Aksiyanın qısa növü olan “flashmob” Azərbaycanda da inkişaf edir?
Xəbər verildiyi kimi martın 1-də Bakı metrolarında şalvarsız “flaşmob” keçiriləcək. Əvvəlcə qeyd edək ki, “flaşmob” etirazın, aksiyanı qısa formasıdır. İnsanlar fərqli formada etirazlarını bildirmək üçün “flaşmob”u seçir. Qısa zamanda – 5 dəqiqədən çox olmayan bir vaxtda ətrafdakı insanların diqqətini çəkmək gərəkir.
Azərbaycanda isə “flaşmob” üzrə ən çox tanınan qrup “Flashmob Azerbaijan”dır. Bu qrup 2009-cu il iyulun 25-də yaradılıb. Qrup sosial şəbəkədəki səhifəsində qeyd edir: “Maksimal dərəcədə maraqlı, tamamilə improvizə edilmiş, absurd və yüksək dərəcədə maraqlı oyunun iştirakçısı olmaq istərdinizmi? Əgər cavabınız bəllidirsə, Flashmob Azerbaijan qrupuna üzv olmanızı sizə təklif edirik. Bu qrupun üzvü olduqdan etibarən sizə şərəfli “MOBER” adını daşımağa həvalə ediləcək və həmvətənlilərinizin maraqsız həyatını rəngli etməyə imkanınız olacaq”.
“Flaşmob” – improvizə edilmiş, kollektiv bir oyun növüdür. Bu oyunun əsas məqsədi kimi ətrafdakıların absurd və qeyri adi hərəkətlərlə diqqətini cəlb etmək qoyulur. Lakin hərəkətlər qanunları və ictimai asayişi pozmamalıdırlar.
Bu qrupun yaradılmasında əsas məqsəd, kreativ ideyaların və ssenarilərin müzakirə edilməsi və həyata keçirilməsidir. Qrup əsasən şəhərin mərkəzində – “Torqovı”, “Bulvar”, Akademik Milli Dram Teatrının qarşısında “flaşmob”lar edir. Onlar müxtəlif yerlərdə dayanır və bir işarədən sonra hamısı təyin olunmuş yerə toplanır və istəklərini reallaşdırırlar. Qrupun ən yadda qalan “flaşmob”larından biri Qız Qalasının ətrafında olub. 50-dən çox üzv adıçəkilən yerə toplaşıb və bir andaca yerə yıxılaraq ölü vəziyyətini alıblar. Bir neçə dəqiqə bu vəziyyətdə qaldıqdan sonra ayağa qalxıb ətrafa yayılıb və ərazini tərk ediblər.
Adıçəkilən qrup “flaşmob”larını Youtube internet kanalında və sosial şəbəkələrdə paylaşırlar.
Publika.az