Rəsmi Moskvaya yönəlik “birja müharibəsi” nəticəsini verir və artıq rubl, iri şirkətlərin səhmləri sürətlə ucuzlaşmağa başlayır, ardınca da neftin ucuzlaşması gözlənilir; proses Azərbaycan iqtisadiyyatında da ciddi təlatümlər yarada bilər
Rusiyanın Ukraynaya hərbi müdaxilə haqda qərarından sonra bu ölkənin valyuta bazarında rublun dollar və avro qarşısında kursu dramatik şəkildə aşağı düşüb. APA-nın newsru.com xəbər portalına istinadən verdiyi məlumata görə, martın 3-də səhər Moskva birjasında 1 dollar 37 rubl, 1 avro isə 50,7 rubla yüksəlib.
Martın 1-də dolları 36,9 rubla, avronu 50,7 rubla satan “Sberbank” bir gün sonra – martın 2-də dolları 38,5 rubldan, avronu isə 53,5 rubldan satmağa başlayıb.
Valyuta bazarında sabitlik yaratmaq üçün Rusiyanın Mərkəzi Bankı xarici valyutaya olan tələbatı azaltmaq məqsədilə bazara külli miqdarda valyuta çıxarıb. İqtisadi təhlilçilər ilk saatlarda satışa çıxarılan xarici valyutanın həcminin bütün tarix boyu ən yüksək həddə olduğunu açıqlayıblar. Bunun nəticəsində lokal sabitlik yaratmaq mümkün olub. Mərkəzi Bankın həyata keçirdiyi valyuta intervensiyasının konkret həcmi açıqlanmayıb.
Martın 3-də yarım saat ərzində Rusiya fond birjasında MMVB indeksi 7, RTS indeksi 8, bir sıra iri şirkətlərin səhmlərinin qiyməti təxminən 10 faiz azalıb. Konkret olaraq nəhəng qaz ixracatçısı “Qazprom”un səhmlərinin dəyəri 11 faiz aşağı düşüb.
Artıq Rusiyadakı ticarət şəbəkələri təchizatçılardan qida məhsullarının topdansatış qiymətlərinin yüksəldiyi haqda xəbərdarlıq almağa başlayıblar. Yay aylarında şəkər və kartofun qiymətinin 10 faizdən çox yüksəlməsi proqnozlaşdırılır.
ABŞ prezidenti Barak Obamanın administrasiyasında isə Rusiyaya qarşı “iqtisadi hücum” planlaşdırılması barədə məlumatlar var. “The Daily Beast” analitik-informasiya saytı Amerika administrasiyasındakı adının çəkilməsini istəməyən mənbəyə istinadən xəbər verir ki, Rusiyanın yüksək vəzifəli siyasi və hərbi liderləri, iş adamları və Ukraynadakı rusdilli separatçılar sanksiyaya məruz qala bilər. Hazırda Ağ Evin, ABŞ Dövlət Departamentinin və Maliyyə Nazirliyinin ekspertləri Rusiyaya qarşı sanksiyaların hazırlanması ilə məşğuldur.
Bu həftə ABŞ Konqresi də prezident Obamaya Rusiyaya qarşı sanksiyaların tətbiqini təklif edəcək. Artıq senator Con Makkeyn “Maqnitsk Aktı”nın genişləndirilməsini təklif edib. Administrasiya sanksiyaların effektini yüksəltmək üçün atılacaq addımları Avropa Birliyi ilə razılaşdırmaq istəyir. 2008-ci ildə Gürcüstandakı böhrana ABŞ-ın reaksiyasını xatırladan amerikalı mənbə “Ukraynada biz yəqin ki, Gürcüstan məsələsində olduğundan daha irəli gedəcəyik” deyib.
2008-ci ilin avqustunda Rusiya qoşunlarının Gürcüstana hərbi təcavüzündən sonra qlobal maliyyə böhranı yaşandı və bundan ən çox Rusiya əziyyət çəkdi. Birjalarda səhmlərin dəyəri kəskin ucuzlaşdı, rubl sürətlə dəyərini itirdi. Ən başlıcası Rusiyanın əsas gəlir mənbəyi olan neftin qiyməti sürətlə ucuzlaşmağa başladı. İlin birinci yarısında bir bareli 147 dollara çatan neftin dəyəri ilin sonunda 33 dollara qədər endi. Rusiya iqtisadiyyatı çöküşün bir addımlığında idi. Rusiyalı ekspertlər qlobal böhranın ABŞ-ın Rusiyaya qarşı layihəsi olduğunu bildirirdilər. Hətta o vaxt rus mediasında “ABŞ Rusiyanı ürəyindən vurdu” kimi tezislər yer alırdı. ABŞ özünün nüfuz dairəsində olan Gürcüstana hərbi təcavüzünü Rusiyaya bağışlamadı. İndi təbii ki, ABŞ Gürcüstandan da daha əhəmiyyətli olan Ukrayna məsələsində geri çəkilməyəcək. Hadisələrin sonrakı gedişatını belə proqnozlaşdırmaq olar:
– Rusiyanı iqtisadi baxımdan zəiflətmək üçün neftin qiyməti ucuzlaşmağa başlayacaq, bu, Rusiyanın büdcə kəsirinin böyüməsi və valyuta ehtiyatlarının tükənməsinə təkan verəcək;
– Qərb investorları Rusiya bazarlarını müvəqqəti də olsa tərk edəcək, Rusiyada işsizlik və yoxsulluğun səviyyəsi kəskin artacaq;
– Rublun dəyərdən düşməsi əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək və sosial təlatümlərə gətirib çıxaracaq.
Bir sözlə, ABŞ Rusiya ilə səngərdə deyil, birjalarda döyüşmək qərarı verib. Rusiyanın zəif iqtisadiyyatı isə bu döyüşə qətiyyən hazır deyil. Sanksiyaların işə düşdüyü 3 günə artıq real təsirlərin olması da göstərir ki, Rusiya “birja müharibəsini” uduzacaq. Bu sanksiyalar Rusiya Ukraynadan əl çəkənə qədər davam edəcək.
“Birja müharibəsi”nin Azərbaycana da ciddi təsiri ola bilər. Əgər neftin kəskin ucuzlaşması baş versə, xam neftin satışı üzərində qurulan Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaşanacaq. Hazırda Azərbaycan nefti dünya bazarında 106-107 dollara satılır.
Büdcədə isə neftin baza qiyməti 100 dollardan götürülüb. Əgər neft 15-20 dollar ucuzlaşsa belə, bu, Azərbaycan iqtisadiyyatını silkələyəcək. Böyük büdcə kəsiri yaranacaq və dövlət layihələri dayandırılacaq. Özü də 2008-ci ildən də ağır bir situasiya yarana bilər. 2008-ci ildə neft hasilatı artan xətlə gedirdi və buna görə hökumət hasilatın artımı hesabına neftin ucuzlaşmasını ört-basdır edə bildi. İndi isə hasilat azalmağa doğru gedir və qiymətin ucuzlaşması iqtisadiyyata öldürücü təsir göstərə bilər. Ən başlıcası isə ABŞ-ın “birja müharibəsi” yeni qlobal maliyyə böhranına səbəb ola bilər. Yeni qlobal böhran isə iqtisadiyyatı geriləyən Azərbaycana yaxşı heç nə vəd etmir.