün Cənubi Afrika Respublikasına (CAR) səfər eləməli olurmuş. Həmişə vətənimizlə maraqlanan, soykökünə bağlı, patriot insandır, Ali Baş Komandanın əmrini gözləyir, bu saat Efiopiya üzərindən Ermənistana girməyə lazım gəlsə gələn Novruz bayramında Cıdır düzündə hippopotam ovlamağa da gedəcəkdir! (Cümləni masai dilindən çevirmişəm, o üzdən bir az sirrli alındı).
Lap uzun sözün qısası, bəy yazır ki, mən haçan CAR-ın Keyptaun şəhərinə ayaq basıramsa burda sizin qəzeti oxuya bilmirəm. Deyir təcili bu problemə əncam çək, yoxsa Afrika ilə münasibətlərimiz pozulacaq.
Doğrusu, mən başa düşmədim bəy qəzetimizi hansı variantda oxuya bilmir. Kağız variantdan söhbət gedirsə, onu Bakıda da küçələrdən, metrodan yığışdırıblar, Keyptaunla fərqi yoxdur. Qabaqalr qəzet-kitab satanlar indi metroda oyuncaq nizə satır. Yox, əgər internet versiyasından, musavat.com-dan söz açıbsa, vallah, elə dünən mən özüm də Bakıda sayta min cür zülümlə girirdim, hökumətimiz tez-tez belə badalaqlar vurur, saytı dağıdır. Xüsusən peykimiz uçandan sayt da uçur.
Sözümün canı odur ki, mən Afrikada qəzet yayımı probleminə bir əncam çəkə bilmərəm, üzrlü sayın. Keçəl bir dərman bilsə öz başına yaxar. Həm də yanılmıramsa Keyptaunda bizim səfirlik var, müdiri də Elmar müəllimin köhnə gopçularından (mətbuat xidməti) biri olmalıdır. Nə dərdiniz varsa ona deyin. Qoy sizi Naxçıvanda çıxan “Şərq qapısı” qəzetinə abunə yazdırsın. Vallah, ən maraqlı qəzetdir. Masai Ali Məclisi sədrinin atalıq qayğısı sayəsində hər timsahdan ildə neçə litr süd sağılması, Ümid burnunun əslində kimin burnu şərəfinə belə adlanması, yazlıq palma əkinlərinin vəziyyəti və sairə belə vacib şeylər haqda məlumatlar olur.
Necə deyərlər, hakuna matata!