Bu mübahisənin hələ də davam etməsi çox qəribədir. Vaxtaşırı bu mövzuya yeni-yeni adamlar qoşulur və cidd-cəhdlə sübut etmək istəyirlər, hətta “edirlər” ki, 2005-ci ildə 20 saylı seçki dairəsində Adil Əliyev bütün rəqiblərinə, o cümlədən İsa Qəmbərə və Aslan İsmayılova qalib gəlib.
Bu gün 2014-cü ildir, 2005-ci ildən 9 il keçib, gələn il yeni parlament seçkiləri olacaq, amma o söhbət bitməyib.
Belə görünür ki, bu yersiz mübahisənin davam etməsini nəyə görəsə Adil Əliyev özü istəyir. Onun nəzarətində olan, bu və ya digər şəkildə himayəsini hiss edən saytlar sabiq polismeni milli-azadlıq hərəkatının üç liderindən biri olmuş, bir ay dövlətin birinci, bir il isə ikinci postunda çalışmış adamdan önə keçirirlər.
Bu, əlbəttə, onların öz seçimidir, kim hansı siyasətçinin yanında yer alır, komandasında çalışır, özü bilər. Müasir dövrdə insanlardan ədalət gözləmək və ummaq sadəlövhlükdür. Adama sərfəlidirsə, o, Günəşi də dana bilər.
Ancaq “9 il öncə 20 saylı dairədə kim qalib gəlmişdi” mübahisəsinə hazırda özü darda olan Qurban Məmmədovun da qoşulması tamamilə absurddur. Bir ildən artıqdır ki, jurnalistlər onun haqqının tapdanmasından yazır, ona qarşı ədalətsizliyə yol verildiyini bildirir, o özü isə ilk fürsətdəcə ədalətsizlərin səfində yer alır.
Söhbət Q.Məmmədovun hakimiyyət adamına qahmar çıxıb, hərəkat yoldaşını ayağa verməsindən getmir. Onsuz da bilənlər bilir ki, Q.Məmmədovun İsa Qəmbərə qarşı analoqu olmayan antipatiyasının azı 24 illik yaşı var. Bəzən bu antipatiyanın ifrata vardığı da olub və onun dilindən Müsavat başqanına qarşı beş batman balla yeyilməsi mümkün olmayan ifadələr səslənib. Bunlar heç.
Söhbət hətta 9 il öncə 20 saylı dairədə gerçəkdən də kimin qalib gəlməsindən də getmir. Çünki həqiqətin necə olmasından asılı olmayaraq, Adil Əliyev 9 ildir ki, cibində parlament üzvünün mandatını gəzdirir, deputat səlahiyyətlərindən, imtiyazlarından istifadə edir, media qrupu saxlayaraq özünü cəmiyyətə ciddi siyasətçi kimi təqdim edir. Bu da heç.
Söhbət bir vəkilin, haqq-ədalət mübarizinin hansı məzhəkəyə, qaravəlliyə seçki deməsindən, siyasi mənada tanımadığı, legitimliyini qəbul etmədiyi, daima söyüb-yamanladığı bir parlamentdə istisna halı yalnız rejimin qatı tərəfdarlarından birinə aid etməsindən gedir.
Deyə bilərlər, bəli, həqiqət hər şeydən üstündür, onun naminə məhkum poqonun müdafiəsində durur.
Bir tanınmış vəkil administrativ resurslardan (bələdiyyələrin, büdcə təşkilatlarının, icra hakimiyyətinin, güc strukturlarının əməkdaşlarının səfərbər olunması) sui-istifadə nəticəsində, “karusel” əməliyyatlarıyla, seçki məntəqəsindəki açıq zorakılıqlarla, protokolların yenidən tərtib olunmasıyla müşayiət olunan prosedura necə seçki deyə bilir?
Söhbət bundan gedir ki, bu ölkədə heç vaxt azad, qanuni, şəffaf seçki olmayıb. Elə Avropa İnsan Haqları Məhkəməsi də 20 saylı dairədə kimin qalib gəldiyi barədə İsa Qəmbərin lehinə qərar çıxaranda və Azərbaycan hakimiyyətini ona təzminat ödəməyə məcbur edəndə saxta protokolları yox, seçkiqabağı təbliğat kampaniyasından tutmuş səsvermə günü baş verən qanun, qayda pozuntularına qədər hər şeyi nəzərə alıb.
Hər evə “iki gənc – bir qız, bir oğlan” göndərməyə gəlincə, bunu çox adam edə bilər. Hətta elə adam olar ki, Adil Əliyev kimi gəncləri evlərə 5 dəfə yox, 10 dəfə göndərə bilər. Bu, deputat seçilmək üçün kifayətdirmi?
Budur, Adil Əliyev 9 ildir deputatdır, 9 il əvvələ nisbətən daha çox tanınır, daha imkanlıdır, yeri gəlsə, daha çox adama əl tutub, baxaq, görək, gələn il döşünə döyərək “mən özüm seçiləcəyəm, mənə YAP-ın köməyi lazım deyil” deyə bilərmi?
Hərçənd “9 il öncə öz gücümə seçilmişəm” ritorikasının davam etməsi bir qədər meydan oxuma kimi də görsənə bilər. Ancaq hamımız bilirik ki, əsas məsələ Superseçicinin masasının üstündə olan “seçilmiş namizədlər”in adının qarşısındakı “quş”la həll olunur. Bu “quş” Adil Əliyevin yox, başqa birinin adının qarşısında olsa, mandatı ona verəcəklər. Ondan sonra A.Əliyev istəyir, hər evə 4 gənc – iki oğlan, iki qız göndərsin, xeyri olmayacaq.
Sonda, türkün sözü, bir uyarı. Ey Adil Əliyev tərəfdarları, bu cür söhbətlərlə adamın gələnilki şansını puç edirsiniz. Ali sarayda döşünə döyənləri, “mən, mən” deyənləri sevmirlər, ara yerdə “quş”unuzu kəsəcəklər.